İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Şıxlı: “Rauf Mirqədirov onu tutanlar haqda deyib ki, yıxılana balta çalmazlar”

4446 16.12.2015 08:45 Müsahibə A A
Gündəmin əsas fiqurlarından biri də heç şübhəsiz ki, hazırda məhkəməsi gedən həmkarımız, “Ayna”  - “Zerkalo” qəzetlərinin əməkdaşı Rauf Mirqədirovdur. Leyla və Arif Yunusların azadlığa çıxmasından sonra həmkarımızın da tezliklə azadlığına qovuşacağı səslənən təxminlər sırasındadır. 

Amma bu aralar fəaliyyətini dayandırmaq məcburiyyətində qalan “Ayna” -  “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı üçün də həlledici dönəmdir. Əməkdaşının azadlığa çıxması ilə rəhbəri olduğu qəzet də yenidən media sıralarına qayıda bilərmi? Üstəgəl, “MTN işi”nin R.Mirqədirov mərhələsi ilə bağlı cavablanmamış xeyli sual olduğunu da nəzərə alıb, E.Şıxlı ilə “Yeni Müsavat” qəzetinin redaksiyasında söhbət etdik. 

Qəzetimizin baş redaktoru Rauf Arifoğlunun iştirakı ilə baş tutan müsahibə zamanı pərdəarxasındakı bir çox məqamlara aydınlıq gətirdik. 

- Həbsdə olan jurnalistlərdən biri də sizin əməkdaşınız Rauf Mirqədirovdur. Bugünkü zəngin gündəmdə müzakirə olunan məsələlərdən biri də onun həbsdən azad ediləcəyi ilə bağlıdır. Çünki onun adının hallandırıldığı cinayət işi bağlanmaq üzrədir. Yunuslar çıxdı və o işlə bağlı təkcə Rauf Mirqədirov həbsdə qalıb. Öncə işin gedişi ilə bağlı son durumu öyrənmək istərdik. Və onun azadlığa çıxacağı ilə bağlı yaranan ümidlər... nə qədər reallaşa bilər, fikrinizcə? Bu il onu azadlıqda görə biləcəyikmi?

-  Onun şansının olub-olmaması barədə bir şey söyləyə bilmərəm. Vəkili Fuad Ağayevin bir sözü var ki,  Azərbaycanda proqnoz vermək çox müşkül məsələdir. 

- Bəs proses nə yerdədir? 

“Raufu güdənlər - Milli Təhlükəsizlik Nazirliyində Antiterror İdarəsinin işçiləri və istintaq əməliyyatının başında duranların hamısı hazırda içəridədir”


- Ümumi məntiqlə götürəndə sizin söylədiyiniz və sadaladığınız bütün məqamlar öz əksini tapır. Arif Yunus, Leyla Yunus azadlığa çıxdı. Onlarla və  Raufla bağlı “vətənə xəyanət maddəsi” üzrə cinayət işi ayrıca icraata götürülüb. Bu işdən ayrıldı və bildiyim qədər istintaq hərəkəti də yoxdur. Əsas da Raufun günahı ondan ibarət idi ki, Leyla Yunusun erməni tərəfi ilə layihələri çərçivəsində Ermənistana tədbirlərə gedib, orda iştirak edib. Təbii ki, oradakı ermənilərə salam verib və bu zəmində onlarla ünsiyyəti olub. Ona qalanda gərək məni Raufdan əvvəl tutaydılar...   

