İnsanlara hürriyət, millətlərə istiqlal!

Muradovun iştirakı ilə 5 erməni canini niyə təhvil verdik, qarşılığında nə aldıq - açıqlama

1896 21.10.2021 10:10 Gündəm A A

Qarabağdakı rus sülhməramlarının keçmiş komandiri Rüstəm Muradovun oktyabrın 19-da Bakıdan 5 erməni canini təyyarə ilə İrəvana aparması bu günlərin əsas xəbərlərindən biridir. Bu istiqamətdə yaranan əsas suallardan biri də budur ki, Azərbaycan o cinayətkarları nə ilə dəyişdi? Nə aldı, onları verdi?

İkinci sual isə Muradovla bağlıdır ki, bu da təsadüfi deyil. Çünki o, sülhməramlıların sabiq komandiri sayılır. O zaman Muradov hansı səlahiyyətlə erməni əsirləri İrəvana apardı? Axı o, dediyimiz kimi, Rusiya sülhməramlılarının komandiri vəzifəsindən uzaqlaşıb.

R.Muradovun Azərbaycan hakimiyyəti ilə əlaqələrinin, münasibətlərinin qalması əslində yaxşı haldır. Onun nüfuzu, əlaqələri Azərbaycana lazımdır. Bəlkə də ondan sonra sülhməramlıların başına gətirilən adamın vəzifədən getməsində (Azərbaycana sərf etmədiyi üçün) Muradovun da rolu oldu. Bu cür adamlarla dost olmaq lazımlı hesab edilir. Ümumiyyətlə, Rusiya hərbi elitasında Azərbaycanın nə qədər çox dostu olsa, xeyrimizədir. Son 30 ilin təcrübəsi göstərdi ki, Rusiya hərbisi ilə düşmənçilik əsla bizə sərf etmir.

Deputat Arzu Nağıyev Muradovu nüfuzlu hərbçilərdən sayır: “Düşünürəm ki, ermənilərdən fərqli olaraq Azərbaycan humanist addım atır. Bildiyiniz kimi, bugünlərdə Moskvada keçirilən üçtərəfli görüşdə əsas məsələ dəhlizlərin açılması və digər problemlərin həlli ilə bağlı idi. Eyni zamanda belə görüşlər ərəfəsində ermənilərin təxribatlara əl atmalarına baxmayaraq, Azərbaycan belə görüşlər ərəfəsində öz humanist addımlarını atır. Çünki istər Qərbin, istərsə də başqa dövlətlərin əsas istiqaməti insan hüquqları, əsir-girovlar və digər məsələlərdir. Doğrudur, biz onların cinayətkar olduqlarını hərtərəfli sübuta yetirmişik. Lakin buna baxmayaraq, humanist addımlarımızı atmağa davam edirik. Ermənilər tərəfdən hər hansı bir humanist addım gözləməyə dəyməz. Çünki ermənilər tarix boyu belə faktlardan istifadə edərək, sadəcə, öz xeyirlərinə olan işlər görüblər. Bu, Azərbaycan rəhbərliyinin Ermənistana və dünyaya göstərdiyi bir jestdir ki, biz hər vaxt sülhməramlı addımlar atmağa hazırıq. Baxmayaraq ki, qarşıdakı təxribatçıdır.

Fayl:Arzu Nağıyev.jpg — Vikipediya

Arzu Nağıyev: “ Biz hər vaxt sülhməramlı addımlar atmağa hazırıq”

Muradova gəldikdə isə o insan çox nüfuzlu hərbçilərdən biridir. Baxmayaraq ki, sülhməramlıların rəhbəri olanda da bu proseslərdə iştirak edirdi. Sülhməramlılar o demək deyil ki, əsir-girovların dəyişdirilməsində iştirak etməlidir. Onlar Qarabağda hansısa bir silahlı qarşıdurmaların qarşısını almaq üçün ora yerləşdiriliblər. Muradov həm Ermənistan, həm də Azərbaycan tərəfinin ciddi qəbul etdiyi hərbçilərdən biridir. Məhz buna görə də o, bu məsələlərdə hələ də iştirak edir. Muradovun bugünkü vəzifəsi də çox ciddidir. Yəni Cənubi Qafqazda yerləşən rus ordu kontingentinin rəhbərlərindən biridir. Ona görə də kimin dəyişdirilmə prosesində iştirak etməsindən asılı olmayaraq, ciddi hərbçi kimi qəbul edilən şəxsdir. Buna çox böyük rəng vermək də düzgün olmazdı. Düşünürəm ki, bu proseslərdə məhz Muradov kimi nüfuzlu bir hərbçinin iştirak etməsi məqsədəuyğun hesab olunmalıdır. Digər məsələlərə gəldikcə isə, bugünkü görüşlərin sonucu olaraq, hansısa nəticələrin əldə olunmasının şahidi ola bilərik”.

azer huseynov.jpg (95 KB)

Siyasi şərhçi Azər Hüseynov isə düşünür ki, Muradovla əlaqələndiricilik Azərbaycan hakimiyyətinin konpetensiyasıdır: “Məncə, 5 ermənini ehtimal edilən sülh müqaviləsinin bir bəndinə dəyişiblər. Hansı ki, ermənilər onda israr ediblər ki, olmasın. Hesab edirəm ki, ruslar üçün zaman daralır. Rus hərbçiləri ilə dost olmağa gəldikdə isə onlar nə qədər satılıq olsa da mərkəzin icazəsi olmadan satılmazlar. Ona görə əslində diaspora işini gücləndirib adamları mərkəzində ”satın almaq" lazımdır. Ermənilərin ruslardan uzaqlaşması rusları narahat edir deyə həm özlərini satırlar, həm də ermənilərin sadə xalqında hörmət qazanırlar. Ona görə rusu da çox sadəlövh bilməyək. 500 illik bir “derjavadır”. Biz daha strateji hərəkət etməliyik. Diplomatik gedişlərimizdə şəxslərdən istifadə etməliyik. Amma məsələyə kökdən baxmalıyıq. Məlumdur ki, ruslarda da hər general öz klanı ilə çalışır".

Akif Nağı — Vikipediya

Akif Nağı: “Ermənilər Muradovu ələ ala bilməmişdilər”

QAT sədri Akif Nağı proseslərin xeyrimizə getdiyini düşünür: “Muradovla bağlı Azərbaycan cəmiyyətində birmənalı fikir olmadı. Komandan kimi işlədiyi dövrdə ona dair müxtəlif fikirlər səsləndirilirdi. Çox vaxt ermənilərin də ondan narazı olduqları barəsində məlumatlar yayılırdı. Aydındır ki, o, Rusiya hərbçisi, məmurudur, öz ölkəsinin də maraqlarına xidmət edir. Amma onun yerinə gələn hərbçinin dərhal dəyişdirilməsi bəzi məsələlərə aydınlıq gətirir. Görünür, Rusiyanın təyin etdiyi bəzi məmurlar öz ölkəsinin maraqlarından başqa, bəzən də təmsil etdiyi dövlətin maraqlarına zidd olaraq ermənilərə xidmət edirlər. Güman etmək olar ki, ermənilər Muradovu ələ ala bilməmişdilər. O, fəaliyyətini davam etdirirsə, deməli, Azərbaycanı da müəyyən çərçivələr daxilində qane edir. Bu məntiqlə ondan istifadə etmək məqsədəuyğundur, amma ehtiyatı əldən verməmək şərti ilə. Beş erməni canisinin Ermənistana qaytarılması isə müəyyən proseslərin getməsindən xəbər verir. Azərbaycanın açıq istədiyi şey mina xəritələridir. Paşinyan da bununla bağlı açıqlamalar verir, xəritələrin tam variantını təqdim etməyə hazır olduqlarını bildirir. Ola bilər ki, bu istiqamətdə müəyyən nəticələrimiz var. Hər halda, ciddi narahatlığa əsas yoxdur. Proseslərin Azərbaycanın istəklərinə uyğun olaraq getdiyi müşahidə edilir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR