Müsavat Qadınlar Birliyinin yeni sədri “Yeni Müsavat”a danışdı
İyulun 19-da Müsavat Partiyası Qadınlar Birliyinin IV növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda Alya Yaqublu Müsavatçı Qadınlar Birliyinin sədri seçilib. Təşkilatın sərbəst Şura və NTK üzvləri də həmçinin seçilib.
Qadınlar Birliyi seçkili orqanlarını formalaşdıraraq, öz fəaliyyətini bərpa edib. O, Müsavat Partiyasının Divan üzvüdür. Sədr seçiləndən sonra A.Yaqublu musavat.com-un suallarını cavablandırıb:
- Uzun müddətdən sonra Müsavat Qadınlar Birliyi fəaliyyətini bərpa edib. Durğunluq dövrünü yaşayan təşkilatda problemlərin öhdəsindən gəlmək üçün hansı planlarınız var?
- Müsavatçı Qadınlar Birliyində bu gün heç bir problem yoxdur. Ötən ayın sonlarında partiyanın Divanı birliyin seçkili orqanlarının yenidən formalaşdırılması haqqında qərar vermişdi və dünən bu qərar icra olundu.
- Seçkinin alternativsiz keçirilməsi müzakirə edilir. Alternativinizin olmamasına səbəb nə idi?
- Seçkidə iştirak üçün birdən artıq namizəd olmayanda seçkini alternativsiz keçirmək durumu yaranır.
- Nə zaman müsavatçı qadınlara sədr olmanız məsələsi gündəmə gəldi? Öz fikriniz idi?
- Müsavatçı Qadınlar Birliyinə sədr olmaq təklifi birliyin üzvlərindən gəldi və mən də razılıq verdim.
- Sizin sədr seçilməyinizlə Müsavat Qadınlar Birliyinin də artıq Müsavat başqanının komandasının əlinə keçdiyi bildirilir. Buna əks arqumentiniz varmı?
- Bəyəm Qadınlar Birliyi hərbi postdur ki, kiminsə əlinə keçsin? Müsavat başqanının komandası bütün müsavatçılardan ibarətdir.
- Müsavat Qadınlar Birliyinin parlament seçkiləri ilə bağlı planları nədir?
- Müsavat Qadınlar Birliyi partiya daxilində qurum olduğu üçün seçkilərlə bağlı partiyanın planlarını icra etməklə məşğul olacaq.
- Parlament seçkilərində özünüz namizədliyinizi verəcəksinizmi?
- Yox, seçkilərdə iştirak etmək fikrim yoxdur.
Röya RƏFİYEVA






