İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatçı gənclər sabah azadlığa çıxacaqlar

1033 01.02.2014 15:04 Gündəm A A

Yanvarın 26-da Müsavat Partiyası Ağcabədi rayon təşkilatının keçirdiyi “Bahalaşmaya son qoyulsun!” etiraz aksiyasında həbs olunan müsavatçı gənc fəalların - Rüfət və Cavid Hacıbəyli qardaşlarının, Bəxtiyar Türksoyun həbsindən 6 gün ötdü. Bugün gənc fəalların yaxınları onlarla görüşüblər.

Rüfət və Cavid Hacıbəyli qardaşlarının atası İbrahim Hacıbəyli gənclərin şikayətlərinin olmadığını bildirib: “Bu gün uşaqlarla görüşdüm. Səhhətləri normaldır. Heç nədən şikayətlənmirlər. Dünən M.Ə.Rəsulzadənin yubleyini həbsxanada Azərbaycan və Müsavat himnini oxumaqla qeyd ediblər. Sabah saat 11-00-da azadlığa çıxacaqlar. Onlarla maraqlanan, dəstək olan hər kəsə salamları var. Xüsusilə, onları daim gündəmdə saxladıqlarına görə, başda qəzetin Baş redaktoru Rauf Arifoğlu olmaqla, "Yeni Müsavat”ın kollektivinə öz təşəkkürlərini və salamlarını çatdırmağımı xahiş etdilər".

Müsavat Partiyası Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli sabah azadlığa çıxacaq gənc fəalların qarşılanması üçün ciddi hazırlaşdıqlarını bildirib: ”İbrahim bəylə birlikdə, həbsdəki gənclərimizlə görüşdük. Hər şey normaldır. Sabah saat 11-00-də onları qarşılamaq üçün indidən hazırlaşırıq. Məqsədimiz başda Ağcabədi rayon icra hakimi Şahin Məmmədov olmaqla, gənclərimizi qanunsuz olaraq, həbs etdirən insanlara birliyimizi bir daha nümayiş etdirməkdir. Qoy görsünlər ki, həbslər bizi qorxutmur. Əksinə, gücləndirir. Biz icra hakimi Şahin Məmmədov etdiyi əməllərə görə, həbsxanaya girməyənə qədər, mübarizəmizdən geri çəkilməyəcəyik. Apellyasiya şikayətlərini vermişik. Baxılacağı günü gözləyirik”.

Xatırladaq ki, yanvarın 26-da bahalaşma ilə bağlı keçirilən etiraz aksiyasında saxlanılan Rüfət və Cavid Hacıbəyli qardaşları, Bəxtiyar Türksoy ayın 27-də Ağcabədi rayon məhkəməsinin qərarı ilə 7 sutkalıq inzibati həbs cəzası almışdılar.

Rüfət Hacıbəyli Müsavat  Partiyası başqanının Gənclərlə iş üzrə müşaviri, keçmiş vicdan məhbusudur. 

Cavanşir Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR