İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksim Musayev: “Bu seçkidə də Əli Əhmədov kimilər at oynatsalar...”

7930 21.09.2015 08:35 Müsahibə A A

Yeni Azərbaycan Partiyasının qurucularından olan sabiq deputat Maksim Musayev hakim partiyanın deputatlığa namizədlər siyahısı, parlament seçkiləri və digər məsələlər barədə “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibənin ikinci hissəsini təqdim edirik.

 
(əvvəli ötən sayımızda)

- Avropa Parlamentinin sərt qətnaməsindən sonra bir sıra siyasətçilər iddia edir ki, Qərb seçkidə qarışıqlıq yaratmağa, inqilabi situasiya yetişdirməyə hazırlaşır. Ölkəni qarışdıra bilərlərmi?

- Avropa bizim daxili işlərimizə qarışmamalıdır, bizə qarşı qərarlar çıxarmamalıdır. Avropanın özünün o qədər problemi var ki, onunla məşğul olsalar, bəsləridir. Mən erməni dilində danışmaq bacarığımı itirməmək üçün hər gün Ermənistanın 3-4 telekanalını izləyirəm. Görürəm ki, Avropa bizə qarşı nümayiş etdirdiyi mövqeni Ermənistana qarşı etmir. Halbuki, Ermənistanda acınacaqlı durumdur. Qardaş Türkiyəyə qarşı da Avropa İttifaqı qərəzli mövqedədir və istəyirlər ki, Türkiyədə qarışıqlıq düşsün. 

- Sizin fikrinizcə, builki seçkilər necə keçiriləcək? Necə keçirilməlidir ki, ölkə zərər görməsin?

- Bu, çox geniş mövzudur. Mənim başıma Əli Əhmədov o qədər oyunlar gətirib ki, danışmaq istəmirəm. Bu seçkidə də Əli Əhmədov kimilər həmişəki kimi at oynatsalar, ola bilsin, seçkilər o qədər də xoşagələn, rəvan olmadı. 

- Siz tez-tez Əli Əhmədovun adını mənfiyə çəkirsiniz, çox şeydə onu günahkar görürsünüz. Ancaq Əli Əhmədov vəzifə pillələrində irəli çəkilir, baş nazirin müavini də oldu. Bu, daha çox tənqid olunanların daha irəli çəkilməsi hesab edilə bilərmi?

- Əli Əhmədovla düşmən deyilik. Əli Əhmədovla biz həmyerliyik. Dərinə getsən, qohumluğumuz da çatar. Ancaq biz bir-birimizə düzgün qiymət verməyi, tənqidi bacarmalıyıq, səmimi olmalıyıq, maskalanmamalıyıq. Biz maskalı olsaq, bizim maskamızı cırmalıdırlar. Mən Əli Əhmədovun adını elə-belə çəkmirəm. Mən yaxşını yaxşı, mənfi işləri mənfi qiymətləndirməyin tərəfdarıyam. Bir neçə gün öncə baş nazirin müavini Əli Həsənovun çıxışını dinlədim, çox xoşuma gəldi. Əli Həsənov Avropadan Azərbaycana qarşı hücumları tənqid etməklə yanaşı, bir sıra Avropa ölkələrində Azərbaycanın səfirlərinin, diplomatlarının fəaliyyətsizliyini ciddi tənqid etdi, həmin səfirlərin fəaliyyətsizliyinin nəticəsində Azərbaycanla bağlı o ölkələrdə yanlış təsəvvürlərin yarandığını dedi, səfirlər haqqında ciddi düşünülməli olduğunu qeyd etdi. Əli Həsənov çox doğru mövqe ortaya qoydu və ölkə üçün çox ciddi məsələnin üzərinə getdi. Mən bax bu cür müsbət işləri müsbət qiymətləndirirəm. Kimlərin ki, naqislikləri var, onları da tənqid etməkdən çəkinmirəm. Tənqid olmayan yerdə inkişaf olmaz. Tənqidi düşmənçilik, qərəz kimi qəbul etmək yanlışdır. Bizim millət və dövlət olaraq qüsurumuz odur ki, biz öz müsbət tərəflərimizi tam göstərə bilmirik, dünyada təbliğatımızı lazımi səviyyədə apara bilmirik. Əli Əhmədov tənqidi qazanıb. Ona görə də onun adını tənqidi formada çəkirəm. Baş nazirin müavini vəzifəsinə irəli çəkilməsinə gəlincə, bu, ölkə prezidentinin qərarıdır və mən heç vaxt prezidentin sərəncamına zidd ola bilmərəm, olmaram. Cənab prezident onu oraya təyin edib ki, işləsin. O da işləsin, ancaq öz işi ilə məşğul olsun.   

Siyavuş Novruzov Heydər Əliyevin portretini ilk olaraq qaldırdı və apardı”


- Ölkə prezidentinin parlament seçkilərindən sonra bir çox sahələrdə islahatlara başlayacağı, bir çox məmurları dəyişəcəyi barədə informasiyalar yayılır. Sizin üçün bunların baş verəcəyi gözləniləndirmi? Ümumiyyətlə, qeyd olunan islahatlara gedilməlidirmi?

- Bu barədə qəti bir fikir söyləyə bilmərəm. Mən çoxdandır bu cür məsələlərdən kənardayam. Məqalələr, kitablar yazıram. Kadr siyasətinə mən heç vaxt müdaxilə etməmişəm.

Respublikada kadrları çox yaxşı tanıyan və o sahədə çox böyük biliyə malik olan şəxs Ramiz Mehdiyevdir. Ramiz Mehdiyev respublikadakı kadrları çox yaxşı tanıyır. O bilir ki, kimin qabında nə var, kim nəyə qadirdir, kim nəyə layiqdir, kimi harada istifadə eləmək olar, kimi hardan götürüb hara dəyişmək olar. Ramiz Mehdiyev bu sahədə yaxşı mütəxəssisdir. Onunla hələ komsomolda, partiyada bir yerdə işləmişəm, beş il birlikdə deputat olmuşuq və bacarığına yaxından bələdəm. Gərək hər kəsin yaxşısını da, pisini də deyəsən. 

Ölkədə parlament seçkilərindən sonra nə olub-olmayacağını, islahatlar olub-olmayacağını mən deyə bilmərəm. Bu, mənim kampitensiyama aid məsələ deyil. Heç maraqlanmıram da. Heç bilmirəm ki, çox rayonlarda kim icra başçısıdır. Bəzi nazirləri, Bakı rayonlarının bəzilərinin icra başçılarını tanıyıram. Onların işləri ilə maraqlanıram. Çünki özüm icra başçısı işləmişəm. Baxan kimi görürəm ki, kim necə işləyir. 

- YAP-ın qərargahına gedib-gəlirsiniz?

- Yox, YAP-a getmirəm. Heç YAP-da indi məni tanımırlar da (gülür - E.S). “Ermənilər Amerikada” adlı kitab yazmışam. Bu yaxınlarda həmin kitabı türk dilinə tərcümə etdirmək üçün getmişdim. Getdim avtomobilimi o ərazidə saxlamağa yer tapa bilmədim və dedim aparıb YAP-ın qərargahının qarşısında saxlayım. Maşını YAP-ın qapısının qarşısında saxlayıb düşəndə qərargahdan çıxıb dedilər ki, maşını burada saxlama. Maşınımı YAP-ın qarşısında saxlamağa qoymadılar. Dedilər ki, bu yer Siyavuş Novruzovun yeridir. Dedim ki, a kişi, Siyavuşa quzu kəsim, vallah mən bu YAP-ı yaradan adamlardan biriyəm, məni tanımırsınız? İçəridən bir-iki nəfər də gəldi və bir-birilərinə dedilər ki, deyəsən bu adam Maksim Musayevdir (qəribə tərzdə gülür - E.S). Məni tanıyanlar, nəhayət, dedilər ki, YAP-ın qərargahı qarşısında bir saatdan artıq dayana bilməzsən, burada Siyavuş Novruzovun maşını dayanacaq. Özü də ətrafda 4-5 maşın dayana biləcək yer var idi. Çox xahiş-minnətlə maşını qoydum orada və getdim tərcümə mərkəzinə. Tez də qayıtdım və gördüm ki, maşını evakuator aparmayıb. Bax, mənim son illərdə YAP-ın qərargahı ilə əlaqəm bundan ibarət olub. Partiyada keçirilən tədbirlərə də dəvət edilmirik. 

- Qərargahın qarşısına getmişkən içəri girib partiyaya bir baş çəkə bilməzdiniz?

- Kimə baş çəkim? YAP-ın 20 illiyində məni dəvət eləməmişdilər. Hələ üzümə də durdular ki, sənin YAP-ın yaranmasında heç bir iştirakın olmayıb, sən heç YAP-ı tanımamısan. Halbuki, Eldar İbrahimov YAP-ın yaradılması üçün Masallıya gedən məni və Şirvan Əbilovu aparıb bir otaqda yerləşdirib. Otaq soyuq idi, Eldar İbrahimov mənim də, Əbilovun da üstünü örtüb və deyib ki, özünüzü soyuqdan qoruyun. Bəs mən nə gəzirdim orada, YAP yaratmağa getmişdim də. Eldar İbrahimov isə 20 illikdə üzümə durdu ki, YAP-ın yaranmasında heç bir işi olmayıb. Olanları danmaq düzgün deyil. Onlar mənim xidmətlərimi dansalar da, mən onların xidmətlərini danmıram və bu gün də dilə gətirirəm. YAP-ın yaradılması işində Eldar İbrahimovun da böyük zəhməti var. Onun o dövrkü xidmətlərini sadalaya bilərəm. Eləcə də Siyavuş Novruzov mənim YAP-ın yaradılması işində xidmətlərimi dansa da mən onun da xidmətlərini sadalaya bilərəm. Əli Əhmədov isə o dövrdə AMİP-də idi. 

Adamın başının üstündə Allah var, mən Eldarla Siyavuşun YAP-a xidmətlərini bildiyim halda dana bilmərəm. Bu, allahsızlıq və ədalətsizlik olardı. Onlar isə mənim üzümə durdular ki, sən o zamanlarda olmamısan. Olmamışamsa, mən Naxçıvanda YAP-ın yaradılması ilə bağlı tədbirdə nə gəzirdim? Bakıdan gedənlərdən o tədbirdə cəmi üç nəfər çıxış etmişdi. Biri rəhmətlik Samur Novruzov, biri Murtuz Ələsgərov, biri isə mən. Təyyarə gec getdiyi üçün mən təyyarədən düşüb birbaşa tribunaya çıxmışam. Heydər Əliyev məni tribunada görəndə təəccüblə deyib ki, necə gəlib çatdırdın, çıxış etmək istəyirsən? Çıxış etmək istədiyimi bildirdim, şərait yaratdı. 

Bunlar hamısı insanların gözünün qarşısında olub. İlk dəfə 51 nəfərdən ibarət Siyasi Şura seçilib və mən onlardan biri olmuşam. Əli Əhmədov isə bir neçə ilə əvvəl Eldar İbrahimovu, Siyavuş Novruzovu mənim üzümə durmağa vadar etdi və onlar mənim YAP-da heç bir xidmətimin olmadığını dedilər. Mən isə Siyavuşun YAP üçün, Heydər Əliyev üçün xidmətlərini heç vaxt danmıram. Bir fakt həmişə yadımda qalıb. Mən prezident seçkisində namizədliyi vermək üçün yaş senzinin qoyulmasına qarşı iclas keçirirdim. Dedilər ki, Heydər Əliyevin portretini tapa bilmirik. Göstəriş verdim, tapıb gətirdilər. Biz oradan yürüş etdik. Dedilər ki, Heydər Əliyevin portretini qaldırıb aparan gənc lazımdır. Dedilər ki, bir nəfər qolu qüvvətli oğlan var, adı Siyavuşdur. Bu, həmin bu Siyavuş Novruzov idi. Siyavuş Heydər Əliyevin portretini ilk olaraq qaldırdı və bir az apardı. Sonra başqa birisi götürdü. Bu hadisə bəlkə də onun özünün də yadından çıxıb. Mənim yadımdan çıxmayıb və ədalət naminə dilə gətirirəm. Səni sağ olasan, ay Siyavuş, sən isə mənim üzümə durursan ki, YAP-da heç bir xidmətin yoxdur. 

Etibar SEYİDAĞA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR