İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat başqanı mətbuat konfransı keçirtdi və sərt bəyanatlar verdi

2471 07.10.2015 08:45 Siyasət A A


Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın 8-ci qurultayından sonrakı bir il müddətində fəaliyyəti və parlament seçkiləri ilə bağlı oktyabrın 6-da mətbuat konfransı keçirdi. A.Hacılı bildirdi ki, Müsavat uzun illərdir Azərbaycanda demokratik quruluşun yaranması, demokratik seçkilərin keçirilməsi uğrunda mübarizə aparır. Ona görə də Müsavat ilk növbədə öz daxilində bu prinsiplərə əməl etdi və bunu cəmiyyətə nümayiş etdirdi. 

A.Hacılı dedi ki, qurultaydan sonra yaranmış fəsadlarla bağlı cəmiyyətdə, Müsavat strukturlarında müəyyən narahatçılıqlar mövcud oldu: “Bu narahatçılıqlar təbii ki, müəyyən problemlər və fəsadlar da yaratdı. Qurultaydan sonra Müsavat Partiyasının strukturları qurulmağa, formalaşmağa və möhkəmlənməyə başladı. Müsavatın bütün strukturları formalaşıb. Bu dövr ərzində Müsavat Məclisinin toplantıları keçirilib. Müsavatın Məclis üzvləri, Divan üzvləri seçilib. Müsavat başqanlarının müavinləri, müşavirləri təyin olunub. Müsavat Məclisinin komissiyaları formalaşıb və fəaliyyət göstərməkdədir. Bu dövr ərzində Müsavatda zona müşavirələrinin keçirilməsi bərpa olundu. Hər həftə partiya Divanının iclası keçirilib. Hər həftə 20-dən artıq rayon təşkilatı sədrlərinin Bakı Sədrlər Şurası adlanan toplantıları keçirilib. Müsavat kifayət qədər ağır siyasi şəraitə baxmayaraq öz fəaliyyətini davam etdirib. Partiyanın strukturları bu müddət ərzində xeyli möhkəmləndirilib, üç yeni rayon təşkilatı yaradılıb, Qadınlar Birliyi yenidən qurulub. Müsavat bu dövr ərzində xarici siyasət sahəsində bir sıra işlər görüb. Biz xarici siyasət sahəsində xüsusilə Azərbaycana aid olan, Azərbaycanla birbaşa təmasları, siyasi əlaqələri olan dövlətlərdə olan siyasi qüvvələrlə əlaqələrə üstünlük vermişik. Bu müddət ərzində Müsavatın keçmiş başqanı İsa Qəmbərlə birlikdə Varşavada keçirilən beynəlxalq tədbirdə iştirak etmişik. Avropanın bir sıra ciddi siyasi xadimləri ilə görüşlərimiz olub. Türkiyədə Dünya Azərbaycanlıları Konqresinin toplantısında iştirak etmişik.

Gürcüstanda hakimiyyətdə təmsil olunan müttəfiqlərimizlə Tiflisdə görüşlərimiz olub. Avropa Liberal İttifaqının dəvəti ilə mən müavinim Səxavət Soltanlı ilə birlikdə Brüsseldə olmuşam. Avropa Parlamentində Şərq tərəfdaşlığı mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdik. Konfransda məruzəçilərdən biri də mən oldum. Diqqəti Azərbaycanda insan haqları və demokratiyanın problemlərinə, ilk növbədə siyasi məhbuslar probleminə cəlb etməyə çalışdım. Bizim bu görüşümüzdən bir müddət sonra məhz Müsavatın müttəfiqi olan Liberal İttifaqın təşəbbüsü ilə Avropa Parlamenti Azərbaycanda demokratiya və insan haqlarının acınacaqlı vəziyyətinə dair çox ciddi bir qətnamə qəbul etdi. Bu ay və gələn ay Müsavat nümayəndələrinin yenə Tiflisdə və Budapeştdə, digər şəhərlərdə görüşləri olacaq. Qarabağ probleminin ədalətli həlli yolları da bu görüşlərdə müzakirə olunacaq”. 

A.Hacılı bu bir il ərzində Müsavatın mətbuatla əlaqələrində də müəyyən irəliləyişlərə nail olduğunu bildirdi: “Bu müddətdə Müsavat musavat.org.az saytını yaradıb. Eyni zamanda bastainfo.az saytı da Müsavat fəalları tərəfindən yaradılıb. Müsavatın informasiya blokadasından çıxmasına nail olmuşuq. Son illərdə ilk dəfədir ki, Müsavat rəhbərliyinin məsuliyyət daşıdığı media orqanları var. Digər media orqanları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. AzadlıqRadiosuna, ”Turan" İnformasiya Agentliyinə, musavat.com və arqument.az saytına və digər mətbuat qurumlarına Müsavata informasiya dəstəyi verdiyi üçün təşəkkürümüzü bildiririk". 

A.Hacılı bəyan etdi ki, bu bir il ərzində Müsavatı parçalamaq, nüfuzdan salmaq cəhdləri uğursuzluğa düçar olub. Bu dövr ərzində Müsavata yüzlərlə üzv qəbul olunub: “Bu dövr ərzində itkilərimiz də olub. Partiyanın nizamnaməsini dəfələrlə pozduğu üçün 14 nəfəri partiya sıralarından xaric etmişik. Qurultaydan əvvəlki bir ərzində Müsavatdan xaric olunan üzvlərin sayı bu rəqəmdən bir neçə dəfə çox olub. Yüzədək partiya üzvü son bir ildə partiyadan çıxıb. Burada müxtəlif motivlər mövcuddur. Biz hər bir partiya üzvünün çıxmasını itki sayırıq. Amma Müsavat kimi partiyanın sıralarından bir neçə on nəfər çıxırsa, bu, Müsavatın parçalanması, zəifləməsi demək deyil”. 

Arif Hacılı parlament seçkilərindən danışarkən bildirdi ki, hakimiyyətin seçkini saxtalaşdırmaq ehtimalı böyükdür: "Hakimiyyətin seçkini boykot etməsi ucbatından Azərbaycanda seçki ab-havası hiss olunmur. Mövcud iqtidar uzun illər apardığı siyasət nəticəsində ölkədə seçki ab-havasının olmamasına nail olub. Hakimiyyət ümumiyyətlə ölkədə siyasi prosesin olmamasını istəyir. Azərbaycan iqtidarı ölkədə müxalifət partiyalarını ölkənin siyasi sistemindən sıxışdırıb çıxarmağa çalışır. Ölkədə çoxpartiyalı sistemi sıradan çıxarıblar, demokratik seçkilərin keçirilməsi üçün demokratik seçkiqabağı şərait mövcud deyil".

A.Hacıllı 1993-cü ildən bu yana bütün seçkilərin saxtalaşdırıldığını bəyan edib. Həmçinin bildirib ki, Müsavat buna baxmayaraq indi də seçkidə iştirak etməklə ölkədə demokratiya uğrunda mübarizə aparan qüvvənin, partiyanın olduğunu nümayiş etdirir: “Seçkilər boykot edildiyi halda cəmiyyətə verilən əsas mesaj o olur ki, ölkədə müxalifət yoxdur. Müsavat isə seçkiyə getməklə nümayiş etdirir ki, ölkədə müxalifət var, müxalifət mübarizə aparır, sadəcə, hakimiyyət müxalifəti güc yolu ilə əzir. Ən asan yol boykotdur. Müsavat isə asan yolu yox, ən çətin yolu, mübarizə yolunu seçib. Müsavata, namizədlərinə, nümayəndələrinə amansız basqılar var”.

Seçki dairələrinin əksəriyyətində imzaları topladıqlarından danışan Müsavat başqanı dedi ki, bu, təxminən 40 min imza deməkdir. Bir neçə dairədə icra hakimiyyəti orqanları imza toplamağa imkan verməyib: “Qalan bütün dairələrdə imzaları toplamışıq. Bu günə qədər 12 namizədimiz qeydə alınıb. Digərlərinin sənədləri təqdim edilib, DSK-larda baxılır. Biz seçkiyə qatılmaqla bir sıra hədəflərə nail olmuşuq. Artıq biz bu seçki prosesində 300 mindən çox seçici ilə təmaslar qura bilmişik. Ölkədə hakimiyyətin seçki saxtakarlıqlarına hazırlaşdığını, qanunsuzluqları ifşa etmişik. Yəqin ki yaxın günlərdə qeydiyyat prosesi başa çatdıqdan sonra Müsavatın seçkidə iştirakı davam etdirib-etdirməmək məsələsi Divanda müzakirə aparılacaq. NİDA və REAL-la da bundan sonra seçkidə hansı şəkildə iştirak etmək məsələsini müzakirə edəcəyik. Müsavatın seçkidə iştiraka davam edib-etməyəcəyi namizədlərin qeydə alınması başa çatan günün səhərisi-oktyabrın 10-da Divanın növbədənkənar iclasında bəlli olacaq”.

A.Hacılı 25 oktyabra təyin edilən mitinqlə bağlı jurnalistlərin suallarına cavabında dedi ki, bu mitinqdə digər qüvvələr, namizədlər iştirak edəcəksə, Müsavat buna müsbət yanaşacaq. Ancaq hazırda Müsavat REAL və NİDA-dan başqa heç bir partiya ilə seçkidə əməkdaşlıq etmədiyi üçün bu iki təşkilatdan başqa hansısa partiyalar və bloklarla mitinq məsələsi müzakirə edilmir.

Müsavat başqanı onu da bildirdi ki, hakimiyyətin namizədləri müxalifət namizədlərindən çox səs almaq imkanında deyillər. A.Hacılı Müsavatın sabiq deputatları Arzu Səmədbəylinin və İltizam Əkbərlinin bəhanələrlə qeydə alınmamasını Müsavata qarşı təzyiqlərin, hakimiyyətin Müsavat namizədləri ilə seçkidə üz-üzə gəlməkdən çəkindiyinin  nümunəsi adlandırdı. İstiqlalçı millət vəkili Məryəm Həsənovaya hakimiyyətin millət vəkili olmaq imkanını verməməsini A.Hacılı kəskin pislədi. A.Hacılı dedi ki, Azərbaycan parlamentində adıçəkilən şəxslər, həmçinin Nüşabə Sadıqlı, Vəfa Cümşüdlü, İkram İsrafil, Elman Fəttah kimi deputatlar yoxdur. Müsavat başqanı hakimiyyətin hələ bir nəfər də olsun müsavatçı xanım namizədi qeydə almağa imkan vermədiyini vurğuladı.

Arif Hacılı bəyan etdi ki, YAP-dan başqa demək olar bütün siyasi qüvvələr AŞ PA-nın müşahidə missiyasından narazı qalacaq. Çünki bu müşahidə missiyasını Azərbaycan hakimiyyəti gətirir. ATƏT-i isə hakimiyyət seçkiləri müşahidə etmək üçün Azərbaycana buraxmır. Müsavat ATƏT-in müşahidə missiyasının seçkiləri müşahidə etməsini istəyir. 
A.Hacılı saxta seçkilərlə formalaşdırılacaq  parlamentin legitimliyi məsələsindən də danışdı. Qeyd etdi ki, Azərbaycan hakimiyyəti üçün legitimlik kompleksi yoxdur. Hakimiyyəti parlamentin legitim olub-olmayacağı maraqlandırmır. Hakimiyyət bilir ki, seçkidən sonra bu parlament daxili siyasi qüvvələr və beynəlxalq təşkilatlar tərəfindən legitim olmayan parlament kimi elan olunacaq.








Etibar SEYİDAĞA



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR