Müsavat seçki pozuntuları barədə məlumat yaydı - YENİLƏNİB
Müsavat Partiyası bələdiyyə seçkiləriylə bağlı məlumat yayıb.
Həmin məlimatı diqqətinizə təqdim edirik:
Yasamal rayonu ərazisindəki 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində foto-video müşahidə aparan jurnalistlər məntəqə seçki komissiyasının üzvləri tərəfindən kobudluqla seçki məntəqəsindən uzaqlaşdırılıblar.
*****
9 saylı Binəqədi ikinci seçki dairəsinin 13 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, seçki qutularına topa bülletenlər atılır. Saat 12.00-dək artıq 250 nəfərin səs verdiyi rəsmiləşdirilib. Faktiki iştirak isə 37 nəfərdir.
*****
9 saylı Binəqədi ikinci seçki dairəsinin 14 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, müşahidəçilərin seçkini müşahidə etməsinə imkan verilmir.
*****
9 saylı Binəqədi ikinci seçki dairəsinin 16 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Elman Fəttahın verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri “Yeni Müsavat” qəzetinin müxbiri Cavanşir Abbaslını və bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanı seçkini müşahidə hüquqları olmadığı əsası ilə seçki məntəqəsində kənarlaşdırıb.
*****
47 saylı Mingəçevir seçki dairəsinin 1, 2, 4, 5, 7 və 8 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, seçicilərə məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan topa bülletenlər verilir və onlardan bu bülletenləri seçki qutularına salınması tələb olunur. Seçicilər də bu işi həyata keçirirlər. Məntəqə seçki komissiyasının sədrinə bu barədə edilən xəbərdarlığa heç bir əhəmiyyət verilmir.
*****
47 saylı Mingəçevir seçki dairəsinin 21 saylı seçki məntəqələrindən Nurəddin Rüstəmlinin verdiyi məlumata görə, Mingəçevir şəhərində fəaliyyət göstərən bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olub-olmamalarından asılı olmayaraq məhz bu məntəqədə səs verməyə məcbur edilir. Nəticədə Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulur.
*****
66 saylı Biləsuvar seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Ələddin Ələsgərlinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasına toplu şəkildə şəxsiyyət vəsiqəsi gətirilərək, həmin vəsiqələrə uyğun olaraq seçici siyahılarında qeydlər edilir, imzalar atılır və məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan seçki bülletenləri hamının gözü qarşısında seçki qutularına salınır.
*****
71 saylı Masallı kənd seçki dairəsinin 32 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Kərim Kərimlinin verdiyi məlumata görə, müşahidəçilərə seçkini müşahidə etmək imkanı verilmir. Seçicilərə seçki bülletenlərinin küncü kəsilmədən verilir.
*****
108 saylı Ağstafa seçki dairəsinin 2, 3 və 4 saylı seçki məntəqələrindən Pərviz Mahmudovun verdiyi məlumata görə, müşahidə aparılan bu seçki məntəqələrində seçicilərin aktivlik faizi çox aşağı olduğundan məntəqə seçki komissiyasının üzvləri tərəfindən doldurulan seçki bülletenləri topa şəklində seçki qutularına salınır. Məntəqə seçki komissiyalarının sədrlərinə bu halın saxtakarlıq olduğu haqqında bilgi verilsə də, onlar bu pozuntuların qarşısını almaq üçün heç bir tədbir görmürlər.
*****
9 saylı Binəqədi ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, seçki məntəqəsində seçicilər açıq şəkildə eyni kabinədə 2-3 nəfər olmaqla səs verirlər. Məntəqə seçki komissiyasının sədri Elmar Həşimov baş verən qanun pozuntularını müşahidə edən namizədin səlahiyyətli nümayəndəsi Elşən Həsənovu təhqir edərək, “Sizin adlarınızı yuxarı orqanlara göndərəcəyəm”, deyə hədələyib.
*****
9 saylı Binəqədi ikinci seçki dairəsinin 2 saylı seçki məntəqəsindən bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanın verdiyi məlumata görə, seçki məntəqəsinin yaxınlığındakı tib məntəqəsinin 10 nəfərə yaxın işçisi “karusel” əməliyyatı üçün seçki məntəqəsinin içərisində növbəti seçki məntəqəsinə gedişlərini gözləyirlər.
*****
108 saylı Ağstafa seçki dairəsindən bələddiyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, DSK-nın əksər seçki məntəqələrində seçki bülletenləri sayılmadan səsvermə prosesi elan olunub.
*****
108 saylı Ağstafa seçki dairəsinin 4 saylı seçki məntəqəsindən bələddiyə üzvlüyünə namizəd Araz Dəlqinin verdiyi məlumata görə, məntəqə seçki komissiyasının üzvləri tərəfindən qutuya topa şəklində seçki bülletenləri atırlar. Pozuntunun qarşını almaq mümkün deyil.






