“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətində əhalinin sosial müdafiəsinin təmin olunması, sosial ədalət, sosial rifah, həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, hazırda bizim dövlət büdcəmizin 46,6%-i sosial xərclərin payına düşür. Bu baxımdan hökumətimizin ötən ilki fəaliyyətini qənaətbəxş hesab edirəm”.
Komitə sədri Musa Quliyev bu fikirləri Milli Məclisdə, hökumətin hesabatı barədə çıxışında söylədi.
Deputat bildirdi ki, dünya maliyyə-iqtisadi böhranı, pandemiyanın törətdiyi məhdudiyyət və çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik təmin olunmuş Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini və tempini saxlamaq mümkün olub: “2021-ci ildə ümumdaxili məhsul yüksəlmiş, orta aylıq əmək haqqı, pensiya, müavinət və digər sosial ödənişlərin məbləğı artırılmış, əhalinin sosial rifahının qorunması və sosial müdafiəsini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Postmüharibə dövründə görülən sosial müdafiə tədbirlərini də müsbət qiymətləndirirəm. Postmüharibə dövründə müharibə zamanı fiziki, psixoloji və maddi zərər çəkmiş 45 000 şəxs 50 000 sosial dəstək tədbiri ilə əhatə olunub, o cümlədən 3021 şəhidin 7942 ailə üzvünə 15 841 sosial ödəniş təyin edilib, 3000-dək şəhid ailəsi və qazi mənzillərlə təmin olunub, 164 nəfər müharibə əlilinə minik avtomobil verilib”.
M.Quliyev bildirdi ki, hesabat ilində 8700 nəfər əlilliyi olan şəxs, o cümlədən, 1200 nəfər müharibə əlili 48 min ədəd reabilitasiya vasitələri ilə təmin edilib: “Ötən il uğurla həyata keçirilən “Məşğulluq Marafonu” çərçivəsində 1418 nəfər şəhid ailəsi və qazi işlə təmin olunub. Bu qəbildən olan şəxslərin içərisindən 5 930 nəfər özünüməşğulluq proqramina cəlb edilib. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış “Yaşat Fondu” da postmüharibə dövründə aktiv sosial dəstək proqramları həyata keçirib. Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyası uğurla fəaliyyət göstərməkdə və genişlənməkdə davam edir. Ötən il Bakı şəhəri və Abşeron rayonu üzrə fəaliyyət göstərən 5 DOST mərkəzi 2,1 milyon vətəndaşa sosial xidmət göstərib, məmnunluq göstəricisi 98% olub”.
E.Paşasoy,
Musavat.com






