İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜSAVAT BAŞQANI PREZİDENTİN İTTİHAMLARINI CAVABLANDIRDI

6501 18.10.2011 09:26 Siyasət A A
İ.Əliyev siyasi rəqiblərini 20 il eyni kürsüdə oturub ondan əl çəkməməkdə ittiham edib. “Müxalifətin çox zəif olması faktı bizim günahımız deyil. Biz onlara məhdudiyyət qoymuruq. Amma son illər ərzində Azərbaycanda görülən işlər, sadəcə olaraq, onların fəaliyyət meydanını daraldır. Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur”, - deyə, o bildirib. Ardınca isə ölkə başçısı hökuməti milli maraqların ən güclü müdafiəçisi sayaraq müxalifəti milli maraqlara qarşı çıxmaqda ittiham edib: “Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər”.
Dövlət başçısının müsahibəsində əksini tapan bu və digər məqamlara, səsləndirdiyi ittihamlara münasibətini öyrənmək üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərə müraciət etdik. Müsavat başqanı öncə sözügedən telekanalın Azərbaycana diqqət yetirməsinin üzdə olmayan səbəblərindən bəhs etdi: “Mənim əsas diqqətimi cəlb edən odur ki, ”əl-Cəzirə" televiziyası artıq Azərbaycan mövzusunu da işıqlandırmağa başlayır. Mən bu müsahibəni bir növ müqəddimə müsahibəsi kimi qiymətləndirirəm. Yəni əslinə qalsa, jurnalist orda ehtiyatlı şəkildə bütün əsas məsələləri səsləndirib və Azərbaycan dövlətinin başçısının bunlara münasibət bildirməsinə şərait yaradıb. Bununla da əslinə qalsa, həmin tezislərin diskussiya olunmasına imkan təşkil edilib. Hesab edirəm ki, “əl-Cəzirə”nin ərəb dünyasındakı rolu Qafqazlarda, digər regionlarda da pozitiv olacaq".
Müsavat başqanı qeyd etdi ki, müsahibələrdə xeyli reklam xarakterli, həqiqətə uyğun olmayan tezislər var: “Azərbaycanın guya Əliyevlər dövründə demokratiya yolu, Avropaya inteqrasiya yolu seçməsi, ortaq dəyərlərlə bağlı böyük addımlar atılması ilə əlaqədar deyilənlər təbii ki, həqiqətə uyğun deyil”.
İ.Əliyevin siyasi rəqibləri 20 il eyni kürsüdə oturub ondan əl çəkməməkdə ittiham etməsi, müxalifətin çox zəif olması barədə dediklərinə gəlincə, Müsavat başqanı qeyd etdi ki, ölkə başçısının müxalifətlə bağlı söylədiyi 6 fikrin hər biri həqiqətdən uzaqdır: “Birinci fikri budur ki, müxalifətin çox zəif olması bizim günahımız deyil, biz onlara məhdudiyyət qoymuruq. Əvvəla, ciddi məhdudiyyətlər var və bu da hər kəsə bəllidir. Müxalifət televiziyalara buraxılmırsa, sərbəst toplaşma azadlığı yoxdursa, sərbəst toplaşma azadlığını illərlə reallaşdırmaq istəyən, müstəqilliyin memarlarından biri Arif Hacılı, bizim gənclərimiz, Müsavatdan, AXCP-dən başqa qüvvələrdən olan, müstəqil gənclərin bu gün həbsdə olması məhdudiyyət deyilsə, nədir? Eyni zamanda dünən hər kəs bu məlumatı oxudu ki, Göyçayda Müsavatın konfransına polis ciddi maneələr yaratmağa çalışıb, həbslər həyata keçirib. Bu, məhdudiyyət deyilsə, nədir?” Müsavat başqanı əlavə etdi ki, bütün məhdudiyyətlərə baxmayaraq, müxalifətin zəif olması haqqında deyilən fikir də həqiqətdən uzaqdır: “Müxalifət kifayət qədər güclüdür. Əgər İlham Əliyev müxalifətin zəif olması düşüncəsindədirsə, sərbəst toplaşma azadlığını reallaşdırmaq imkanlarını məhdudlaşdırmasın. O zaman müxalifətin gücü görünəcək. Normal bir seçki keçirilsin, səslər düzgün sayılsın, o zaman İlham Əliyevə də, hər kəsə də bəlli olacaq ki, müxalifətin səsi nə qədərdir, İlham Əliyevin, YAP-ın səsi nə qədərdir”.
İ.Qəmbər dövlət başçısının “Son illər ərzində Azərbaycanda görülən işlər, sadəcə olaraq, onların fəaliyyət meydanını daraldır. Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur”, -sözlərini də şübhə altina aldı: “Azərbaycanda vəziyyət həddən artıq bərbaddır. Ölkədə geniş yayılmış sistem halında olan korrupsiya, dərəbəylik, haqqın, ədalətin olmaması bir gerçəklikdir. Əhalinin böyük əksəriyyəti vəziyyətdən ciddi şəkildə narazıdır. Guya müxalifət üçün deyiləsi söz yoxdur, hakimiyyət o qədər gözəl siyasət aparır ki, müxalifətin sosial bazası daralır, bu, çox gülünc bir fikirdir və tamamilə həqiqətdən uzaqdır”.
Müxalifətin Qarabağ məsələsi ilə bağlı mövqeyi haqda İ.Əliyevin dediklərinə gəldikdə, müxalifət lideri bunu “tamamilə uydurma” adlandırdı: “Bizə yaxşı bəllidir ki, hakimiyyətdə qalmaq naminə 90-cı illərdə də, 2000-ci illərdə də Azərbaycan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı beynəlxalq birliyin nümayəndələri ilə görüşlərdə təslimçi mövqe tutublar, çoxlu vədlər veriblər. Məhz onun nəticəsidir ki, bu gün Azərbaycan o burulğandan çıxa bilmir. Hələ 90-cı illərdə məşhur Lissabon sammitində Dağlıq Qarabağ məsələsinin ATƏT-in sənədində əks olunmasına nail olmadılar bu adamlar. Daha sonra Dağlıq Qarabağla bağlı danışıqlarda elə mövqe tutdular ki, bu gün beynəlxalq birlik birmənalı olaraq Azərbaycan və Ermənistandan tələb edir ki, prosesə başlayın, bir neçə ildən sonra da referendum keçirilsin və Dağlıq Qarabağın taleyi həmin referendumda həll olunsun. Biz bunu qeyd edirik ki, indi hakimiyyət referendum məsələsini ləngitməyə çalışır, bununla razılaşmır. Amma onların səhvləri gətirib bu yerə çıxarıb. Bizə gəldikdə isə biz beynəlxalq nümayəndələrlə qapalı görüşlərdə də, açıq şəkildə də dəfələrlə mövqeyimizi bildirmişik. Bu mövqe də ondan ibarətdir ki, biz məsələni sülh yolu ilə həll etmək əzmindəyik. Hesab edirik ki, problemi həll etmək üçün həm Ermənistanda, həm də Azərbaycanda ciddi demokratik dəyişikliklərə ehtiyac var, xalqlardan səs alan, xalqdan alınmış legitimliyə malik olan hakimiyyətlər beynəlxalq hüquq normalarına uyğun, ədalətli şəkildə bu problemi həll edə bilərlər. Problemin həlli də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması şərtilə milli azlıqlara Avropa səviyyəsində hüquqların verilməsindən keçir. Bizim mövqeyimiz budur, bunu bütün dünyada olan həmsöhbətlərimiz, müttəfiqlərimiz, tərəfdaşlarımız da bilirlər, Azərbaycanda da hər kəsə bəllidir”.
Müsavat başqanı prezident Əliyevin bir fikrinə də reaksiya verdi: “İlham Əliyev söyləyib ki, guya bugünkü müxalifətə rəhbərlik edənlər 92-93-cü illərdə ölkəni vətəndaş müharibəsinə aparan insanlardır. Ölkəni həmin illərdə vətəndaş müharibəsinə aparan YAP, Əliyev və onun ətrafındakı insanlar idi. Elə bilirlər bizim xəbərimiz yoxdur ki, onlar bütün vaxtı Elçibəy hakimiyyəti dövründə Rusiya ilə, İranla, Azərbaycanda olan xəyanətkar qüvvələrlə danışıqlar, məsləhətləşmələr apararaq, onları hərəkətə gətirməyə və Azərbaycanda xaos yaratmağa çalışırdılar. Bunlar tarixə bəlli faktlardır və heç kim güman eləməsin ki, yalançı təbliğatla həmin faktları gizlədə biləcəklər. Sonuncu arqument, ümumiyyətlə, gülüncdür ki, eyni adamlar 20 ildir ki, eyni vəzifələrdə oturublar, istefa vermək istəmirlər. Çünki 40 ildən artıqdır ki, eyni bir ailənin nümayəndələri hakimiyyətdən yapışıblar, ölkədə xalqın öz hakimiyyətini müəyyənləşdirməsinə imkan vermirlər, zorakı üsullarla, saxta seçkilərlə və zor qüvvəsi ilə hakimiyyətdə qalmaqda davam edirlər. Bu hakimiyyət avtoritar, xalq zidd şəkildə davam etdiyi müddətdə bu rejimə qarşı mübarizə aparmaq bir missiyadır. Biz hansısa vəzifədə olsaq da, olmasaq da bu rejimə qarşı mübarizə aparacağıq. Azərbaycanda azadlıq, xalqın inkişafı və hüquqları uğrunda mübarizəmiz davam edəcək. Odur ki, bu arqumentin də həqiqətə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 2009-cu ildə referendum keçirib eyni adamın prezidentlik müddətini artırmaq, təkrar-təkrar hakimiyyəti qəsb etmək üçün şərait yaradan insanlar bu tipli açıqlamaları verməməlidir. Müsahibədə İlham Əliyevin müxalifət haqqında dedikləri bir tərəfdən hakimiyyətin müxalifətdən beynəlxalq birliyə şikayət etməsi kimi xoşagələn mənzərə deyil, digər tərəfdən də həqiqətə uyğun olmadığı üçün təəssüf doğurur. Hesab edirəm ki, dövlətin başında oturan adam dediklərinə məsuliyyətlə yanaşmalıdır”.
Müsahibədə İ.Əliyev üçüncü dövr üçün prezident seçkisində iştirak edib-etməmək barədə hələlik qərar vermədiyini də deyib. Bildirib ki, üçüncü dəfə prezident seçkisinə qoşulub-qoşulmaması xalqın onun gördüyü işlərə verəcəyi qiymətdən və ona dəstəyinin səviyyəsindən asılı olacaq. İ.Qəmbərin İ.Əliyevin dediklərinə reaksiyası belə oldu: “Mən ona bunu məsləhət görmürəm. Əvvəla, bir adamın 3-cü dəfə prezidentliyi demokratiya prinsiplərinə, ənənələrinə ziddir və Azərbaycanın nüfuzuna ciddi xələl gətirər. İkincisi, seçkidə demokratik qüvvələrin namizədinin daha çox səs yığacağı şübhəsizdir. İlham Əliyev demokratik seçkidə uğur qazana bilməz”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR