Müsavat BŞİH-in aksiya ilə bağlı cavabına dair bəyanat yaydı
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın 19 aprelə təyin etdiyi yürüşə razılıq verməməsi ilə bağlı bəyanat yayıb.
Musavat.com-a daxil olan bəyanatda deyilir:
“Müsavat Partiyası Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Qanunu"na uyğun olaraq 19 aprel 2015-ci il tarixdə saat 16.00-dan 18.00-dək Bakı şəhəri Yasamal rayonunun ərazisindəki metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı meydandan başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin (keçmiş “Məhsul” stadionu) stadionuna qədər hərəkət etməklə və Qətnamənin oxunması ilə yekunlaşacaq yürüş keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Aprel ayının 14-də Müsavat Partiyasının Divan üzvü, Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanlı partiyanın 19 aprelə təyin etdiyi yürüşlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə dəvət edilib.
BŞİH-in aparatının rəhbəri Rasim Quliyev, şöbə müdiri Zaur Ramazanovun iştirakı ilə keçirilən görüşdə hakimiyət nümayəndələləri tərəfindən 19 aprel tarixinə təyin edilmiş yürüşə razılıq verilməsinin mümkün olmadığını bildirib. Səbəb kimi həmin ərazidə təmir-tikinti işlərinin gedişi və nəqliyyatın hərəkətinin intensivliyi göstərilib. Partiya adından alternativ olaraq metronun “Azadlıq prospekti” stansiyasının yanından başlayaraq “Dərnəgül” metro stansiyasının qarşısındakı meydana qədər olan marşrut üzrə yürüşün keçirilməsi təklifinin də məqbul hesab edilmədiyi,ümumiyyətlə yürüşlərin keçirilməsinin məqsədəuğun olmadığı bildirilib.
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində deyilir:
Maddə 49.II."Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc,silahsız,yığışmaq,yığıncaqlar,mitinqlər,nümayişlər,KÜÇƏ YÜRÜŞLƏRİ keçirmək,piketlər düzəltmək hüququ vardır." Həmin hüquqlar daha geniş anlamda “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Qanunu"nda da nəzərdə tutulur.
Qeyd edilənləri nəzərə alaraq Müsavat partiyası BŞİH-nin küçə yürüşlərinin keçirilməsini məqbul hesab etməmək barədə mövqeyini Konstitusiya və qanunların kobud pozuntusu kimi qiymətləndirir. Vətəndaşların fundamental hüquqlarına qarşı yol verilən bu pozuntunun aradan qaldılmasını,Aprel ayının 19-a planlaşdırılan yürüşün keçirilməsinə rəsmən razılıq verilməsini tələb edir”.






