Yay fəsli yaxınlaşır, artıq çimərlik mövsümünün başlamasına az müddət qalıb. Fəsil dəyişikliyi ilə əlaqədar insanlar qış aylarında aldıqları kilolardan kortəbii və asan yolla xilas olmaq istəyirlər. Ona görə də səhhətlərinə və orqanizmlərinə uyğun olub-olmadığını bilmədikləri, lakin internetdə populyar olan dietlərə üz tuturlar.
Musavat.com saytının əməkdaşı dietoloq Leyla Zülfüqarova ilə bu mövzu ətrafında söhbətləşib:
- Yay mövsümü yaxınlaşır. Arıqlamaq istəyən insanlara hansı tövsiyələri verə bilərsiniz?
- Arıqlamağı düşünənlər ilk öncə orqanizmlərini tanımalıdırlar. Dəb üçün deyil, özlərini sevdikləri üçün arıqlasınlar və bu prosesi həkim nəzarətində keçsinlər. Kilosunu qorumaq istəyənlər ağ çörək, şəkər yeməsinlər. Çörəklə kartof yemək olmaz. Gündə 5 pay az porsiya ilə qida qəbul etsinlər. Qara çay deyil, bol-bol su içsinlər.
- Hazırda internet əsrində yaşayırıq, hər gün müxtəlif reseptlər yayımlanır. İnsanlar “Məşhur müğənninin arıqlama sirri” başlıqlı xəbərlərə daha çox maraq göstərirlər və onu özlərində tətbiq edirlər...
- Aneroksik dietlər çoxdur. İnsanın bədəni tanınmadan, hesablanmadan, daxili xəstəlikləri müəyyənləşdirilmədən o insana diet proqramı necə hazırlana bilər? İnsanın bədəninin antioksidantlar səviyyəsi, onun da öz düsturu var. Hər kəsin bədəni özəldir. Xəstəliyi olmayan şəxs də ilk olaraq müayinədən keçməlidir. İnternətdən götürülən diet proqramları ilə arıqlamaq olmaz. Detoks içkilər geniş yayılıb, insanlarımız onlara üz tutur. Bizim xalq asana qaçmağı sevir, biz “çay içib, arıqlayım” deyən cəmiyyətik. İnsanlar forum çaylardan, yaşıl kofedən uzaq olmalıdırlar.
- Bəzən arıqlamağa və ya kökəlməyə ehtiyacı olmayan şəxslər də dietoloqa müraciət edirlər. Həkimlər isə sırf pul üçün onlara diyet proqramı yazırlar. Bu cür hallarla qarşılaşmamaq üçün bir insan nə etməlidir?
- Mənim də yanıma elə insanlar gəlib. Müayinə zamanı məlum olub ki, onun başqa problemi var. Demişəm ki, geri donub, kassadan çekinizi götürun və xəstəliyiniz üzrə mütəxəssisə gedin. Dietoloqa müraciət etmək istəyənlər ilk öncə gedəcəkləri həkimi araşdırsınlar. İkincisi, diqqət etsinlər ki, həkim onların bədənlərini tanısın, müayinədən sonra proqrama başlasın. Aldanmamaq öz əllərindədir.
- İdmansız diyet, diyetsiz idman olarmı?
- Diyet sözü yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Həyat tərzi bədən tərbiyəsiz necə ola bilər? Mən idman demirəm, çünki idman geniş anlayışdır. İnsan aktiv fiziki hərəkətlərdə olmalıdır. Mənim arıqlama proqramımda idman yoxdur, konsepsiyam fərqlidir. Mən insanı arıqlatdığım müddətdə idmanla məşğul olmasını tövsiyə etmirəm, proqram bitəndən sonra pasiyentimə düzgün qida, su və bədən tərbiyəsi proqramı verirəm.
- Mən tez-tez insanların üzdən arıqlayıb, qarın nahiyədən kökəlməsi barədə şikayətlər eşidirəm. Bu proses çox insanda yaşanırsa, deməli, bəlli səbəbi var.
- Bu, əslində qeyri-düzgün müdaxilədən xəbər verir. İnsanın istənilən nahiyəsini arıqlatmaq mümkündür. Əvvəlcə pasientin bədən tipini tapmaq lazımdır. Bu yaxınlarda Mələkxanım Əyyubova mənə müraciət etmişdi, bildirdi ki, kilosunun dəyişməsini istəmir, ancaq qarın nahiyəsinin arıqlamasını arzulayır. Biz də istəyini nəzərə alaraq, onu 2,5-3 kilo arıqladaraq, 12-14 sm belini incəltdik. Dietologiya elmi çox qəlizdir, insan bədəni üzərində individual iş getməlidir. İnsanlar kor-təbii, hər gördüyü dietə aldanmamalıdır.
- Bəlkə insanların dietoloqdan çox kortəbii vasitələrə müraciət etməsinin səbəbi bu prosesin baha-başa gəlməsidir?
- Sizinlə razıyam. Biri var, havayı resept, bir də var proqram... Lakin onun ağrı acısını sonradan çəkirlər. Insanlar təbii ki, öz seçimlərini edir. Mən heç yerdə demirəm ki, gəlin sizi arıqladım, 5 ildir ki, bu sahədə ciddi işlər görüb, mediada bu sahənin təbliğatı ilə məşğulam, amma kimsə efirdə telefon nömrəmin səsləndirildiyini görməyib. Lakin buna baxmayaraq ölkə xaricindən də yanıma gəlirlərsə, deməli, insanlar ciddi araşdırma edib, təbii seçmə nəticəsində bu problemlərdən bir dəfəlik qurtulmaq istəyirlər. Yanlış yol seçənlər də sonda peşəkarlara üz tutur. Keyfiyyətli iş ucuz ola bilməz. İnsan doğru yolla arıqlayarsa, ömür boyu çəkisini qoruya bilər. Düzgün proqramla 6 ay ərzində 100 kq kilo atmaq belə, mümkündür. Ona görə də insanlar yanlış yollara əl atıb, həm vaxtlarını, həm pullarını heyf etməsin.
- İndi ən çox yayılan arıqlama üsulu su, limon, xiyar, nanə qarışığıdır. Bu içki nə qədər xeyirlidir?
- Bu detoks içki kimi təqdim olunur. Lakin o ərzaqlar mayeyə verilən ekstra dadlar üçündür. Əhali olaraq suyu az içirik. Biz su içək deyə bu vasitəyə əl atırıq. Lakin bu içkinin də ziyanlı tərəfləri var, fiziologiya çox önəmlidir. Əgər insan ciddi animik xəstədirsə, böyrəklərində problem varsa, ac qarına bu içkini içmək düzgün deyil. Bədənini tanımayan, xəstəliyini bilməyən insan kortəbii bu içkini içə bilməz. Biz çox xəstəlikdən əziyyət çəkən xalqıq. Heç bir sağlamlıq problemi olmayan şəxslər hər gün olmamaq şərti ilə bu içkini içə bilərlər. Soda ilə suyun qarışığı olan dietlər var, onlar lap dəhşətlidir. Soda möcüzəvi qida deyil. İnsanlar normal qidalanmalıdır ki, sağlam həyat tərzi olsun.
- Şirin çay azərbaycanlıların səhər yeməyinin vazkeçilməzidir. Lakin şirin çayın insan orqanizminə ziyanları çoxdur. Bizim insanlar isə bundan xəbərsizdirlər...
- Sübh tezdən hormonların ayıldığı vaxtda bədəni şəkərlə yükləyirik. Şəkərli diabetdən əziyyət çəkən xalqıq. Bunun da səbəbindən biri şirin çaydır, səhərlər bədəni şəkərlə yükləmək olmaz. Buna stop etməliyik. Avropada səhər çox yüngül qidalar qəbul edirlər. Bizim də öz səhər yeməyi menyumuz olmalıdır. Alkoqola olduğu kimi, “Şirin çaya da stop” kampaniyası olmalıdır. Şirin çay spirtli içki və siqaret qədər təhlükəlidir.
- Arıqlamaq və ya kökəlmək istəyən şəxsin psixologiyası bu prosesə necə təsir edir? Məsələn, “Heç vaxt arıqlaya bilməyəcəyini düşünə-düşünə bir insan istəyinə nail ola bilərmi?
- Kökəlmənin növləri var. Bunlardan biri də psixoloji aspektdən olan bulimiya, anareksiya xəstəlikləridir. Anareksiya arıq olduğu halda özünü kök hiss edən insanın bilə-bilə qidalardan əl çəkməsidir. Bulimiya xəstəsinin isə yanlış qida alışqanlığı olur. Hipofizde-hipotalamusda aclıq mərkəzi var ki, orada yanlış aktivləşmə olarsa, insan həddindən artıq yeyir. O cür xəstələrin ilk öncə psixoloji durumunu düzəldirik.
- Deyirlər ki, yaxşı dietoloq arıq olar. Dietoloqun kilolu olması onun peşəkar olmadığına dəlalət edir?
- Dietoloq incə olsa, yaxşıdır. Amma “mütləq arıq olmalıdır” fikri yanlışdır. Dietoloqun genetikasında olan problemləri, diabetdən əziyyət çəkib-çəkməməsini bilmirik. Ötən il Endokrinoloqlar Assosiyasiyasının təşkil etdiyi konfransda iştirak edən zaman orada kilolu dietoloqlar vardı, onlar normal qarşılanırdı. Lakin heç bir xəstəlikdən əziyyət çəkməyən dietoloq arıq olmalıdır. Bir də arıqlığı dəb bilib özünü anoreksik vəziyyətə salan yerli dietoloqlar da var. Bu məsələ məni narahat edir. Hər kəsin bədən tipi - Skandinaviya, Asiya və s. var. Məsələn, mən Şərq bədən tipinə aidəm, orta-iri bədən tipi kateqoriyasındayam. Özümü Skandinaviya tipinə heç vaxt salmaram, çünki bu işin təməl bilgilərini bilirəm. Dünya ulduzu Monika Belluci 52 yaşındadır, hələ də kişilər ona heyrandır. O da iri bədən tipinə aiddir və heç vaxt arıq olmayıb, sadəcə çalışıb ki, bədənində yağ olmasın. Bu işi bilməyənlər isə Monikanın, Cenifer Lopezin kök olduğunu deyə bilərlər. Əsas odur, bədən tipinə uyğun formada olasan.
- Sizi həm də sənətçilərin dietoloqu kimi tanıyırlar. Tənbəl sənətçilərimiz kimlərdir?
- Müğənnilər arasında tənbəli çoxdur.Mən əsasən ziyalı təbəqədən olan mugənnilər, aktrisalar, aparıcı və jurnalistlərdən razıyam. Onlar diet proqramına məsuliyyətli yanaşır. Murad Ariflə 3 ay ərzində 25 kq arıqladıq ki, artıq iki ildir itirdiyimiz çəki geri qayıtmır. Amma biz onunla o vaxt 90 kiloya çatanda proqramı dayandırdıq. İradəsi pik səviyyədə olmadığını özü də etiraf edir. Lakin İQ səviyyəsi yüksək olan insandır deyə onunla çalışmam rahat olub. Seriallara çəkilən aktrisalarımız formada qalmağa üstünlük verirlər. Onlar başa düşürlər ki, televiziyada göz önündədirsə, arxası ilə böyük kütlə gedir. Onların karyerasında görünüş böyük rol oynayır. Qarınlı bir aktyora xanımlar pərəstiş etmir, ona görə də bizim xanımlar hələ də Burak Özçivitə baxırlar.
- Son olaraq, oxucularımıza nə məsləhət vermək istərdiniz? Sağlamlığı qorumaq üçün hansı qidalardan imtina edilməlidir?
- Üç ağ qidaya – un, şəkər, duza stop desinlər. Duz az miqdarda olar. Kilomuzu nəzarətdə saxlamaq öz əlimizdədir. İlk öncə yedikləri yeməklərə diqqət etsinlər, ev yeməklərinə üstünlük versinlər. Kortəbii arıqlama və ya kökəlmə üsullardan uzaq dursunlar. Bu prosesi həkim nəzarətində etsinlər. Çünki hər şeydən öncə insanın sağlamlığıdır.
Könül İbrahim,
Musavat.com