İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat Partiyasının Məclis sədri partiyadan çıxarılanları “oyuncaq” adlandırdı

1123 15.05.2015 16:32 Son xəbər A A
Bu həftə Müsavat Partiyası daxilində gedən proseslər mətbuatın gündəmindən  düşmədi. Həftənin ilk günü partiya qarşısında aksiya keçirən şəxslərin işi müzakirə olundu və Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın digər üzvləri Rahib Mirələmov və Əli Qasımlı partiyadan çıxarıldı. Bunun ardından partiya üzvlərindən bir neçəsi “siyasi məhbuslara azadlıq” tələbi  ilə aclıq aksiyasına başladı. Partiyanın iqtidar-müxalifət dialoqundan iştirakdan imtina etmək qərarı da diqqət çəkən məqamlardan biri oldu. 
Müsavat Partiyası daxilində baş verənlərə və partiyanın ölkənin gündəmində olan məsələlərə, Avropa Oyunlarına və parlament seçkiləri ilə bağlı prosesə münasibətini  öyrənmək üçün Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı ilə əlaqə saxladıq. 
Məclis sədri partiyadan çıxarılanlar məsələsinə toxunaraq onları başqalarının əlində oyuncağa çevrilən, sifarişlə iş görən şəxslər adlandırdı: “Partiya üzvlərinin çıxarılması ilə bağlı onu qeyd etməliyəm ki, Müsavat qanunlarla idarə olunan demokratik bir təşkilatdır. Əgər partiyanın nizamnaməsinin tələbləri pozulursa, qanunlara itaətsizlik olursa təbii ki, hər kəs öz cəzasını almalıdır. Bu şəxslərin nə üçün cəzalandırılması konkret maddələrlə əsaslandırılır. Bu mənada təbii ki, partiyanın gücünü saxlamaq üçün pozuculuq işləri aparan insanlar partiyadan qovulmalıdır”. 

N. Sadıxlı bildirdi ki, özünü dırnaqarası müsavatçı hesab edən insanlar partiya qarşısında aksiya keçirdilər və bununla özlərini ifşa etmiş oldular: “Hesab edirəm ki, bu insanlar həmin aksiyanı siyasi dustaqlarına azad olunması tələbi ilə, ölkədəki ictimai-siyasi vəziyyətin düzəlməsi ilə əlaqədar keçirsəydirlər daha yaxşı olardı. Mən ona təəccüblənirəm ki, illərlə partiyanın qapısını belə açmayan, Müsavat qərargahında heç vaxt görünməyən insanlar indi birdən –birə təmtəraqlı istefalar verib partiyadan getdikləriniaçıqlayırlar. Bu bir daha onu göstərir ki, həmin insanlar kimlərinsə əlində oyuncaqdırlar. Mən Müsavatın qərargahı qarşısında piket keçirən şəxsləri də başqasının əlində oyuncağa çevrilmiş hesab edirəm. Görünür onlar kiminsə sifarişi ilə, kiminsə istəyi ilə bunu etdilər. Mən buna çox təəssüflənirəm. Özünü müsavatçı adlandıran şəxs bunu etməməli idi”. 

Nüşabə Sadıxlı partiyanın bu situasiyadan da üzüağ çıxacağına inandığını vurğuladı: “Müsavat Partiyası zaman-zaman bundan da çətin sınaqlardan çıxıb. Bu  çox qədim bir ənənəsi olan yüzillik bir siyasi partiyadır. Zaman-zaman Müsavat Partiyasını siyasi arenadan silmək istəyən qurumlar, siyasi partiyalar, dövlət nümayəndələri olub. Ancaq onların heç birinin buna gücü çatmayıb. Çünki, bu partiya xalqın ürəyindədir, onu siyasi səhnədən silmək mümkün deyil. Düşünürəm ki, Müsavat Partiyası ilə bağlı yaşanan gərginlik tezliklə səngiyəcək və biz bu olaydan da güclü bir şəkildə çıxacağıq”. 
Partiyanın iqtidar –müxalifət görüşünə qatılmamasından danışan Məclis sədri bu dialoqdan ümidverici heç nə gözləmədiyini bildirdi: “Çünki, bu görüşdən öncə müxalifətin bəzi arzuları var idi ki, siyasi dustaqlar azad olunsun, ölkədə ictimai-siyasi durum normallaşsın. Bu şərtlər yerinə yetirilmədiyi üçün mən düşünürəm ki, iqtidar-müxalifət görüşü sadə görüntü xarakteri daşıyır. Mən bunun hansısa ciddi nəticə verəcəyini gözləmirəm”. 

N. Sadıxlı partiyanın siyasi məhbuslara azadlıq tələb etdiyini və bunun üçün qərargahda aclıq aksiyasıkeçirildiyini də vurğuladı: “Aclıq aksiyası siyasi məhbusların həbsdə saxlanılmasına etirazın birformasıdır. Biz çox istəyirik ki, siyasi məhbuslar azad olunsun. Xüsusilə özünü dünyaya demokratik dövlət kimi təqdim etmək istəyən ölkədə siyasi dustaqlar olmamalıdır. Bu insanlar tam haqsız olaraq həbs olunublar. Bu aksiya onların azad olunması tələbi ilə keçirilir və dünyanın diqqətini siyasi məhbuslar məsələsinə cəlb etməyə yönəlib”. 

Partiyanın Avropa Oyunlarını baykot etmək qərarını dəstəklədiyini deyən Məclis sədri Azərbaycanın hazırki durumunda, iqtisadi-siyasi çətinliklərin yaşanması fonundabu yarışlarınkeçirilməsiniməqsədəuyğun hesab etmədiyini bildirdi. 

Sonda Nüşabə Sadıxlı Müsavat Partiyasında parlament seçkiləri bağlı aparılan hazırlıq işləri ilə bağlı sualımızı da cavablandıraraq bildirdi ki, hazırda namizədlər dəyərləndirilir və Məclisin iyunda keçiriləcək iclasından yekun qərar qəbul ediləcək: “Müsavat Məclisi parlament seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib. Biz bölgələrdə seçkilərdə namizəd olacaq insanlarla da görüşlər keçiririk ki, kimlər hansı bölgədən namizəd olacaq. Partiyada demək olar ki, Azərbaycanın bütün bölgələrində kifayət qədər namizəd ola biləcək ləyaqətli insanlar var və Müsavat Partiyası bu seçkilərdə də lazımi nəticəni əldə edəcək. Namizədlərin siyahısına gəlincə, hazırda bunu dəqiq demək mümkün deyil. Çünki, namizədlər Məclisdə təsdiq olunmalıdırlar. Məclis iyun ayında olacaq. Bu haqda Müsavat Divanında qərar qəbul olunmalıdır.  Bundan əlavə, Müsavat Partiyası seçki komissiyalarının paritet əsaslarla müəyyənləşməsinitəklif edir. Əgər biz buna nail olsaq və seçki komissiyalarında müxalifət də təmsil olunsa, təbii ki, nəticə gözləmək olar. Ancaq bu baş tutmasa nəticə əldə etmək çətin olacaq. Biz çalışacağıq ki, parlament seçkilərin qədər bu məsələni həll edək”. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR