İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Qadınlar Təşkilatı Kəmalə Bənəniyarlı ilə bağlı bəyanat verib

2665 11.05.2014 13:43 Ölkə A A

Mayın 6-sında NİDA-çılara oxunan hökmə etiraz etdiklərinə görə saxlanılan fəallardan AXCP üzvü Kəmalə Bənəniyarlının işgəncələrə məruz qalması və nəticədə səhhətinin pisləşməsi barədə xəbər vermişdik. Cəbhəçi xanıma ölkəmizin siyasi qüvvələrinin verdiyi dəstəyin ardı-arası kəsilmir.

Müsavat Qadınlar Təşkilatı Kəmalə Bənəniyarlının həbs olunması və polis zorakılığına məruz qalması ilə bağlı bəyanat verib. Bu barədə musavat.com-a Qadınlar Təşkilatının sədri Ellada Məmmədli məlumat verib.

Onun sözlərinə görə, qadına əl qaldırmaq heç bir kişiyə baş ucalığı gətirmir: “10 may 2014-cü ildə keçirilmiş Şura iclasımızda bu barədə qərar qəbul etmişik. Birmənalı olaraq Kəmalə xanıma qarşı olan zorakılıqları pisləyirik. İşgəncə verənlərin məsuliyyətə cəlb olunmasını və Kəmalənin tezliklə azadlığa buraxılmasını tələb edirik. İstər gənclər, istərsə də, Kəmalə xanım haqlı olaraq etiraz etmişlər. NİDA-çı gənclərə qarşı oxunan  saxta hökmə etiraz etmək hər kəsin haqqıdır. Məhkəmənin önünə toplaşanlar ədalətsizliyə dinc yolla etiraz etmişlər. Ölkəmizdə qadın simvolu deyəndə, ilk növbədə, vətən yada düşür. Qadına əl qaldırmaq, onu döymək, ləyaqətini alçaltmaq heç bir kişiyə baş ucalığı gətirmir”.

Müsavat Qadınlar Təşkilatının verdiyi bəyanatı təqdim edirik: “6 may 2014-cü il tarixində NİDA-çılara oxunan hökmə dinc yolla öz etirazını bildirən AXCP üzvü Kəmalə Bənəniyarlı həbs edilmişdir. Ona Nəsimi Rayon Məhkəməsinin qərarı ilə qanunsuz olaraq, 30 sutka inzibati həbs cəzası verilmişdir. Polis idarəsində Kəmalə Bənəniyarlıya qarşı fiziki güc tətbiq edilmiş, heç bir qanuna sığmayan, qadın ləyaqətini aşağılayan işgəncələr verilmişdir. Polis idarəsində başından ağır zərbələr almış Kəmalə Bənəniyarlının səhhətində ciddi fəsadlar baş qaldırıb. Bu hal ölkədə bir daha insan hüquq və azadlığının qorunmaması və təmin edilməməsinin bariz sübutudur. Öz konstitusion hüququndan istifadə edən Azərbaycan qadınına qarşı sərgilənən bu davranış iqtidar məmurlarının iç üzünü açaraq, onların simasızlığını bir daha ortaya qoydu. Müsavat Qadınlar Təşkilatı olaraq, siyasi fəala verilmiş işgəncələri pisləyir, hakimiyyətdən dərhal Kəmalə Bənəniyarlını azad etməyi tələb edirik”.

Cavanşir ABBASLI, musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR