Müsavat başqanı həbsdəki vicdan məhbusunu təbrik edib
Təbrikdə deyilir:
“Hörmətli Fərəc bəy! Siz Müsavat Partiyasının Laçın rayon təşkilatının üzvü, Müsavatçı Gənclər Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri kimi partiyanın fəaliyyətinin güclənməsi, inkişaf etdirilməsi, Müsavat ideyalarının yayılması işində mühüm fəaliyyət göstərmisiniz. Müsavat Partiyasının demokratik ənənələrinin, böyük öndər Məhəmməd Əmin Rəsulzadə ideyalarının ictimaiyyət arasında geniş təbliğatında mühüm rol oynamış, ciddi siyasi məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirmisiniz.
Gənc müsavatçı kimi Sizin ölkəmizin bütün sahələrində baş alıb gedən haqsızlıq və ədalətsizliyə qarşı haqlı və ardıcıl qaldırdığınız etirazlarınız, sistemli mübarizəniz artıq rejimin Sizə və ailə üzvlərinizə qarşı təzyiqlər dalğası başlatması, qardaşınız Sirac bəylə birgə şərlənərək həbs edilmənizlə nəticələndi.
Həbsdə olduğunuz müddətdə Siz mübarizənizi, mətin müsavatçılığınızı ləyaqətlə davam etdirirsiniz. Sizin müsavatçı kimi prinsipial və dönməz mübarizəniz şərəfli Müsavat tarixinə bir töhfədir.
Hörmətli Fərəc bəy! Sizi doğum gününüz münasibəti ilə təbrik edirəm. Müsavat Partiyasının son qurultayında Məclis üzvlüyünə yüksək səslə seçilməyiniz canı və qanı ilə Müsavata bağlı olan Sizin kimi mücadilə dostumuza müsavatçıların böyük etimadının təzahürüdür.
Bir daha Sizi doğum günü münasibəti ilə təbrik edir, bu günə qədər olduğu kimi, bundan sonra da Müsavat Partiyasının işində partiya başqanının müavini kimi fəaliyyətinizə, Müsavat Partiyasının daha böyük uğurlara imza atmasında iştirak edəcəyinizə əminliyimi bildirir, Sizə haqqınız olan azadlığa qovuşmağınızı, ailə səadəti və siyasi fəaliyyətinizdə uğurlar arzu edirəm”.
Musavat.com






