Rusiyada futbol azarkeşləri yeni nasizm simvolları tərtib ediblər. Onlar Şimali Qafqazda olan oyunlara yönəlik nəğmə söyləyirlər. Xuliqanlar qatarda dərisi ağ olmayanlara hücum edirlər.
“Fəaliyyət vaxtıdır: Rusiya futbolunda diskriminasiya faktları” adlı bu günlərdə açıqlanan hesabatda 2012-2014-cü illərdə Rusiya futbol azarkeşlərinin irqçiliklə bağlı törətdiyi 200-ə qədər hadisə qeydə alınıb.
Hesabatı irqçiliklə əlaqəli olayları monitorinq edən, Moskvada yerləşən Sova Mərkəzi və futbolda diskriminasiya halları ilə mübarizə aparan beynəlxalq “Fare Network” təşkilatı hazırlayıb.
Bu, 2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan bir ölkədə rasisizm problemlərini göstərir.
Aprelin 5-də Moskvada keçirilən matçda azarkeşlər nasizm bayrağı qaldırandan sonra FİFA-nın rəhbəri Yozef Blatter öz Twitter hesabında yazıb ki, Rusiyada 2018-ci ilə qədər çox iş görülməlidir.
Dünya çempionatına 3 il qalmasına baxmayraq Moskva futbolda rasizmlə mübarizə aparmaq üçün kiçik bir addım atıb.
“Hələ bir plan yoxdur” - deyə “Fare Network”un Şərqi Avropa üzrə rəsmisi Pavel Klimenko bildirib.
O, bu məsələlərlə bağlı Rusiya İdman Nazirliyi və Futbol Birliyinə məsləhət verməyə hazır olduğunu söyləyir: “Demək istəyirəm ki, problemi həll edəcək konkret plan yoxdur. Çox ilkin addımlar var - simvolik addım deyə bilərik”.
2010-cu ilin dekabrında dünya çempionatına sahiblik Rusiyaya veriləndən bəri ölkənin Futbol Federasiyası, Daxili İşlər Nazirliyi, hökumət irqçi davranışlar nümayiş etdirən bir çox azarkeşi yüksək məbləğli cərimə edib, oyunlara baxmağa qadağa qoyub.
Ən narahat klub - “Torpedo”
Elə bu mövsüm Rusiyanın premier-liqasında xüsusilə narahat klub olan “Torpedo” rasist davranışlara görə bir neçə yüz min rubl cərimə olunub.
“Torpedo” həm də meymun nəğməsi, rasizm təhqirləri və faşizm bayrağı qaldırılması ilə bağlı yaranmış insidentlərə görə ayrıca da cəza alıb: öz meydanında keçirəcəyi 5 oyunu azarkeşsiz oynamalıdır. Bundan başqa, azarkeşlər rəqib komandada qaradərili oyunçuları təhqir edəndən sonra onlar öz meydançalarında 3 oyunu bağlı qapılar arxasında oynamalı olub.
Sova Mərkəzinin sədr müavini Natalya Yudina deyir ki, görülən tədbirlər kifayət deyil. O, əlavə edir ki, aşağı liqalarda rasizmə görə cəzalandırma mexanizmi yoxdur.
Sova Mərkəzi və “Fare Network”un hesabatı Rusiya hakimiyyətini və FİFA-nın diqqətini bir daha bu məsələlərə çəkmək istəyir.
Aprelim 8-də Rusiyanın idman naziri Vitali Mutko “R-Sport” saytına bildirib ki, FİFA “hər şeyi monitorinq edir”.
O, sayta şərhində “Torpedo”nu Rusiyanın imicini pozduğu üçün söyüb: “Dünya Kubokunda bilet satış sistemi, nəzarət fərqlidir, azarkeşlərin strukruru fərqlidir, bundan başqa ölkəyə bir milyona qədər xarici qonaq gələcək. Buna baxmayaraq biz futbolda gərginlik yaratmaqla məşğuluq”.
Nazir əlavə edib ki, azarkeşlərlə də işləmək lazımdır.
Martın 30-da Rusiya Futbol Federasiyası elan edib ki, yeni anti-rasizm inspektoru təyin edilib. İnspektor “xüsusilə təhlükəli” oyunlarda monitorinq qruplar yerləşdirəcək və bu tip məsələləri koordinasiya edəcək. Bu vəzifənin tapşırıldığı Aleksey Tolkaçev “TASS news” agentliyinə deyib ki, yəqin onun konkret funksiyaları aprelin sonuna qədər müəyyənləşəcək.
Sova və Fare təşkilatları onu də tövsiyə edirlər ki, uzunmüddətli və anti-rasizm planına “məktəblərdə və universitetlərdə futbolun beynəlxalq mədəniyyət vasitəsi olduğu anlayışını ehtiva edən proqramın tədrisi də salınsın”.
Moskvanın “Spartak” komandasının azarkeşləri kimi yaxşı tanınan, amma indi dağılmış “Flint’s Crew”nun təsisçici Vadim Sidorov da bu təklifə səs verib: “Maarifləndirmə işinə daha ciddi yanaşmaq lazımdır. Əgər adamlar problemin mahiyyətini anlamasalar, nə qədər polis olsa da onlar öz bildiklərini edəcəklər”.
“Fare Network”un Şərqi Avropa üzrə rəsmisi Pavel Klimenko bildirib ki, maarifləndirmə işinin müsbət nəticəsi hökumətdə və futbol qurumlarında mütərəqqi təcrübədən asılıdır.
Hərçənd futbol qurumları və milli azarkeş qrupları arasında xətlərin tez-tez qarışması faktları da var. Məsələn, tanınmış futbol məşqçisi Andrey Tixonov “Ağ güc” adlı köynək geyinmiş qadınla şəkil çəkdirib.
Rusiya Futbol Federasiyasının sözçüsü Yevgeni Jiçkovski deyib ki, hökumət, futbol qurumları, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə iyul ayında konfrans keçiriləcək. Konfransda rasizm probleminin həll edilməsi üçün əlavə vasitələrin tapılması ilə bağlı müzakirələr olacaq.
Yevgeni Jiçkovski deyib ki, hökumət bu məsələyə çox ciddi yanaşır: “Hər kəs Dünya Kuboku oyunlarını səbirsizliklə gözləyir”.
Onun sözlərinə görə, oyunlar Rusiyanın düzənlədiyi kimi keçiriləcək, xuliqanların istədiyi kimi yox.
2018-ci il - əla fürsət
“Flint’s Crew”nun təsisçici Vadim Sidorov onu xatırladır ki, 90-cı illərdə azarkeşlər böyük çəkmə geyinir, başlarını qırxdırırdılar: “Amma indi onların sayı azdır. Siz hər yerdə axmaq adam tapa bilərsiniz, onlara qarşı da tədbir görülür. Biz vəhşi ölkə deyilik”.
Ancaq Sova və Fare kimi ictimai təşkilatlar 2018-ci ilə irəliyə doğru addım atmaq üçün böyük fürsət kimi baxırlar.
“Biz bu məsələlərlə bağlı işləməliyik. Əlbəttə, kimsə buna diqqət yetirməsə, hər şey olduğu kimi də davam edəcək” - Sova Mərkəzinin sədr müavini Natalya Yudina deyir.