İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP qurucularından olan Maksim Musayevdən sensasion açıqlamalar


- Maksim müəllim, üzvü olduğunuz YAP-ın deputatlığa namizədlər siyahısı ilə tanışsınızmı? Siyahıda adı olan namizədləri tanıyırsınızmı?

- Birinci növbədə onu deməliyəm ki, YAP parlamentdə həmin şəxslərin deputat kimi əyləşməsinə qərar çıxarıbsa, mən o siyahıdakıları tanıyıb-tanımamağımdan asılı olmayaraq onun əleyhinə çıxa bilmərəm. Mən bir partiya üzvü kimi siyahını müdafiə edə bilərəm. YAP-ın deputatlığa namizədlər siyahısındakı adamların çoxunu tanımıram, adlarına da ilk dəfə həmin siyahıda rast gəlmişəm. Siyahıdakıların bəzilərini isə tanıyıram. Bəziləri deputatlığa çox layiqdirlər. Onlarla mən deputat həmkarı da olmuşam. Bəzilərinin çıxışlarını dinləmişəm, bəzilərinin qanunlara münasibətindən xəbərim var. 

- YAP-ın siyahısındakılardan nə qədəri deputat ola bilər?

- İndiki dövrdə hər kəs deputat ola bilər. Ağır iş görən deputatlar birinci çağırış Milli Məclisin deputatları idilər. Mən şəxsən məhz həmin dövrdə deputat idim. O vaxt bizi cəmi 100 dollar maaş alırdıq. Sutkanın da 12-14 saatını işləyirdik. Yalnız qanun yaradıcılığı ilə məşğul olurduq. Evə də avtobusla gedib gəlirdik. Parlamentdə texniki baxımdan iş şəraiti də çox ağır idi. İclas zalı rəhmətlik Elmira Qafarovanın sədrliyi zamanı təmir olunmuşdu. İclas zalına efirdən baxanda yaxşı görünürdü. Əslində isə yaxşı vəziyyətdə deyildi, oturacaqların çoxu sınıq-sökük idi, ağır çəkili deputatlar əyləşəndə sınırdı, yıxılırdı. Bir dəfə rəhmətlik Fərəməz Maqsudov gəlib oturdu yanımda, oturan kimi stul sındı. İndi Oqtay Əsədov parlamentin binasında elə bir komfort yaradıb ki, heç kim deputatlıqdan asanlıqla əl çəkmək istəmir. Hər deputat üçün ideal komfortlu şərait yaradılıb. Bahalı kresloları, hər birinin kompüteri, köməkçisi var, onlara hər cür şərait yaradılıb. Lakin mən maraqlanmışam onların çoxu o kompüterlərdən istifadə eləməyi bacarmır. Onların bəzilərinin qarşısındakı invertarlar da demək olar ki, işlənməməkdən paslanıb. İndiki deputatlara hələ bir köməkçi də verib dövlət. Bizim deputat olduğumuz zamanlarda bizim ağlımızdan belə keçməzdi köməkçimiz olması. İndi köməkçilər nə ilə məşğuldur bunu özləri bilərlər, mənə bəlli deyil. Onların fəaliyyəti təftiş edilsə görünər ki, onların bəziləri ola bilsin büdcədən boşuna pul alırlar. Bu barədə düşünməyin vaxtıdır. Yadımdadır ki, bizim zamanımızda qanunları özümüz yazırdıq. Milli Məclisin kompüterində yazmaq üçün növbəyə dururduq. Növbədə duranda da kompüterdə əyləşənə çay xidməti də göstərməli olurduq. İndi isə vəziyyət tamam başqa cürdür, əla şərait yaradılıb. Qalır bu şəraitdən səmərəli istifadə etmək. Əminəm ki, yeni seçiləcək deputatlar səmərəli işləyəcəklər və büdcəyə yük olmasın deyə bir çox komfortlardan özləri imtina edəcəklər. Biz deputat olanda dövlət büdcəmiz 460-500 milyon dollar idi, bu il isə 20 milyarddır. Deməli, istəsələr, deputatlar gələn il büdcədə azalmanı nəzərə alaraq bəzi şeylərdən imtina edərlər. 

““Belələrinin yeri Milli Məclis yox flarmoniyadır, ya da ki, konservatoriyadır”


Mənim bir neçə il öncə bir kitabım işıq üzü gördü. Kitab üzərində 15 ilə yaxın idi işləyirdim. Adı “Parlamentlər və kəndlilər yüz ildə” idi. O kitabda mən arxiv materiallarına əsasən Azərbaycan parlamentarizmi tarixinin bütün hər şeyini öyrəndim. Bu qənaətə gəldim ki, deputat nə qədər çox kasıb yaşasa, sadə həyat tərzi keçirsə, nə qədər çox xalqın içində olsa, nə qədər çox problemlə üz-üzə gəlsə, o qədər dövlətinə, xalqına yaxşı xidmət göstərər. Əgər 1 noyabrda formalaşacaq parlamentin deputatları öz bizneslərini qorumaq üçün parlamentə oturmağa can atırlarsa, bununla mən heç cür razılaşa bilmərəm. Bir şeyə də gərək biz diqqət yetirək. Təqaüd yaşı çatmış bir çox deputatlar var ey, hansı ki, onlardan kreslolar da yorulub, onlar yerlərini gənclərə versələr əla olar. Düzdür parlamentdə elə deputatlar var ki, onlar çox gözəl biliyə malikdirlər, yaxşı təcrübələri var və parlament üçün lazımlıdırlar. Mən istərdim elə təcrübəli, savadlı, vətənpərvər, şəxsi mənfəətini güdməyən deputatlar çox olsun, belələri yaşından asılı olmayaraq parlamentdə olsunlar. Məsələn, belə deputatlardan biri Vahid Əhmədovun adını çəkə bilərəm. Digərləri də var ki, yaşları bir az çox olsa da parlamentdə olmaları xalqın, dövlətin xeyrinədir. Qadınların Milli Məclisdə çox olması daha yaxşı olardı. Mən 15 il deputat olmuşam. Bunun beş ili sovet dövrünə, beş ili keçid dövrünə, beş ili isə müstəqillik dövrünə düşüb. Təcrübəyə əsaslanıb deyirəm ki, qadın deputatların işgüzarlığı, təşkilatçılığı, təəssübkeşliyi, qanunpərəstliyi bir çox kişi deputatdan üstün olur. Daha yeri gəlib onu da deməliyəm, mənə çox gülməli gələn odur ki, deputat musiqi yazır və bununla yekəxanalanır, öyünür. Belələrinə deyilməlidir ki, səni ora qanunlar hazırlamaq, vətəndaşların sözünü demək üçün seçiblər, mahnı yazmaq üçün yox. Belələrinin yeri Milli Məclis yox, filarmoniyadır, ya da ki, konservatoriyadır. Getsinlər orada mahnılarını yazsınlar, parlamentdə boşuna yer məşğul eləməsinlər. Deputatın işi mahnı yazmaq deyil. Musiqi yazmağı daha üstün tuturlarsa getsinlər Fərhad Bədəlbəylidən xahiş etsinlər Fərhad da onları işə götürsün. Fərhadı gənc vaxtlarından tanıyıram və talantına da bələdəm. O mahnı yazan deputatları heç qapısından içəri qoymaz (gülür. E.S). Deputat hara, musiqi yazmaq hara. Ə, get deputatlığını elə də. Bax, bu biabırçılıqları mən xoşlamıram. 

- Amma bəzi musiqiçilər və müğənnilər deputatlıq iddailarını ortaya qoyduqları da məlumdur...

- O deputatlar ki, mədəniyyət xadimləridir, yaradıcı insanlardır onların Milli Məclisdə olmaları vacibdir. Mən deputat olandan sonra gəlib mahnı yazmağa, əsər yazmağa, dram teatrda əsər qoymağa başlayanlara etirazımı bildirdim. Mən məhz belələrinin parlamentdə olmasını biabırçılıq hesab edirəm. Vaxtı ilə böyük bəstəkar Niyazi, böyük sənətkarlar -  Müslüm Maqomayev, Lütfiyar İmanov deputat olublar. Biz onları parlamentdə görəndə az qalırdıq başlarına fırlanaq. Çünki onlar böyük şəxsiyyətlər idilər, öz sənətləri ilə Azərbaycanı, xalqımızı dünyaya tanıdırdılar. Biz onlardan öyrənirdik. Belələri ilə deputat olandan sonra “istedadları” ortaya çıxan adamları eyni tutmaq olmaz. Böyük sənətkar Zeynəb Xanlarova da deputatdır. Yadıma gəlir, 20 yanvar hadisələrində Zeynəb Xanlarovanın göstərdiyi cəsarəti, qeyrəti çox kişilər göstərə bilmədi. Videokameranı qadağan etmişdilər. Zeynəb xanımla rəhmətlik Tofiq İsmayılovla getdilər videokamera gətirdilər, sessiyanın çəkilişi aparıldı. Belə insanların parlamentdə olması lazımdır. Yüksək vəzifəli məmurlar və deputatlar var ki, iki gündən bir baxırsan bir musiqi yazdı. Adama deyərlər ki, musiqi yazansan o vəzifədən, deputatlıqdan get filarmoniyaya, nə gəzirsən parlamentdə? Bilirsiniz niyə belədir, həmin deputatlar Konstitusiyanı oxumayıb. Deputatlar var ki, Konstitusiyanı oxumayıb, bilmir, maddələrindən xəbəri yoxdur. Belələri deputatlıqdan sui-istifadə edirlər. Deputat xalqa xidmət göstərdiyi halda onlar özlərinə xidmət göstərirlər. Biznes quran adamlar parlamentdə oturmamalıdırlar. Gedən kimi qurduqları biznesi necə artırmaq, necə qorumaq barədə işə başlayırlar. Mənim bəzi nazirlərə yazığım gəlir. Mən deputat olan zaman yanıma bir şikayətçi gəlmişdi. Onun problemi ilə bağlı bir nazirə zəng elədim. Gördüm nazir gülür. Dedim görəsən bu nəyə gülür. Güldü və dedi ki, gəlsin yanıma məsələ həll olunar. Özümü pis hiss elədim və sonradan hökumət telefonundan zəng edib dedim ki, o nə hərəkət idi, adam yanımda ola-ola gülürsən. Dedi ki, biz nazirlərin qarşımızda deputatların siyahısı var və orada kimin ayda neçə dəfə və nəyə görə müraciət etdiyi göstərilir. Dedi ki, sizin adınızın qarşısı boş idi, nəhayət Maksim Musayevin zəng etdiyini, lakin şəxsi işi ilə bağlı deyil başqasının işi ilə bağlı xahiş etdiyinə güldüm. Nazir dedi ki, əşi, vallah deputatlar şəxsi işlərinə görə rahatlıq vermirlər bizə. Hətta dedi ki, o deputatların əlindən az qalır burdan qaçaq. İndi belə deputatlar bizə lazım deyil ki, orda oturan kimi şəxsi işləri ilə bağlı nazirlərin baş-beynini aparsın. Belə deputatların olması biabırçılıqdır. Görün, parlamenti nə vəziyyətə qoyublar ki, biri gəlir musiqi yazır, o birisi gedir dram teatrda əsərini tamaşaya qoyur. Bəxtiyar Vahabzadə kimi dahi deputat olduğu illərdə əsər qoya bilmirdi. Çünki onun nə maddi vəziyyəti, nə də vaxtı yox idi. 

- Deputatlığa namizədliyinizi vermək fikriniz varmı?

- Mən elə həm də ona görə deputat olmaq istəmirəm ki, yuxarıda qeyd etdiyim bəzi “musiqiçi” deputatlarla yanaşı oturmaq istəmirəm. Bəziləri ilə yanaşı oturmaq mənim üçün fəxrdir, bəziləri ilə yanaşı oturmaq isə mənim üçün qəbuledilməzdir. Mən 2010-cu ildə parlament seçkilərində namizədliyimi verməmişəm. İndi də namizədliyimi irəli sürməyəcəyəm. 2000-ci ildə namizədliyimi Xətai rayonundan irəli sürdüm. Orada Əli Əhmədov mənə qarşı doğru olmayan hərəkətlər elədi. Bu, böyük bir mövzudur, o barədə geniş danışmaq istəmirəm. Əli Əhmədov rəhmətlik prezident Heydər Əliyevə də yalan sözlər demişdi. Mən o zaman məhkəməyə də müraciət etdim. Məhkəmədə də məsələyə başqa cür baxdılar. Sonra 2005-ci ildə namizədliyimi Qaxdan irəli sürdüm. O zaman da Əli Əhmədov mane oldu, aldatdı. Bundan sonra fikirləşdim seçkidə iştirak etməyə ehtiyac yoxdur. Əli Əhmədovun adı YAP-ın deputatlığa namizədlər siyahısında olsaydı mən bu siyahı haqqında mənfi fikir deyəcəkdim. Onun ki, adı siyahıda deyil, deməli mən partiyanın qərarını müdafiə edirəm. Arzu edirəm o adamlar seçilsinlər. 

- Sizcə, o siyahıdakı namizədlərin təxminən nə qədəri seçicilərin səsini qazanıb seçilmək şansına malikdir.

- Bunu deyə bilmərəm. Seçki mübarizəsinin gərgin keçəcəyinə şübhəm yoxdur. Mən baş verənləri izləyirəm, cənab prezidentin də çıxışlarını dinləyirəm, camaatın fikirlərini də eşidirəm görürəm ki, bu seçkilərdə müəyyən gərginlik yaran bilər. Ona görə də gərək bizim partiya-YAP düzgün hərəkət eləsin. O mənada deyirəm ki, düzgün hərəkət eləsin, kimin namizədliyini siyahıda veribsə məhz həmin şəxsləri real müdafiə eləsin. Yoxsa ki, bir çox namizədlərə formal namizəd kimi münasibət sərgilənməsin. Məni Xətai rayonunda partiya namizədliyimi irəli sürmüşdü. Əli Əhmədov məni vurmaq üçün çalışdı. Təsəvvür edirsinizmi partiyanın deputatlığa namizədliyini irəli sürdüyü şəxsi partiyanın rəhbərliyinə daxil olan şəxs vurur, onun seçilməməsi üçün addımlar atır. Digər şəxslərlə də bağlı belə hallar baş verib, YAP-ın siyahısındakı namizədi kənara qoyub siyahıda olmayan başqa şəxsi müdafiə ediblər. Belə yanaşma düzgün deyil. Mən buna görə deyirəm ki, partiya siyahısına kimi daxil edibsə, onların hər birini real müdafiə eləsin. Mən Qaxdan namizədliyimi verəndə YAP-dan bir nəfər də yox idi, hamısı müxalifət partiyalarından idi. Müxalifət partiyalarını da Əli Əhmədov düzdü-qoşdu və mənim əleyhimə iş apardı. Mən istərdim ki, YAP bu seçkilərdə öz namizədlərini ciddi şəkildə müdafiə eləsin. Belə olsa problem olmayacaq. 

- Avropa Parlamentinin sərt qətnaməsindən sonra bir sıra siyasətçilər iddia edir ki, Qərb seçkidə qarışıqlıq yaratmağa, inqilabi situasiya yetişdirməyə hazırlaşır. Ölkəni qarışdıra bilərlərmi?
- ...

Etibar SEYİDAĞA

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR