İnsanlara hürriyət, millətlərə istiqlal!

Mürvət Həsənli: “Yerli biznesi qorumaq üçün addımlar atılmalıdır”

1987 24.05.2018 08:50 İqtisadiyyat A A

Türk lirəsinin dəyərsizləşməsi Azərbaycan sahibkarlarına zərbə vuracaq

Son günlər Asiya maliyyə bazarlarında ciddi dalğalanmalar baş verib. Belə ki, Asiya ölkələrinin əksəriyyətində və Türkiyədə milli valyuta dollar qarşısında ucuzlaşıb. Milli valyutaların dəyərsizləşməsi nədən qaynaqlanır və prosesin Azərbaycana hansı təsirləri ola bilər?

“Yeni Müsavat”ın sualını cavablandıran tanınmış iş adamı və iqtisadçı Mürvət Həsənli yaşanan maliyyə  böhranının iqtisadi əsaslı olmadığına inanır. Onun sözlərinə görə, böhranın xüsusilə Asiya ölkələrində baş verməsi də bu mülahizəni təsdiqləyir: “Zənnimcə, finansal böhran son günlər yaşanan geopolitik gərginliklə bağlıdır. ABŞ - Şimali Koreya arasında münasibətlərin yenidən gərginlik xəttinə daxil olması, digər tərəfdən isə Vaşinqtonun İranı açıq dillə təhdid etməsi istər-istəməz maliyyə bazarında müəyyən şübhələrə, əndişələrə yol açır. Bu əndişələr də həmin ölkələrdə devalvasiyanın sürətini artırır”.

Bununla belə, devalvasiyanın sənayeləşmiş Asiya ölkələri və Türkiyə üçün böyük iqtisadi zərbələri olacağına inanmayan M.Həsənli fikrini həmin ölkələrdə istehsal olunan malların dollarla müqayisədə ucuzlaşması ilə əsaslandırdı: “Sözsüz ki, nəticə etibarilə daha ucuz satılan bu mallar ətraf ölkələrdə rahat alıcı tapa biləcək və həmin ölkələrin sənayesi güclənəcək”. İqtisadçının fikrincə, xüsusilə türk lirəsinin dollar qarşısında bir günün içində 2,5 faiz ucuzlaşması Azərbaycan iş adamlarına zərbə vuracaq. M.Həsənliyə görə, bunun səbəbi ölkəmizdə istehsal olunan malların maya dəyəri ilə əlaqədardır: “Bildiyimiz kimi, qeyri-neft sektorunu inkişaf etdirmək mərhələsinə qədəm qoyan Azərbaycan iş dünyası əsasən, Türkiyə, İran, Çin və s. kimi ölkələrin müəssisələri ilə rəqabətdədir. Bugünkü devalvasiyadan sonra həmin müəssisələrin öz mallarını ucuz təklif etməsi istehlak bazarının diqqətini daha çox öz üzərinə çəkəcək. Nəticədə idxal malları istehlak bazarında yerli məhsulları sıxışdıracaq. Azərbaycanın bir çox xammalları dollarla alması iş dünyamızın öz məhsullarını ucuz satmasına  imkan vermir. Azərbaycanda yenicə ayaq üstə durmağa çalışan sənaye müəssisələri üçün ən ciddi təhdid türk lirəsinin ucuzlaşmasıdır. İstehlak bazarında türk mallarının nüfuzu və 2018-ci ilin ilk 4 ayında lirənin 20 faiz ucuzlaşması ciddi problem kimi qarşımızda durur”.

Ölkəmizi gözləyən bu problemdən çıxış yolunu gömrük rüsumlarını artırmaqda, milli valyutanın məzənnəsini tamamilə sərbəst buraxmaqda görən iş adamı zamanla hər şeyin nizamlanacağına və iqtisadiyyatın öz axarına düşəcəyinə inanır.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR