- Sizin Məclisdəki son çıxışınız, xüsusilə də xarici maraqlara işləyənlərlə bağlı dedikləriniz müxalifət düşərgəsində, hətta hakimiyyətdə kifayət qədər reaksiyalar doğurdu. Bu reaksiyalar nə dərəcədə sizin üçün gözlənilməz oldu?
- Təbii ki, reaksiyalar maraqlıdır. Gözlənilməz reaksiya qarşıma çıxmadı.
- Fikirlərinizi təqdir edənlər də, irad bildirənlər də var. İradlardan biri belədir ki, niyə konkret ad çəkməmisiniz. Doğrudan da bəlkə kodu açasınız, konkretləşdirəsiniz?
- Hər şey kifayət qədər aydındır. Yəni o çıxışdan sonra jurnalistlərin hansı siyasətçilərdən daha çox cavab almağa tələsməsinin özü onu göstərir ki, ən azı media nümayəndələri hər şeyi bilir. Və müxtəlif şəxslərin mənim çıxışımdakı tezislər ətrafında mövzunu yayındırmaq, sulandırmaq cəhdləri oldu. Hər şey kifayət qədər aydın şəkildə ortadadır. Məncə, görünən kəndə xüsusi bələdçiyə ehtiyac yoxdur.
- YAP-ın ikinci adamı Əli Əhmədov bir sıra müxalifət adlanan siyasətçilərin Rusiya və İran xüsusi xidmət orqanlarının agentləri olması barədə söylədiklərinizdə həqiqət yükünün çox böyük olduğunu bildirib. YAP hakimiyyətə gələndən bəlkə də ilk dəfədir ki, onun rəhbərliyi mövqeyinizi təqdir edir. Buna münasibətiniz.
- Əli Əhmədovun mövqeyini səmimi hesab eləmirəm. YAP hakimiyyət partiyasıdır və mənim işarə etdiyim məqamları onun rəhbərliyində kifayət qədər bilirlər. Hakimiyyət ölkədə kimin hara xidmət etməsini bilə-bilə seyrçi qalırsa, mənim çıxışımdan sonra “Bəli, biz də bunu çoxdan bilirik” söyləməsi çox qeyri-ciddi yanaşmadır. Mən müxalifət lideri olaraq narazılığımı bildirə bilərəm ki, müxtəlif mərkəzlərə xidmət edən şəxslər ölkədə özlərini müxalifət kimi xalqa sırımaq istəyirlər. Ancaq axı hakimiyyət də bunları tanıyır. Və tanıdığı halda nəinki belələrinin qarşısını almır, zəruri hüququ addımlar atmır, əksinə, həmin qüvvələrə mümkün qədər geniş meydan yaradır. Bu qüvvələrin müxalifət kimi xalqa təqdim olunması üçün əlindən gələni edir, öz nəzarətindəki mediaya təlimatlar da verir. Bir də görürsən hansısa tam əhəmiyyətsiz bir fiqur eyni vaxtda bütün ölkə mediasında az qala Azərbaycanın xilaskarı kimi təbliğ olunmağa başlayır.
Hamıya da bəllidir ki, bu haradan gəlir, kimə xidmət edir, nə məqsədi güdür. Birdən-birə o adam hakimiyyətin nəzarətindəki media tərəfindən populyarlaşdırılmağa başlayır. Təkcə media məsələsi deyil. Hakimiyyətin bir tərəfdən müxtəlif mərkəzlərə xidmət edən şəxsləri durdurmaması, digər tərəfdən isə onlara xüsusi meydan verməsi, onları önə çəkməyə çalışması göz qabağındadır. Ona görə də Əli Əhmədov qeyri-səmimi açıqlamalar verməkdənsə, hakim partiyanın rəhbərlərindən biri kimi üzərinə düşən işləri görməklə məşğul olsun.
- Yəni hesab edirsiniz ki, hakimiyyət müxtəlif mərkəzlərə xidmət edən həmin siyasətçiləri qanunla cəzalandırmalıdır, çünki cəzasız qalmaları gələcəkdə ölkənin maraqları üçün təhlükə yarada bilər...
- Təbii ki, belədir. Ancaq məsələ burasındadır ki, xüsusən 2000-ci illərdən Rusiya xüsusi xidmət orqanları ilə Azərbaycan xüsusi xidmət orqanları iç-içə çalışırlar. Onlar az qala bütövləşiblər, vahid bir sistemə çevriliblər. Və eyni adamlar bir çox hallarda həm ora, həm bura xidmət edirlər. Ona görə bu hakimiyyətin o adamları ifşa etməməsinə mən o qədər də təəccüblənmirəm. Çünki o adamlar həm də bu rejimə xidmət edirlər. Bu rejim də sözün müəyyən mənasında elə xarici xüsusi xidmət orqanlarına bağlı rejimdir. Rusiyada hakimiyyət dəyişəndən - Putin hakimiyyətə gələndən sonra Rusiyanın xüsusi xidmət orqanları ilə Azərbaycanın xüsusi xidmət orqanları bir çox məsələlərdə, o cümlədən ölkədaxili siyasi məsələlərdə vahid bir orqanizm kimi fəaliyyət göstərməyə başladı. Azərbaycan üçün ən böyük təhlükələrdən biri budur. Və böyük bir şəbəkə çıxarılıb ortalığa, rollar bölüşdürülüb, tələblər və tapşırıq verilib. Birinə deyilib ki, sən ehtiyatla Rusiyanı təbliğ edəcəksən, birinə deyilib ki, sən hamıdan daha yüksəkdən NATO tərəfdarı kimi qışqıracaqsan, o birisinə deyilib ki, sən filan partiyanın əleyhinə danışmaqla məşğul olacaqsan, başqa birinə tapşırılıb ki, sən filan partiya ilə dost olacaqsan, o partiya harada olsa, orada olacaqsan... Biri də var, işi-gücü hər il 20 yanvarda bizə böhtan atmaqdır. Yəni onun üzərinə bu missiyanı qoyublar. Bu qüvvələr Azərbaycana dəhşətli ziyan vururlar. Hakimiyyət də bunun qarşısını almaq əvəzinə, bu qüvvələrlə iç-içədir.
- Müsavat Partiyası bu qüvvələrdən hansıları iləsə, özü də bilmədən müəyyən dönəmlərdə əməkdaşlıq edibmi?
- Müsavat Partiyası kifayət qədər ciddi siyasi qüvvədir. Biz hakimiyyətdə də olmuşuq, müxalifətdə də önəmli qüvvəyik. Cəmiyyəti, gedən prosesləri kifayət qədər bilirik. Cəmiyyətdəki qüvvələri tanıyırıq. Eyni zamanda təhlil etmək imkanlarımız, analitik potensialımız kifayət qədər böyükdür. Ona görə də kimin kim olduğunu biz bir qayda olaraq bilirik. Yəni bizim üçün adamlarla bağlı xüsusi bir sirr yoxdur. Bir çox hallarda, hansısa blokların formalaşmasında, blokların sərhədlərinin cızılmasında diqqət eləsəniz, hər zaman Müsavat Partiyası prinsipial mövqe tutub. Müsavat ortaya mövqe qoyub. Bu da məhz bizim o bilgilərimizdən irəli gəlir. O qüvvələr 1990-cı illərdə xeyli zəiflədilmiş durumdaydılar. Çünki Azərbaycan müstəmləkəçilikdən yenicə qurtulmuşdu, 1990-cı ilin 20 yanvarının yaraları yeni idi, hamı bilirdi ki, biz hansı dövlətin müstəmləkəsi olmuşuq və hansı dövlətin cəngindən qurtulmuşuq. Bu və bir qədər əvvəl söylədiyim səbəblərə görə həmin qüvvələr xeyli məhdud çərçivədə fəaliyyət göstərmək zorundaydılar. Ona görə də ən arzu edilən variant o olardı ki, bu problem tədricən aradan qalxsın. Təəssüf ki, 2000-ci ildən Rusiya xüsusi xidmət orqanları ilə Azərbaycan xüsusi xidmət orqanları iç-içə çalışmağa başladığı üçün problem tədricən aradan qalxmaq əvəzinə dərinləşməyə, daha təhlükəli bir şəkildə cəmiyyətdə kök atmağa başladı. Ona görə də bu məsələni diqqətə gətirmək, təhlükə ilə bağlı cəmiyyətin müqavimət gücünü artırmaq zəruridir. Biz təbii ki, adamları tanıyırıq və hansı adamdan hansı prosesdə, hansı həddə qədər istifadə olar, hansı həddə qədər həmin adamlara inanmaq, əməkdaşlıq etmək olar yaxşı bilirik.
- Müxalifətdə hakimiyyətə işləyən qüvvələrdən danışmısınız. Hakimiyyətdə necə, müxalifətə işləyən, real müxalifətin mövqeyinin doğru sayanlar varmı? Ümumiyyətlə, iqtidardakı qüvvələrin təsnifatını necə verərdiniz?
“Hakimiyyətdə ən böyük qüvvə Rusiyaya bağlı olandır. Eyni zamanda vətənpərvər insanlar da az deyil...”
- Rusiyanın xüsusi xidmət orqanları ilə bağlı şəbəkə hakimiyyətdə daha çox kök salıb. Hakimiyyətin Rusiyaya bağlılığı artdıqca, həmin qüvvələrin mövqeyi güclənir. Hakimiyyətdə ən böyük qüvvə Rusiyaya bağlı olandır. Eyni zamanda vətənpərvər insanlar da az deyil. Demirəm ki, onlar müxalifətə işləyirlər. Sadəcə, ölkədə vəziyyətin faciəvi olduğunu, bu istiqamətdə hərəkətin ölkəni uçuruma apardığını dərk edirlər. Ona görə də narahatdılar, çətinlik çəkirlər, nə edəcəklərini, bu təhlükənin qarşısını necə alacaqlarını bilmirlər. Milli demokratik qüvvələrlə onların ümummilli məsələlərdə mövqeləri üst-üstə düşdüyü üçün bu qeyd olunmalıdır.
- Məclisdəki çıxışınızda birlik modelindən danışmısınız. Müsavat seçki ilində bu modeli konkret olaraq kimlərlə qurmaq istəyir? Bu yöndə müzakirələr başlayıbmı, gedirmi?
- Yeri gəlmişkən, həmin çıxışımda mən hakimiyyətlə bağlı çox sərt təhlil etmişdim, rejimin mahiyyətini açıqlamışdım. Ancaq nə jurnalistlər bu istiqaməti xüsusi işlədilər, nə də hakimiyyət özü haqqında bizim sərt açıqlamalarımıza reaksiya verdi. Düzdür, susmağı razılıq əlaməti kimi də qiymətləndirmək olar. Görünür, deyəsi sözləri yoxdur.
- Ola bilsin ki, müxalifətçi siyasətçilərin Rusiya və İrana işlədiyi haqda açıqlamalarınıza jurnalistlər daha sensasiyalı məsələ kimi yanaşdığından hakimiyyətlə bağlı fikirlərinizə xüsusi toxunan olmadı...
- Mənə müraciət edən jurnalistlərin çoxu açıq dedilər ki, MTN-ə işləyənin, Rusiya və İran xüsusi xidmət orqanlarının agentləri dedikdə kimlərin nəzərdə tutulduğunu bilirlər. Bu, onu göstərir ki, mənim söylədiklərimi, kimlərin haraya bağlı olduğunu hamı bilir. Ancaq hamı bunu bilə-bilə buna göz yummağa üstünlük verir. Göz yumurlar və hələ üstəlik bəziləri məsuliyyətsizlikdən, bəziləri isə düşünülmüş şəkildə deyirlər ki, nə olar, o adamlarla da əməkdaşlıq etmək olar. Bu cür təklifləri verənlər bilməlidirlər ki, söhbət xarici siyasi oriyentasiyadan getmir. Kimsə səmimi olaraq fikirləşə bilər ki, Azərbaycanın xarici əlaqələrində Qərbə yox, Rusiyaya üstünlük verilməlidir, kimsə balans siyasətinin tərəfdarı ola bilər. Bu, siyasi mövqedir, hərə öz mövqeyində ola bilər. Bu barədə diskussiya aparmaq olar. Biz Müsavat Partiyası olaraq birmənalı şəkildə Avroatlantik məkana inteqrasiyanın tərəfdarıyıq. Xarici siyasi oriyentasiyada başqa fikirlərdə olanlarla ən azı müzakirəyə hazırıq. Ancaq söhbət sırf xarici xüsusi xidmət orqanlarının xidmətində, idarəçiliyində olan adamlardan gedir. Bu, xarici siyasət seçimi, geopolitik diskussiya deyil. Burada söhbət sırf agentura işindən, şəbəkədən gedir. Ona görə də bəziləri mövzunu dəyişməyə çalışmamalıdırlar.
- Az öncəki suala qayıtmaq istərdik. Müsavat 2010-cu ilin parlament seçkilərində hansı siyasi qüvvələrlə bir yerdə olacağını özü üçün dəqiqləşdirib? Konturlarını cızdığınız modelin reallaşması mümkün olacaqmı?
“Real müxalifətə aidiyyəti olmayan qüvvə, nə yuvanın quşu olur-olsun, Müsavatla bir yerdə ola bilməyəcək”
- Məclisdəki çıxış zamanı verdiyim mesajlardan da aydın şəkildə görünür ki, Müsavat Partiyası yalnız real müxalifət partiyalarının bu seçkilərdə əməkdaşlığını qəbul edir. Real müxalifətə aidiyyəti olmayan qüvvə nə yuvanın quşu olur-olsun Müsavatla bir yerdə ola bilməyəcək. Bu mövqeyimiz qətidir. Müxalifətin sərhədlərini necə gördüyümüz barədə müəyyən təkliflərimiz var. Bu, mətbuatda ara-sıra işarələr şəklində səslənsə də, bilavasitə söhbətlərimizdə həmkarlarımıza açıq şəkildə bildirmişik. Müxtəlif siyasi qüvvələr arasında müəyyən ilkin məsləhətləşmələr gedir və bizə də vaxtaşırı müraciətlər edirlər. Gəlirlər söhbət edirik. Baxacağıq, bizim real müxalifət kimi gördüyümüz qüvvələrdən bəziləri bizim real müxalifət hesab etmədiyimiz başqa qüvvələrin əməkdaşlıq prosesində iştirakını nədənsə zəruri hesab edirlər. Onların zəruri hesab etdiyi qüvvələr isə ümumiyyətlə qeyri-məqbul siyasi qüvvənin prosesdə iştirakının üzərində təkid etməyə başlayırlar. Yəni bilirsiniz, bizi elə bu məsələnin açılması zərurətinə inandıran amillərdən biri də budur.
Yuxarıda qeyd etdiyim şəbəkədə olanlar artıq o qədər cəsarətləniblər ki, açıq şəkildə bir-birilərini müdafiə edir, bir-birilərinə açıq dəstək verir, bir-birilərini daha güclü mövqeyə gətirmək istəyirlər ki, situasiyaya ciddi təsir göstərsinlər. Bizim də mesajlarımız, mövqeyimiz aydın şəkildə bəyan edildi. Yəqin ki, yaxın vaxtlarda ilkin məsləhətləşmələr yekunlaşandan sonra nəyi etmək mümkün olub, nəyi olmadığı üzə çıxacaq. İstənilən halda biz hesab edirik ki, bu il parlament seçkilərində uğura nail olmaq mümkündür. Müsavat Partiyası bunun üçün hər şeyi edəcək.
- Müxalifətin təsnifatını məhz seçki ilində aparmağınız da maraqlı görünür. Niyə bu cür açıqlama ilə öncəki illərdə yox, məhz 2010-cu ildə çıxış etdiniz? Bu, 2010 seçkilərinə xüsusi önəm vermənin təzahürüdür, yoxsa müxalifət üçün hansısa böyük mərhələnin bu il yekunlaşacağının dərkindən doğan bir imperativ?
(Davamı gələn sayımızda)






