“Murov qartalı”- kəşfiyyatçı Raquf Orucovun haqq etdiyi ad...
2016-cı il aprel döyüşlərində qəhrəmanlıqları ilə önə çıxan, vətən uğrunda tərəddüd etmədən canını sipər edən əsgər və zabitlərimiz arasında polkovnik-leytenant Raquf Orucovun adını xatırlamamaq mümkün deyil. Ağdamın Cinli kəndində anadan olan Raquf Orucov Qarabağ müharibəsində kəndlərinin işğalı zamanı anasını və dayısını itirmişdi.
1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan R.Orucov xidməti dövründə bir çox kəşfiyyat əməliyyatlarını uğurla yerinə yetirib. Ağdamdakı N saylı hərbi hissənin qərargah rəisi vəzifəsini də tutan R.Orucov ən çətin hərbi xidmət bölgələrindən olan Murov dağında xidmətindən sonra “Murov qartalı” olaraq tanınırdı.
24 iyun 1998-ci ildə prezident Heydər Əliyev tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə də təltif olunan R.Orucovun adı aprel döyüşlərinin qəhrəmanlarından biri kimi tarixə qızıl hərflərlə yazıldı. Geridə 2 azyaşlı övladı və xanımını qoyan komandir hər kəsin yaddaşında unudulmaz komandir olaraq yaşayacaq.
R.Orucov şəhidlik zirvəsinə ucaldıqdan sonra ona ölümündən sonra Milli Qəhrəman adı verilməsi həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş müzakirə mövzusu oldu. Göstərdiyi qəhrəmanlıqlara, vətən uğrunda xidmətlərinə görə bu adı haqq etdiyi heç kimdə şübhə doğurmur. Ancaq...
R.Orucova Milli Qəhrəman adı verilməməsi ilə bağlı dedi-qodular da var. Onun Müdafiə Nazirliyində bəzi yüksək rütbəli zabitlərlə soyuq münasibətlərinin olması şəhid komandirin haqq etdiyi adı almasına imkan vermədiyi deyilir.
“4 günlük müharibə” və ya “Aprel döyüşləri” kimi yaddaşlara yazılan və Azərbaycan ordusunun qəhrəmanlığı kimi qiymətləndirilən hadisələrdən sonra R.Orucov haqda çox danışıldı, çox yazıldı. Son zamanlar bəlkə də aprel döyüşləri az da olsa unudulur, R.Oqucova Milli Qəhrəman adı verilməsi ilə bağlı müzakirələr səngiyirdi. Elə bu ərəfədə rəsmi dövlət qəzeti “Azərbaycan”da maraqlı bir yazı dərc edildi. Bəxtiyar Toğrul imzası ilə yazılan “Şəhid balamın balası” başlıqlı yazı R.Oqrucovun vətənə əmanət etdiyi iki övladına həsr edilib. Atalarının məzarı başında oturan iki azyaşlıya xitabən yazılan həmin yazını ixtisarla təqdim edirik:
“...Sən təkcə özünü, öz ailəni, öz övladlarını düşünmədin! Vətəni, torpağı, Vətən qeyrətini və təəssübünü hər şeydən uca tutdun! Döyüşə atılanda tək özünü yox, doğmalarını, ciyərparalarını da unutdun! Gözünün qabağında bir Vətən vardı, bir əsgər borcu, bir də şərəf və vicdan duyğusu! Nə yaxşı ki, qədirbilən dövlətin var! Nə yaxşı ki, övladlarına dayaq duracaq qanunlar var!...
... Atan səni doyunca öpüb oxşamadı! Orta məktəbi bitirməyinə ürəkdən sevinə bilmədi! Ali məktəb diplomunu görüb fərəh və iftixar hissi keçirmədi! Toyunda qol götürüb oynamaq, nəvə başı sığallamaq ona qismət olmadı! Heç sənə var-dövlət də qoyub getmədi!..
... Evinizdə müqəddəs bir əmanət var: şəhid atanızın tabutuna örtülmüş, ailənizə yadigar verilmiş üçrəngli dövlət bayrağı! Sizin üçün yeni bir müqəddəs ünvan var: atanızın uyuduğu qara mərmərli məzar!...
... Başınız yalnız şəhid atanızın məzarı qarşısında əyilsin! Siz Vətənə, Vətən sizə borcludur..."
Yazı “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov tərəfindən yazılıb. Deputat bunu musavat.com-a təsdiqləyib.
Ağdamdan olan millət vəkili şəhid komandir Raquf Orucovu şəxsən tanımadığını, lakin onunla bağlı düşündüklərini adıçəkilən yazıda qələmə aldığını deyir: “Raquf Orucov Azərbaycan zabitinin, əsgərinin ümumiləşdirilmiş obrazı səviyyəsinə yüksəldi. Aprel döyüşlərində belə qəhrəman zabit və əsgərlərimizin hesabına ermənilərin canına vəlvələ saldıq, müharibənin gedişində dönüş yaratdıq. Azərbaycan ordusunun gücləndiyini və hər an torpaqlarımızın işğaldan zad edilə biləcəyini sübut etdik. Artıq Azərbaycan ordusu silah və texnologiya hesabına deyil, eyni zamanda qorxmaz, mərd, igid və hər an vətən uğrunda canından keçməyə hazır olan övladlarımız hesabına güclənib. Əsgərlərimiz məğlubedilməz qəhrəmanlardır. Təəssüf ki, Raquf Orucovla şəxsi tanışlığım olmayıb. Onu və digər hər bir əsgər və zabitimizi özümün əzizi, yaxını hesab edirəm. Raqufun həyatı haqda, şəhidin yetim qalmış övladları haqda ürək sözlərimi, düşündüklərimi ”Şəhid balamın balası" yazımda ifadə etmişim. Mən inanıram ki, dövlətimizin qayğısı nəticəsində onların balaları da böyüyəcək və Azərbaycanın ən dəyərli vətəndaşları olacaqlar. Ən böyük arzum və istəyim isə budur ki, viranə qalmış, xarabaya çevrilmiş torpaqlarımıza qayıdaq. O torpaqda diz çökməkdir. Çünki mən o zaman 25 ildir ziyarət etmədiyim anamın məzarını ziyarət edəcəm".
Deputat Raquf Orucova Milli Qəhrəman adı verilməməsi məsələsi ilə bağlı ona ünvanladığımız suala isə belə cavablandırdı: “Raquf Orucov, Mübariz İbrahimov və onların timsalında bütün zabit və əsgərlərimiz fəxri ad almaq üçün şəhid olmayıblar. Onlar, sadəcə, vətən sevgisini, düşmənə nifrətlərini öz əməlləri ilə nümayiş etdiriblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsi üçün əllərindən gələni, bacardıqları bütün qəhrəmanlıqlarını göstəriblər. Əgər zabitləri yaxından tanıyan, xidməti dövrlərində onların hansı işləri gördüklərini bilən insanlar varsa və onlar arzu edirlərsə ki, bizim şəhidlərimiz hansısa bir mükafata, dövlət təltifinə layiq görülsün, bu, təbiidir. Mən bunu normal qəbul edirəm. Ancaq şəhidimizə hansısa bir adın verilib-verilməməsi fövqəladə səlahiyyət kimi Ali Baş Komandanın əlindədir”.
İ.MURADOV