Eləcə də bizim tanınmış bir çox jurnalistlərimizi.  Çünki istənilən beynəlxalq konfrans üçün ölkədən qırağa çıxanda bütün Avropa Şurası, digər strukturlar bizi bölgə kimi götürürlər. Orda ermənisi də olur, osetini də, gürcüsü də. Bunlarla istər-istəməz konfrans çərçivəsində toqquşursan. Görüşürsən, bir süfrə arxasında yemək də yeyirsən, çünki yeməkxana eynidir, yeməlisən. İndi bunlar bir qədər patetik söhbətlərdir, onun konkret məsələyə aidiyyəti yoxdur.  Belə çıxır ki, Ştirlisin dili ilə desək, rezidentlər - Arif və Leyla Yunuslar azadlıqdadır, amma bunların “tapşırığı ilə” işləyən adam hələ də azadlıqda deyil. Bu, məntiqə sığmır. Rauf Mirqədirovun məhkəmə istintaqı da dünən bitdi. Sabah (bu gün-red.) dövlət ittihamçısı cəza istəyəcək. 



- Raufun özü ilə xəbərləşmək imkanınız varmı? Sizə yazırmı? Çünki barəsində ən az məlumat verilən məhbusdur. Digərlərinin vəkilləri, çevrəsi, ailəsi dayanmadan məlumat ötürür ictimaiyyətə, mediaya. Amma Raufun yeganə anası ayda bir-iki dəfə yazılar yazır. Bu, müdafiə taktikasıdır, ya Raufun özünün qərarı? 

- Birincisi, hər halda, jurnalistlərdən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan yeganə adam Rauf Mirqədirovdur. Oradan qırağa çıxarılmayıb. 

- Neçə aydır orda qalır? 

O, anasını qoruduğu üçün mətbuatda barəsində xəbər getməsini istəmir”



- 20 aydır.  Həm də təkadamlıq kameradadır. Düzdür, ola bilər, şəraiti, səliqə-sahmanı qaydasındadır. Amma rejimi ağırdır. O ki qaldı bayaq söylədiyiniz taktika məsələsinə, bu, Raufdan da gəlir, vəkilindən də. Raufdan ona görə gəlir ki, onun həbsinin bir ayı çıxmamış atası rəhmətə getdi. Bu hadisələrə dözmədi, yaşlı adam idi, dünyasını dəyişdi. Mən indi vəkili ilə əlaqə saxlayıram. Çünki vəkilindən başqa onunla görüşən yoxdur. Vəkili deyir ki, təzyiq problemi vardı, təzyiqini sala bilmirdilər. Bir həftə Penitensiar Xidmətin hospitalında qaldı. Orda oxunulası nə varsa, oxuyub, görmə qabiliyyətini xeyli zəiflədib, gözündə də problemlər yaranıb. Amma vəkilə deyib ki, anama heç nə demə. Çünki bilirdi ki, vəkili bunu mediaya desə, anası da oxuyacaq, narahat olacaq. Anasını qoruyur. Bir məqam da var. Raufu güdənlər  - Milli Təhlükəsizlik Nazirliyində antiterror idarəsinin işçiləri və istintaq əməliyyatının başında duranların hamısı hazırda içəridədir. 

- Rauf Mirqədirovu tutanlar və bu prosesi aparanların hamısı tutuldumu?

- Səhv etmirəmsə, 70-80 faiz. Qalanları da çıxarıldı. 

- Necə hesab edirsiz, Yunusların buraxılması, Raufun işindən bir maddənin götürülməsinə MTN-də baş verən ifşa prosesinin hansısa təsiri varmı? 

- Ola bilsin ki, təsiri olsun. Onlar öz işlərini görürlər. Pis çıxmasın, buyruq quludular. 

- Bəlkə mexanizm fərqlidir. Bəlkə bu adamlardan yuxarılara yanlış, düzünəqəsdlə yalan məlumatlar gedir. Ən sonda isə məlum olur ki, bu əməliyyatı keçirən adamların özləri vətən xainidir. 



- Deyə bilmərəm. Amma Raufa vəkili də, anası da çatdırıb ki, səni tutanlar indi özləri tutulub. Bəlkə bu işlə bağlı sən şikayət edəsən? Rauf anasına vəkili vasitəsilə çatdırıb ki, yıxılanı vurmazlar. 

Məncə, Rauf Mirqədirovu Rusiyanın sifarişi ilə həbs ediblər”


- Amma indi aydın olur ki, bu adamlar Azərbaycanı yıxıblar. İki bankı çökdürüblər, iş sektorunu söndürüblər, insanların başına torba keçirib aparıblar, sonra şantaj ediblər. 

- Raufun onlardan  xəbəri yoxdur. 

- Tam məlumatsızdır? Ora qəzet getmirmi? 

- Təzə-təzə olanda hələ bizim qəzet də işləyirdi, Rauf şikayət edirdi ki, mən “Zerkalo”, “Yeni Müsavat”, “Azadlıq” istəyirəm. Onu oxumağa vermirdilər. Əvəzində “Səs”, “Yeni Azərbaycan” qəzetini verirdilər. Rusdilli, ölkə xaricində dərc edilən qəzetləri də həmçinin vermirdilər.

Təsəvvür edin ki, Raufun Leyla Yunusun azadlığa çıxmasından ancaq dünən xəbəri olub. 

- Sizin özünüz mediaya açıqlamalarınızda hər zaman istintaqdan, orda sizə olan münasibətdən razılıq etmisiz. Məhkəmədən çıxandan sonra da bildirmisiz ki, hər hansı psixoloji təzyiq, yönləndirmə olmadı... 

- Təzyiq olmayıb deyəndə ki, məni sıxmayıblar, qolumu burmayıblar, içəri atmayıblar. Amma 3 ay dəhşətli bir yoxlamadan keçmişəm. 

- Elçin bəy, pərdəarxasında baş verənləri heç kim bilmir. Bəlkə bunları açıqlayasız? 

- Məşədi İbadın hambalı deyirdi ki, a Məşədi, mənim bir abbasım noldu? Məni bu dəqiqə ən çox yandıran kompüterimin prosessorudur. Yoxlama zamanı onu apardılar.  O zaman tez-tez zəng edib soruşurdum. Çünki arxiv, atamın xatirələri, kitab... hamısı ordadır. 

- Qəribə deyilmi? Bu qədər biznes, qəzet getdi... Bir tək kompüterdən danışırsız. Qəzeti dayandırmaq məcburiyyətində qaldız siz? 

- Qəzeti dayandırdım. Birbaşa Raufun həbsi ilə bağlı olmasa da, onun həbsi psixoloji cəhətdən güclü zərbə oldu. 



- 3 ay ərzində sizdə nəyi yoxladılar?
 
- Sualı başqa cür qoymaq yaxşı olardı ki, nəyi yoxlamadılar. 

- Sizin də əlaqələri yoxladılarmı? Hara gedib-gəlməniz, xarici səfərləriniz... Yoxsa ancaq maliyyə? 

- Əsas maliyyə idi. Üstəgəl, Raufun yazıları ilə bağlı araşdırma. Prosessoru götürmələrinin səbəbi də o idi ki, xam materialda Rauf nə yazıb? Amma qəzet işini bilirsiz, yazının üzərində işləyirsən və kompüterdə son versiya qalır. Hər halda, mənə söz vermişdilər ki, 20 günə qaytaracaqlar. 

- Sizin üçün də həbs ehtimalı var idimi? Məsələn, bir ara sizə elə gəldimi ki, bu, baş verəcək? 

- Sözün doğrusu, hazır idim. Daxilən hazırlıq var idi.

- Amma bizə müsahibənizdə demişdiz ki, qəzetlərin fəaliyyətini dayandırmasaydım, başqa işçilər də həbs oluna bilərdi. Siyahıda kimlər var idi? 

- Siyahı məsələsi deyildi. Sadəcə, məqam və proseslər elə yerə gedirdi ki, dayanmaq bir başqa şeydir, həbslə bağlı dediyim başqa şey. Sizin qəzeti demirəm, amma biz başqa yerlərdə yazılmayanları yazırdıq. Bu saat Rusiyanın iç üzü tam açılır... Mənim qənaətim belədir ki, Raufu Rusiyanın sifarişi ilə həbs ediblər. 

- Konkret Gürcüstan olaylarından etibarən yazdığı yazılara görə? 

- Gürcüstandan başladı. Gürcüstanda 2008-ci ilin avqustunda baş verən hadisələrdən sonra bizdə kəskin, anti- Rusiya yazıları yazıldı. 

- Təkcə rus dilində yazılması  faktoru da səbəb ola bilərdi? 

- Deyə bilərlər ki, nə olsun, rus dilindədir? Çap versiyasının maksimum 3-5 min tirajı vardı, internet versiyanı da bura əlavə etsək, olsun 10-20 min. Bu, Rusiya üçün miqdar, kəmiyyət baxımdan heç nədir. Biz öz yazılarımızla Rusiyada ictimai fikrə təsir edə bilməzdik. İstəsək belə. Narahatlıq ondadır ki, biz Rusiya haqda buradakı ictimai fikrə təsir göstərirdik. Tutaq ki, azərbaycandilli mətbuatı ruslar oxumasalar da, səfirlik bizim qəzetləri oxuyur. Son 3 il ərzində Rusiyanın Azərbaycandakı səfirliyi milli bayramlara, tədbirlərə bizi dəvət etmir. 

- Mənə isə  son 20 ildə bir dəfə də olsun dəvət gəlməyib. 

Çox güvəndiyim Türkiyə bizə qarşı sayğısız münasibət göstərdi”


- Təəssüf ki, son 2 ildə türklər də məni heç yerə dəvət etmirlər. 



- Elçin bəy, deyirsiz ki, Rauf  Mirqədirovun həbsinə  Rusiya əleyhinə yazdığı kəskin yazıları səbəb olub. Belə çıxır ki, onu daha sonra MTN işinə “pərçimləyiblər”. 

- Yadınıza gəlirsə, 2007-ci ildə bina çökdü. O zaman bizdə bir yazı getdi, üç müəllifin imzası ilə. Biri rəhmətlik İbrahim Bayandurlu idi, digəri Rauf Mirqədirov. Orda hadisə haqda bir versiya vardı ki, “sürünən terror”. O zaman seçki qabağı idi. İbrahimə kimsə qonşulardan demişdi ki, qəza olmamışdan əvvəl slavyan görünüşlü adam kamerayla binanı çəkirdi. Baş prokurorun müavini həmin vaxt dedi ki, cəsədlərin birinin üzərində yanıq əlamətləri var. Yanıq əlaməti varsa, deməli, partlayış olub. Yəni terror ehtimalı həmin yazıda qeyd olunmuşdu. 

- 2007-ci ildə yazılan yazının hansısa təsiri var deyirsiz... 

- O yazıdan sonra İbrahim Bayandurlu  12 saat  MTN-də saxlanıldı. Raufu gəlib redaksiyadan apardılar. 

- Bəs niyə o zaman yox, aradan bu qədər il keçəndən sonra həbs etdilər? 

- Yığılıdı, yığıldı...  Həmin yazıya görə mənim özüm 5 saat dindirildim. Gecə 1-də çıxdıq. Rus səfiri yazı çıxan gün bir gündə iki dəfə mətbuat konfransı çağırmışdı “Zerkalo” əleyhinə. 

- Bəs Rauf bəy tutulan zaman nə vardı onun və qəzetin gündəmində? Nədən yazırdı və Rusiyanı, onun başında dayanan şəxsi necə tənqid edirdi? Onların təhqir hesab edəcəyi hansı ifadələrdən istifadə edirdi? 

- Həmin vaxt gündəmdə Krım vardı. Birbaşa Putini müəyyən mənada təhqirə də gedirdik. Mən istəməsəm, onu verməyəcəkdik. Biz Krımı işğal, Rusiyanı da işğalçı adlandırırdıq. İzah edirdik ki, nə üçündür. Əsas da Putindən gedirdi söhbət. Silsilə və kəskin yazılar getdi. 



- O ərəfədə Türkiyədən nə yazırdız? 

- Ərdoğandan. Siyasi sistemdən, Ərdoğan rejimindən, təkhakimiyyətlilikdən. 

- Mən sizi tanıyan biri kimi Türkiyə sevginizi də bilirəm. Amma Rauf Mirqədirov Türkiyədə çox pis halda həbs olundu, ailəsi qovuldu. Bu, sizə necə təsir elədi? Bununla bağlı səfirliklə görüşdüzmü? Hansı təpkini verdiz? 

- Mənə çox pis təsir elədi. Rauf tutulan zaman yoldaşı mənə zəng edib təlaşla bildirdi ki, bizi avtobusdan endirdilər: “Uşaqlarla bizi gecə atdılar yolun ortasına, Raufu da götürüb apardılar”. Raufa orda deyiblər ki, bizim Türkiyə olaraq sənə heç bir iradımız yoxdur. 

- İradı yoxdursa, uşaqları niyə küçənin ortasında qoyublar? 

- Polisdir də. Tərbiyəsi, qanacağı, ağlı  çatmayıb.  Mən Türkiyə səfirliyinə müraciət elədim. Dedilər ki, səfir Bakıda yoxdur, mətbuat müşaviri də yoxdur. Mənə cavab veriləcəyini desələr də, heç bir cavab verilmədi. Ondan sonra bir-iki dəfə müsahibə alınanda dedim ki, çox güvəndiyim Türkiyə bizə qarşı sayğısız münasibət göstərdi. Başqa ölkə olsaydı, biabır edərdim, amma Türkiyədir deyə susuram.
 
- İndi Türkiyə səfirliyinin tədbirlərinə dəvət olunmursuz, yoxsa özünüz getmirsiz? 

- Dəvət olunmuram. Hesab edirəm ki, bu, mənim Türkiyə ilə bağlı sözlərim, açıqlamalarımla bağlıdır. 

- Qəzet fəaliyyətini dayandırsa da, ofisiniz hələ də qalır. Bu, sonuncu ümidlərin ölmədiyini göstərir? 

- Ofisi məcburən saxlayıram.  Təbii, ümid həmişə var. İş burasındadır ki, qanunlara əsasən, qəzeti rəsmən bağlamaq üçün külli miqdarda pul lazımdır. 42 min manat. İnsanların məzuniyyət pulu, işdən çıxarılanda təzminat, pensiya fondu, vergilər... Məndə həmin məbləğ olsaydı, qəzeti dayandırmazdım. Aylıq dövriyyə üçün 45-50 min manat xərclərimiz vardı. Bütün ixtisarlardan sonra o məbləğ qalırdı. 

- Elçin bəy, qəzeti bağlamaya bilərdizmi? Bir az vaxtsız və panika ilə verilmiş qərara bənzəmədimi, sizcə? Sanki siz qorxduz, çəkindiz... 

- Yox, qəzeti hələ mən 2014-cü ilin yanvarında dayandırmaq fikrində idim. İndiyə qədər özümüz özümüzü dolandırmışıq. Son illər bir az ağır idi. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan da yardım alırdıq. 

- Ən çox reklam alan qəzetlərin siyahısında isə lider idiniz. 

- Lider idik. 

- Nə zamana qədər? 

- Yanvarda bitdi. 

- Ən çox səslənən versiyalardan biri budur ki, Elçin Şıxlı Ziyalılar Forumuna qatılandan sonra sanki o qara zolağa da girdi. Bundan sonra baş verənlərin səbəbini  məhz həmin forumun sıralarında olmanızla əlaqələndirənlər də var.  

(Davamı növbəti sayımızda)

Söhbəti qələmə aldı:

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR