Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın divanı xalq artisti Səyavuş Aslanın vəfatı ilə əlaqədar başsağlı verib. Başsağlığında deyilir:
“Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Xalq artisti, istedadlı gülüş ustası Səyavuş Aslan vəfat edib.
Səyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb, sonra bir müddət musiqili komediya estrada truppasında və Quba Dövlət Dram Teatrında işləyib. O uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub, bir müddət həmin teatrın bədii rəhbəri işləyib. 1984-cü ildən isə Akademik Milli Dram Teatrının aktyoru olub.
Səyavuş Aslan teatrla yanaşı televiziya tamaşaları və kinoda da səmərəli fəaliyyət göstərib və çoxsaylı rollara çəkilib. Onun istər teatrda, istərsə də kinoda yaratdığı zəngin və rəngarəng obrazlar tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanıb və Azərbaycan aktyorluq sənətinin inkişafına güclü təkan verib.
Biz bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına, sənət dostlarına və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Onun əziz xatirəsi heç vaxt qəlbimizdən silinməyəcək.
Allah rəhmət eləsin!”






