Müsavatdan prezidentin Rəsulzadə ilə bağlı sərəncamının icra olunmamasına reaksiya
Lakin M.Ə.Rəsulzadənin doğum gününə sayılı günlər qalmasına baxmayaraq hakimiyyətdən bu istiqamətdə hər hansı bir addım atılmır.
Ötən saylarımızda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin ölkə başçısının sərəncamına uyğun tədbir keçirilib-keçirilməməsi ilə bağlı fikirləri gedib. O bildirib ki, sərəncamda NK-ya yer ayrılması, maliyyə, təşkilati və s. məsələlərlə bağlı hansısa çətinlik olduğu halda, müvafiq qurumlara kömək edilməsi barəsində tapşırıq verilib. A.Əli daha sonra qeyd edib ki, hansısa tədbirin keçirilməsi, maliyyə ayrılması ilə bağlı heç bir məlumatı yoxdur.
“Prezident Məhəmməd Əmin Rəsulzadə ilə bağlı sərəncam versə də, onun icrası ilə bağlı hansısa tədbir görülmür. Konkret tədbir planı hələ hazırlanmayıb. Bu haqda heç bir məlumat yoxdur”. Bunu modern.az saytına açıqlamasında tarixçi alim, M.Ə.Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu bildirib.
Rəsulzadənin yubileyinə hakimiyyətin biganə qalması ilə bağlı Müsavat rəhbərliyi də reaksiya verib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ölkə başçısının M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncama əməl olunmamasının gözlənilən olduğunu dedi: “Azərbaycan hakimiyyətinin Azərbaycan Demokratik Cümhuriyyətinin tarixinə və Məhəmməd Əmin Rəsulzadəyə münasibəti Azərbaycan cəmiyyətinə məlumdur. Sadəcə, cəmiyyətdə Rəsulzadənin, onun silahdaşlarının Azərbaycan Demokratik Cümhuriyyətinin yüksək nüfuzunu nəzərə alaraq İlham Əliyev belə bir sərəncam imzalayıb. Təbii ki, əvvəlcədən hansısa çox ciddi tədbirlərin keçiriləcəyini gözləmirdik, amma düşünürəm ki, hələ gec deyil. Bütün il ərzində Rəsulzadənin 130 illiyi ilə əlaqədar tədbirlər keçirmək mümkündür. O ki qaldı Müsavat Partiyasına, gələn həftədən başlayaraq Rəsulzadənin yubileyinin qeyd olunması ilə əlaqədar müxtəlif tədbirlər keçirmək niyyətindəyik. Müsavat Partiyası Gənclər Təşkilatı, Qadınlar Təşkilatı ayrılıqda tədbirlər hazırlayır. Bunlar hamısı dəyirmi masa və yığıncaqlar şəklində həyata keçiriləcək. Eyni zamanda Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar böyük bir tədbir keçirilməsini, hətta mümkün olarsa mitinq keçirilməsini planlaşdırırıq”.
A.Hacılı Zaqatalada da M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı tədbir keçirmək planlarının olduğunu dedi: “Zaqatala rayonunda Rəsulzadənin heykəli var. Həmin heykəl qarşısında da bir tədbir keçirilməsi ilə bağlı müzakirələr aparırıq. Bütövlükdə 2014-cü il ərzində Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqədar müxtəlif səpkili tədbirlər, toplantılar keçirmək, öndərin şəxsiyyəti, onun ideoloji, siyasi mahiyyəti, müsavatçılıq ideologiyası haqqında Azərbaycan cəmiyyətini məlumatlandırmaq işini daha da artırmaq niyyətindəyikdir”.
“Müsavat Partiyası M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini hansı formatda ziyarət edəcək” sualına isə Arif Hacılı belə cavab verdi: “Rəsulzadə, onun irsi Azərbaycan üçün ümummilli dəyərdir, təbii ki, Müsavat Partiyası həm öz strukturları vasitəsilə bu ziyarəti həyata keçirəcək. Amma Rəsulzadəni, onun ideyasını, xüsusilə də onun özünü lider kimi qəbul edən siyasi qüvvələr, ziyalılar var. Bu şəxslərin də bu tədbirlərdə iştirakı istisna deyil”.
Nərgiz YAQUBLU






