Müsavat yeni seçki bloku yaradılması prosesində iştirak etmir
Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzindəki 11 partiyadan bir qrupunun seçki bloku yaratmaq istiqamətində addımları Mərkəzin daxilində fikir ayrılıqlarını ortaya çıxarıb. Mərkəzin üzvü olan AXP-nin sədri Pənah Hüseynin 6 partiyanın seçki bloku yaratmaq barədə qərarı olduğu barədə Azadlıq Partiyasının sədri Əhməd Orucu təkzib etməsi, ADP sədri Sərdar Cəlaloğlunun blok yaratmaq istəyənləri tənqid etməsinin ardınca Müsavat Partiyasından da təkzib xarakterli açıqlama gəlib.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, bəzi siyasi partiyalar parlament seçkiləri ilə bağlı blok yaratmaq istiqamətində müzakirələri Demokratiya və İnsan Haqları Mərkəzində mövcud olan funksional əməkdaşlıq çərçivəsindən kənarda aparır. Bu prosesin Demokratiya və İnsan Haqları Mərkəzində olan mövcud əməkdaşlıq münasibətlərinə heç bir aidiyyəti yoxdur və Müsavat bu prosesdə iştirak etmir: “Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində funksional əməkdaşlıq konkret olaraq siyasi məhbuslar və müəyyən demokratik islahatların aparılması ilə əlaqədardır. Bu Mərkəzə daxil olan siyasi partiyalar arasında müttəfiqlik münasibətləri yox, yalnız funksional əməkdaşlıq münasibətləri mövcuddur. Hazırda həmin Mərkəzə daxil olan bəzi partiyalar arasında seçki blokunun yaradılması ilə bağlı gedən prosesin həmin əməkdaşlıq məsələlərinə heç bir aidiyyəti yoxdur və Müsavat Partiyası bu prosesdə iştirak etmir”.
A.Hacılının sözlərinə görə, hazırda partiya tərəfindən ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində və digər sahələrdə islahatların aparılması istiqamətində siyasi təşkilatlarla funksional əməkdaşlıq perspektivləri haqda müzakirələr aparılır. Müsavatın hər hansı siyasi təşkilatlarla seçki bloku yaratması məsələsi müzakirə olunmur: “Biz yalnız seçkilər yaxınlaşdıqca real siyasi qüvvələrlə seçki blokunun yaradılmasına səy göstərmək niyyətindəyik. Əgər bu niyyətimiz baş tutmasa, partiya seçkidə təkbaşına iştirak edəcək”.
Əlavə edək ki, Müsavatın Məclis üzvlərindən bəziləri də partiyanın seçkilərdə təkbaşına, özünün siyahısı ilə iştirak etməsinin tərəfdarı kimi çıxış edirlər.
E.SEYİDAĞA






