İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Quliyev: “Tarix göstərir ki, ölüm cəzası heç də cinayətkarlığı azaltmır”

968 25.11.2016 10:33 Ölkə A A
Türkiyədə ölüm cəzasının tətbiq edilməsi ilə bağlı qanunun müzakirəsi dünya ictimaiyyətini narahat edən bir nömrəli məsələlərə çevrilib. Avropa ölkələri Türkiyədə gedən bu müzakirələri geriyə addım kimi qiymətləndirdilər. Qardaş ölkədə hərbi çevriliş cəhdindən sonra gündəmə gələn ölüm cəzasının, hazırda həm də azyaşlılara və qadınlara qarşı cinsi zorakılıq və dəhşətli qətllərlə bağlı da tətbiq olunması gündəmdədir. 

Bəs, görəsən Azərbaycanda necə ölüm cəzasının tətbiq edilməsi gündəmə gələ bilərmi? Hansı cinayətlərə görə bu hökm tətbiq edilə bilər?

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev Türkiyədə belə bir qanunun qəbul edilməsini gözləmədiyini bildirdi: “Mən inanmıram ki, Türkiyədə ölüm hökmü ilə bağlı qanun qəbul etsinlər. Dünya təcrübəsi, tarix göstərir ki, ölüm hökmü heç də cinayətkarlığı azaltmır, cinayətkarın qarşısını almır. Biz humanist, sivil bir hüquqi dövlətdə yaşayırıqsa və dünyanın bir çox dövlətinin  qəbul etdiyi kimi ölüm hökmünü ömürlük həbs cəzası ilə əvəz olunmasını qəbul etmişiksə məncə geriyə qayıtmağa lüzum yoxdur. Amma cinayətin profilaktikası, tərbiyə işləri ilə məşğul olmaq lazımdır. Mən inanmıram ki, ölüm hökmü nəyisə dəyişsin. Çünki ölüm hökmü olan ölkələrdə heç də cinayətkarlıq, ağır cinayətkarlıq ölüm hökmünü ləğv edən ölkələrdən az deyil. Bu mənada mən düşünmürəm ki, Türkiyə parlamentində bu qanun qəbul olunsun. FETÖ-çuların çevriliş cəhdindən sonra Ərdoğan özü də bu məsələni qaldırdı. Hətta konstitusiyada dəyişiklik etmək səviyyəsində müzakirələr getdi ki, dövləti cinayətlərdə, xüsusən dövlət çevrilişi cəhdlərində, hərbi xəyanətdə iştirak edən adamlara qarşı ölüm hökmü bərpa olunsun. Bu haqda müzakirələr getdi, ancaq buna münasibət də birmənalı deyildi. İnanmıram ki, məişət zorakılığı və cinsi zorakılıqla bağlı ölüm hökmü adekvat sayılsın, bu məsələnin həllində rol oynasın. Daha çox cəmiyyətin maarifləndirilməsi və belə cinayətlərin baş vermə səbəblərinin araşdırılıb aradan qaldırılması istiqamətində profilaktik tədbirlərin aparılması  daha əhəmiyyətli olar. İnanmıram ki, ölüm hökmü qəbul ediləcək”.

novella cəfəro ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz olunmasını ən doğru yol hesab etdi: “Hətta demokratik  dövlətlərdə ölüm cəzası hərdən elə adamlara  tətbiq olunur ki, onlar günahsız olurlar. Məlumatlar dəqiq toplanmır və yanlışlıqla bu hökm verilir. Mən istər Türkiyədə, istərsə də Azərbaycanda ölüm hökmünün qəbul olunmasına qarşıyam. Bu gün  Türkiyədə elə böyük yazıçılar ictimai xadimlər həbsə salınıb ki, onlar Ərdoğanı tənqid etdikləri üçün cəza alıblar. Mən hər zaman Türkiyənin məhkəmə sisteminə həsəd aparırdım. Ancaq indi vəziyyət dəyişib. Ona görə də edam cəzası çox ağır məsələdir. Onun axırına  çıxmaq olmur. Mən ömürlük həbs cəzasının tərəfdarıyam. 
Mən uşaqlara qarşı zorakılıq, qadınlara qarşı dəhşətli qətl hallarında ömürlük həbs cəzasının tərəfdarıyam. Ömürlük həbsdə qalmaq edamdan da ağır cəzadır. Qoy o insanlar türmədə çürüsün. Mən hesab edirəm ki, zorakılığa qarşı da ömürlük cəza olsun. Mən o insanlara nifrət edirəm. Amma cəzasını qoy ömürlük cəza kimi çəksin, ölüb canını qurtarmasın”. 


Nərgiz LİFTİYEVA
Muavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR