İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜLKİYYƏT HÜQUQU POZULAN VƏTƏNDAŞLAR MÜXALİFƏTƏ ÜZ TUTUR

1671 25.08.2011 09:05 Ölkə A A
Proses ən dəhşətli formada Bakı və Gəncə şəhərlərində müşahidə edilməkdədir. Mülkiyyətçilərin ticarət-iaşə obyektləri dağıdılır, mənzillərin eyvanları sökülür. Ölkə faktiki olaraq mülkiyyət hüququ saya sayılmayan vətəndaşlar ölkəsinə çevrilməkdədir. Hakimiyyət fərqinə varmadan müxalifətin tərəfdarlarının sayını artırır. Mülkiyyəti dağıdılan insanların hakimiyyətdən kəskin narazı düşməsi şübhəsizdir. Bu narazılar kütləsi etirazını ortaya qoymağa meydan axtarır. Müxalifət partiyalarından aldığımız informasiyalarda artıq həmin narazı vətəndaşların müxalifətə qoşulması, müxalif partiyalara üz tutması, onlardan kömək istəməsi prosesinin tədricən başladığının getdiyi deyilir. İnsanlar artıq hökumətdən əllərini tam üzdükləri üçün onun opponentlərinə üz tuturlar.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da bildirir ki, vətəndaşların mülkiyyət hüququnun pozulması faktları artdıqca narazıların sayı da paralel olaraq çoxalmaqdadır: “Bu ilin əvvəlində korrupsiyaya qarşı mübarizə adı altında kampaniya başlayarkən ölkə başçısı səviyyəsində belə bir məsələ ortaya atıldı ki, nəinki mülkiyyət hüququnun pozulmasına yol verilməməlidir, əksinə, hətta sovet dövründən vətəndaşların tikdiyi sənədsiz evlər siyahıya alınaraq sənədləşdirilməlidir. Lakin çox təəssüf ki, reallıqda bunun əksi baş verməkdədir. Sənədləşmə prosesi getmir, nəinki sənədsiz, hətta vətəndaşların bütün sənədləri qaydasında şəxsi mülkləri-evləri sökülür. Vətəndaşların mülkiyyət hüququ kütləvi şəkildə açıq-aşkar kobudcasına pozulur. Bilirsiniz ki, mülkiyyət hüququ pozulan insanlar arasında ictimai, siyasi baxımdan məşhur olan, müxalifətə yaxın insanlar da var. İstiqlalçı millət vəkili Hacıbaba Əzimovun, hüquq-müdafiəçisi Leyla Yunusun evi söküldü. Hazırda isə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının ailəsinə məxsus mənzili sökməyə cəhd edilir. Bizimlə əlaqə saxlayıb hüquqlarının pozulduğunu söyləyən vətəndaşların sayı getdikcə çoxalır. Biz insanlara mülkiyyət hüquqlarının pozulmasına qarşı hansı qanuni vasitələrdən istifadə etməli olduqlarını izah etməyə çalışırıq”.
G.Aslanlı qeyd etdi ki, Müsavat Partiyası daim bu məsələni gündəmdə saxlayır, vətəndaşların mülkiyyət hüququnun pozulmasına qarşı çıxır: “Biz qanunsuz söküntülərin dayandırılması tələbi ilə bəyanat vermişik, hakimiyyətə çağırış etmişik. Vətəndaşların mülkiyyət hüququnun pozulması o həddə gəlib çatıb ki, artıq BMT məsələ ilə məşğul olur. Hakimiyyətin qanunsuzluqları nəticəsində artıq Azərbaycanın adı daha bir mənfi siyahıya daxil olur. Müsavat Divanının növbəti iclasında vətəndaşların mülkiyyət hüququn pozulması ilə bağlı xüsusi bir bəyanat qəbul ediləcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR