İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, ən çılğın və möhtəşəm projedir”

9423 04.10.2014 15:14 Müsahibə A A

“İlk vaxtlar bu şəhər haqda danışanda insanlar deyirdilər yəqin bu adam dəli olub”

““Khazar Islands” mənim yox, Azərbaycanın sərvətidir, türk dünyasının layihəsidir”

“Khazar Islands” meqa-layihəsinin rəhbəri Hacı İbrahim Nehrəmli “Bloomberg” TV-nin dəvəti ilə kanalın xəbərlər proqramının qonağı olub. 

“Avesta” konserninin mətbuat xidmətindən verilən xəbərə görə, canlı yayımda layihə barədə ətraflı məlumat verən “Avesta” konserninin prezidenti, proqramın aparıcısı Ali Çağatayın və tamaşaçıların suallarını cavablandırıb. 

Musavat.com müsahibənin yazılı variantını təqdim edir. 

Aparıcı öncə qonağını və onun projesini təqdim edir: 

“İndi bir az rahat oturun, sizi Azərbaycana, Xəzər dənizinin sahilinə aparacam. 1990-cı ildən başlayaraq Dubayda başlayan o cazibə yaratma hərəkatı getdikcə yerini monotonluğa vermişdi. Görülə, gəzilə biləcək konsept qalmamış kimi görünürdü. Amma İlham Əliyevin rəhbərliyi altındakı Azərbaycan dövləti böyük atılımlar edir. “Khazar İsland” deyə bir layihə ilə Xəzər dənizinin içində adalar inşa edilir. Amma bunu ancaq gözünüzlə görsəniz anlayarsız. Studiyamızda bu layihənin müəllifi, yaradıcısı Hacı İbrahim Nehrəmli var. Öncə xoş gəldin deyirik. 

- Xoş gördük. 

- Eyni zamanda bu layihənin skeletini, qəlibini hazırlayan, eyni zamanda türkiyəli Urtip Qəlib və Skelet Sistemləri şikəti müdiri Sərdar Urfalılar da bizimlə birlikdədir. İbrahim bəy, öncə bu layihədən danışın. Fikir hardan yarandı? Necə başladınız? Bunu hansı pulla edirsiz? Bundan sonra pulu hardan tapacaqsız? Hansı böyüklükdə? Dubaya rəqib olacaq necə bir model inkişaf etdirirsiz? 

- Bu, çox möhtəşəm və çılğın proyektdir. Bu ideya ilk dəfə ortaya çıxanda heç kim buna inanmırdı. Mən hər kəsə bu barədə danışdıqda mənə az qala dəli kimi baxırdılar. “Buna nə olub görəsən, niyə belə layihəyə qol qoyub” deyə düşünənlər vardı. Amma içimdəki gücə inanırdım. O gücə inanaraq layihəyə başladım. Layihə hardan ortaya çıxdı? Hazırda mənim kiçik oğlumun 18 yaşı var. Londonda universitetdə oxuyur. O, 5 il bundan öncə mənə baxıb dedi ki, ata, mən sənə baxıram, sən çox böyük işlər görürsən. Dənizdə də villalar hazırlayırsan, dənizi doldurursan. Bu işləri hardan bilə bilirsən? Axı bu, sənin ixtisasın deyil. Mən iqtisadiyyat sahəsini bitirmişəm, özüm bu sahə üzrə elmlər doktoruyam. Dedi ki, ata, sənə bir söz desəm, inciməzsən? Dedim, yox, buyur. Dedi, ata, sənin başının qapağını açsalar, ordan 3 şəhərin layihəsi çıxar. Uşağın bu sözü mənə çox təsir etdi. Düşündüm ki, görəsən mən həqiqətən də belə layihə edə bilərəm? Bu barədə düşünməyə başladım. Həmin danışığımızdan 75 gün ötəndən sonra bu layihəni Dubaydan Bakıya qayıdanda, təyyarədə olanda gördüm. Bir köynək aldım, onun kartonuna ilkin olaraq həmin layihənin eskizini çəkdim 20 dəqiqəyə. Həmin vaxtdan bu layihə barədə düşünməyə, sonra danışmağa başladım, 4-5 ay sonra onu dövlətdən də keçirdim. Artıq 3 ildir ki, bu layihə üzərində çalışırıq. Layihənin 3 adasında işlər bitmək üzrədir, 4-cü adasında işə başladıq. Layihə zatən 75 adadan ibarətdir. 


- Xəzər dənizi üzərində 78 ayrı ada... 

- Bəli, bunları 150 körpü birləşdirir. Bu proyekt 100 milyard dollar üzərində  dayanan proyektdir. Burda 1.5 milyon insan yaşayacaq. 

- İçində bir “Formula 1” meydançası, 1 universitet var... 

- 1 yox, 5 universitet var. 

- Bir də çox böyük bir məscid var. Aeroport var. Başqa nələr var, saya bilərsiniz? 

- Aeroport 15 kilometr yaxılığında olacaq. Bu layihənin 78 adası, 150 körpüsü var. 150 kilometrlik bulvarı var sahil kənarında. Böyük bir Azərbaycan teleqülləsini tikəcəyik – 1050 metr. Bu, “Burc xəlifə”dən 222 metr hündürdür. CNN və “Nyu York Times” qəzeti də bu layihə barədə məndən müsahibə alıb. Hazırda biz bu böyük layihənin bir hissəsini həyata keçirmişik. Artıq evlərin 1130  konutunu bitirmək üzrəyik. 10-12 restoranı artıq bitiririk. Onların bir-ikisi işləyir. Çimərliklər, hovuzlar artıq bitdi. Hazırda “Xəzər Adaları”na gündəlik olaraq 300-500 adam gəlir. 

- Yaxşı, 1050 metr hündürlüyündəki bir qüllənin və çoxmərtəbəli binaların olduğu adadan danışırıq. Bunlar dəniz doldurularaq hazırlanan yerlərdir. Dənizə 75 metr dərinliyində qazıqlar vurursunuz, elədirmi? Yəni, zəlzələnin şiddətini ölçmə baxımdan soruşuram. Nə qədər davamlı olduğunu düşünürsüz? 


- Azərbaycan zəlzələ bölgəsi deyil. Hazırda mənim hazırladığım layihə də ümumən zəlzələ ocaqlarından uzaqdadır. Buna baxmayaraq, onu zəlzələyə dayanıqlı hazırlayırıq. Biz dənizi 10 metr dərinliyində daşlara doldururuq, bunun üzərində dayanırıq. 18 metr dərinliyə qədər heç bunun hesabatını etmirik. 18 metr dərinlikdən sonranın hesabını aparırıq. Bu da binaların hündürlüyündən asılıdır. Bina 25 mərtəbəlidirsə, 35 metr dərinliyidə özüllər vururuq. Bir binanın altına 1.5 metr diametrində 300 qazıq gedir.. Onların məsafələri 60 santimetrdir. Bina 9 bal zəlzələyə davamlıdır. 

- Mərhələ-mərhələ tikirsiz. Birinci mərhələ nə vəziyyətdədir? İkinci mərhələyə nə zaman başlayacaqsınız? Birinci mərhələ üçün nə qədər pul xərclədiniz? Sonrakı mərhələlər üçün xərcləyəcəyiniz pulu hardan tapacaqsınız? 

- Bu layihənin toplam dəyəri 100 milyard dollardır. Biz bu rəqəmi deyəndə insanları qorxudur. Əslində belə deyil. Biz layihəni mərhələlərə böldük. Birinci mərhələ 7 milyon kvadrat metr üzərində edilir. Bu da 6 adadan ibarətdir, 21 körpü var. Hazırda 6-cı körpü hazırlanır. Yaxınlıqda bir dağ var, onu daşıyırıq, endiririk. Dağı tam bitirmək olmaz. Bilirsiz, bizim arxamızda dağ var, bu, bir gücdür, hər dəfə baxanda onu görürük, ondan qüvvə alırıq (gülür). 

- İndiyədək nə qədər xərcləmisiz? 

- Birinci mərhələdə 10 milyard dollar xərcləyəcəyik. 2020-ci ilin sonuna qədər. İndiyə qədər isə 2 milyard dollar xərclədik. 

- Sizin böyük bir sərvətiniz var deyəsən. 


- Mən bu layihəyə başlayanda 4 milyard dollarım var idi. Amma bu 4 milyardı mən tam bura qoymaq istəmirəm. Niyə hamısını bura yönəldim ki? Mən Bakıda da layihələr həyata keçirirəm, ordan da qazanıram. Ordan əldə etdiyim qazancı da yenidən bu layihəyə yönəldirəm. 

- Məntiq bunu deyir: birinci mərhələni bitirib, evləri satacaqsız. Onun pulu ilə ikinci, sonra üçüncü mərhələni yekunlaşdırıb, zəncirləmə üsulu ilə davam edəcəksiz. 

- Bu layihənin həyata keçməsi üçün 4-5 milyard pul lazımdır. Bunun 2 milyardını hazırda qoymuşuq. Qalan 2-3 milyardla yeni binaları hazırlayacağıq. Sonra da binaları satıb, yenisini tikəcəyik. Sat-tikdir... Birinci mərhələni bitirəndə bizim 20 milyardlıq satışımız olacaq. 

- Bir tamaşaçı sualı var. Tamaşaçı soruşur ki, hazırladıqları bu layihənin Azərbaycan iqtisadiyyatının böyüməsinə nə dərəcədə təsiri olacaq? Siz deyirsiniz ki, 1.5 milyon insan yaşayacaq. Amma eyni zamanda Azərbaycana ildə 20 milyon turistin gəlməsini təmin edəcəyinizi deyirsiz. Necə bir hesab aparırsız? Hansı formada bir hasilat olacaq? 

- Görürsüz ki, Azərbaycan dövləti gündən-günə inkişaf edir, iqtisadiyyatı böyüyür. Bunu hər Azərbaycana gələn görür. Bizim prezidentimiz İlham Əliyev cənabları ölkəmizi çox sağlam tutur, ölkənin qüdrətini hər gün artırır, iqtisadiyyatımızı da gücləndirir. Bunu biz hər gün gözlərimizlə görürük. 1 ay hansısa ölkəyə gedib sonra geri qayıdanda ölkəmizdəki dəyişiklikləri görüb gözlərimə inana bilmirəm. Hazırda ölkəmizə il ərzində gələn turistlərin sayı 2 milyona çatıb. 


- Və siz bu layihə tamamlananda ildə 20 milyon turistin gəlməsini gözləyirsiniz. 

- Bəli, çünki burda dünyanın qülləsi hazırlanır. Qülləni görmək üçün insanlar Azərbaycana axışacaq. 

- Bir də adalar arasında səfər edəcək qatarlar da sürətli olacaq. 

- 150 kilometr yol, 150 körpü, 500 restoran var burda. İnsanlar bura gələndə nə edəcəyik? Biz insanlara təkcə ev satmırıq. Onlara yaşam, yod satırıq, oksigen veririk. İnsan burda 100 il yaşamazsa, demək onun nədəsə günahı var. Biz insanlara yaşam satdığımız üçün bunun qiyməti də o qədər baha deyil. Qiymətlərimiz İstanbul qiymətləri ilə müqayisədə 2-3 dəfə aşağıdır. 

- Bir nümunə verək o zaman. Sahəsi 100 kvadrat metr olan evi neçəyə satırsız? 

- 400-500 min dollar. Amma tam təmirli, full. 

- Su qiymətinədir, vallah. İstanbulda bu qiymətə belə ev... mümkün deyil. 

- Mən İstanbulda evlərin qiyməti ilə maraqlandım. Həmin sahəsi olan ev üçün mən bu pulun iki qatını verməli oluram. 

- Amma siz bu layihənin birinci mərhələsini yekunlaşdırandan sonra mənzil bazarında da böyük ehtimalla vəziyyət dəyişəcək və siz ikinci mərhələdə eyni həcmli evləri iki-üç qat artıq qiymətə satmalı olacaqsız. 

- Birinci mərhələdə evləri həmin qiymətə satacağıq. Bir ildən sonra orada yaşayış başlayacaq. Yaşayış başlayandan sonra o qiymətlər 2 dəfə artacaq. Kimlərsə bu gün orda ev alırlarsa, 1-2 il sonra onu ikiqat baha qiymətinə satacaqlar. Ona görə də mən bu gün fürsətdən istifadə edib, Türkiyə tamaşaçılarına müraciət edirəm ki, gəlin ordan ev alın və həm də pul qazanın. Eyni zamanda türkiyəli iş adamlarına da üzümü tuturam: dünyanın hər yerindən bu layihəyə qoşulurlar, amma türkiyəli iş adamları gözləyir. Nəyi gözləyirlər, bilmirəm (gülür). Biz qardaş ölkəyik. Çox istərdim ki, onlar da gəlsinlər və burada pul qazansınlar. Türkiyəni sevirəm, türkləri, türk iş adamlarını dəvət edirəm ki, gəlin, birgə çalışaq, burda ev sahibi olun və pul qazanın. 

- Xaricilərdən bu layihəyə qoşulmaq istəyən varmı? 

- Bu günə qədər xeyli müqavilələr imzaladıq. Çinlə müqavilə bağladıq. Çexiya Cümhuriyyətindən 390 milyon avroluq bir müqavilə bağladıq. Küveytdə bizim mənzillərin satışına bu yaxılarda başlanır. Azərbaycanda artıq satış ofisimizi açdıq, 10 gün sonra rəsmi açılışını edirik, satışa başlayacağıq. Xeyli insanlar növbəyə durub. Bir il sonra bu şəhər daha sürətlə satılacaq, insanlar orda yaşayacaq. 

- Türkiyədə də güclü inşaat şirkətləri var. Sizcə onlar niyə müraciət etmir? 

- Hazırda görüşlərimiz başlayıb. Yazışmalarımız gedir. Bir neçə firma ilə danışıqlar aparılır. 

- Bir daha dəqiqliklə xatırlayaq. Bu şəhərdə konkret nələr var? 

- 41 süni ada, 1050 metr hündürlüyündə qüllə, 1 ədəd “Formula 1” sahəsi, 1 məscid, 1 marina, çox yaxınında bir aeroport, 200 min nəfərlik tutumu, 18 ədəd, 5 ulduzlu otel, 250 min ev, 50 min dairəlik rezidans, 50 məktəb, 50 uşaq bağçası. Bura 20 milyon turist gəlsə, 20 milyard gəlir deməkdir. Zaman gələndə bu şəhər mənim yox, Azərbaycan dövlətinin sərvəti olacaq. “Khazar Islands” Türk dünyasının layihəsidir. 

- Xəzər dənizinin səviyyəsi yüksəlsə necə olacaq? Dəniz səviyəsindən 28 metr aşağıda bir dənizdir Xəzər bütün hallarda. Bunu da bir tamaşaçımız soruşur. Belə ehtimal varmı?

- Biz bununla bağlı araşdırma apardıq. 2030-cu ildə dənizin səviyyəsi 2 metr qalxacaq. İndi suyun səviyyəsi 1 metr aşağı düşdü. Mən dənizdən bulvar səviyyəsini 4 metr yuxarı qoydum, evləri 6 metr qoydum. Yaxın 100 ildəki məlumatları aldıq. İşimizi ona uyğun qurduq. Amma Xəzər dənizinin səviyyəsi hər zaman 1-2 metr qalxar, sonra enər. Xəzər dənizi bu gün gəlib 28-30 metr qalxsa, bütün Azərbaycan su altında qalar. Türkiyədən də investisiya ilə bağlı təkliflər gəlir. İnsanlar baxır, görür, inanandan sonra gəlmək istəyir. Mənim “gəlin, bura pul qoyun” deməklə olmaz ki. İndi Azərbaycan sürətli inkişaf edir. Fikir vermisizmi, Azərbaycan manatı heç yerindən oynamır, sabit dayanır. Çünki bizim iqtisadiyyatımız stabildir. 

- Buradan necə ev almaq olar? Artıq tamaşaçılarımız bununla bağlı suallar da verirlər. 

- “Azərbaycan qülləsi”ndən 100 min dollardan artıq  həcmində ev alan şəxs avtomatik oturum icazəsi də alır. İstənilən zaman müraciət etsin, uyğun qiymətlə onu evlə təmin edərik. 

- Son sualım: hər şey yolunda gedərsə nə zaman müddətə bitirəcəksiniz? Neçə mərhələ qalıb? 

- İşlər 4 mərhələdən ibarətdir. 2020-ci ilə birinci mərhələni yekunlaşdırmağı düşünürük. 2025-2027-ci illərdə ikinci mərhələ bitəcək. 2030-2035-ci illərdə üçüncü mərhələni yekunlaşdıracağıq. Ondan sonra tam, gözəl bir şəhər olacaq və orada tikinti işləri olmayacaq. 

Hazırladı: Nəzrin 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR