Məlum olduğu kimi, sentyabrın 27-dən ölkəmizdə tamamilə başqa əhval-ruhiyyə yaşanır. Ordumuzun qazandığı qələbələr, əsgər və zabitlərimizin rəşadətlə döyüşlərdə iştirak etməsi, hər gün daha da irəliləməsi hər kəsdə böyük coşqu, sevinc yaradıb.
Bu səbəbdən elə paytaxt Bakının özündə belə hərbi forma geyinən mülki şəxslərin artdığının şahidi oluruq. Bir növ hər kəs vətəni uğrunda döyüşlərə hazır olduğunu nümayiş etdirir. Təkcə adi vətəndaşlar deyil, televiziya aparıcıları, müğənnilər də hərbi forma geyinərək, vətənpərvərlik mesajları verməyə çalışır.
Bəs hüquqi baxımdan bu nə dərəcə doğrudur? Bu məsələ ilə bağlı qanunda hər hansı qadağa və yaxud cərimə nəzərdə tutulurmu?
İlk öncə onu qeyd edək ki, hərbi geyim forması - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi liseylərin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir. Məhz bu səbəbdən də hərbi formanın mülki vətəndaşlar tərəfindən daşınması məqbul sayılmır. Onu da əlavə edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 534-cü maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Fazil Mustafa: “Hərbi formanın daşınması qanunsuzdur, amma... ”
Məsələ ilə bağlı millət vəkili, ixtisasca hüquqşünas olan Fazil Mustafanın rəyini öyrəndik. Fazil Mustafa qeyd etdi ki, hər bir hərbi formanın daşınması üçün nəzərdə tutulan tələblər var və onun daşınmazı qanunsuzdur: “Lakin bu gün mövcud olan situasiyada, millətin, xalqın bu istiqamətdə bir əhval-ruhiyyə ifadə etmək baxımından bəzən qanun bunu görməzdən gəlir. Yəni indiki halda mülki vətəndaşları hərbi forma geyinməsi ordumuza dəstək xarakteri daşıyır, hər hansı bir şəkildə başqa niyyətə xidmət etmir. Bu baxımdan bu məsələ ilə bağlı hansısa məsuliyyət və yaxud başqa cərimə kimi nələrisə tələb etmək indiki halda doğru səslənmir”.
Hərbi ekspert Üzeyir Cəfərov isə qeyd etdi ki, hər zaman hərbçi olmayan mülki şəxslərin hərbi forma geyinməsinin əleyhinə olub: “Çox təəssüflər olsun, əsgər və zabitlərimizin hərbi forması bəzən təyinatı üzrə istifadə edilmir. Doğrudur, indi müharibə vəziyyətidir, ordumuzun böyük uğurları var deyə hər kəs hardansa hərbi geyim tapıb geyinir, bir növ bunu özünə şərəf, fəxarət bilir. Lakin hər zaman əsgər və zabitimizin formasına hörmətlə yanaşmalıyıq. Yəni elə etməyək ki, sonradan kimlərsə tərəfindən bu geyim tamam başqa məqsədlər üçün istifadə olunsun. Şəxsən onun tərəfdarıyam ki, bu forma qorunsun, əzizlənsin”.

Üzeyir Cəfərov: “Hamı əsgər və zabitlərimizin formasına hörmətlə yanaşmalıdır”
Üzeyir Cəfərov müğənnilərin, televiziya aparıcılarının da hərbi forma geyinməsinə münasibət bildirib: “Əgər aparıcı hərbi vətənpərvərlik mövzusunda veriliş aparırsa və yaxud müğənni əsgər və sabitlərin qarşısında vətənpərvərlik mahnıları ifa edirsə, onların hərbi forma geyinməsini qəbul etmək olar. Lakin sadəcə, görüntü xətrinə, ”mən də vətənpərvərlik ruhunda iş görürəm" mesajını vermək üçün hərbi geyimdən istifadə edirlərsə, bunun əleyhinəyəm. Düşünürəm ki, müğənni, sənətçinin də xoşuna gəlməz ki, tamam başqa sahədən olan bir şəxs əlinə mikrofon alıb, cəmiyyətin önündə mahnılar ifa etsin. İstərdim ki, hər kəs öz sahəsində öz işi ilə məşğul olsun. Belə olan halda onun effekti daha çox olar, nəinki özünü başqa sahədə imitasiya etməklə".
Üzeyir Cəfərov qeyd edib ki, Azərbaycan Ordusu Dağlıq Qarabağı tamamilə işğaldan azad etdikdən sonra hərbi sahəsinə, peşəsinə maraq çox artacaq: “Bundan sonra da bu məsələyə diqqət etmək lazımdır. İndi çoxlu sayda hərbi geyimlər satan mağazalar var. Onların satıcıları da diqqətli, məsuliyyətli olmalı, hər gələnə hərbi geyim satmamalıdır. Eyni zamanda, əsgərlikdən tərxis olunalar da bu geyimi bir yadigar, xoş xatirə kimi qorumalıdırlar ki, gələcək nəsil o formaya məhəbbət, hörmətlə yanaşsınlar. Şəxsən mənim üçün bu forma müqəddəsdir. Hərbi formamı 25 ildir yalnız bayramlarda, xüsusi günlərdə geyinirəm. Bu səbəbdən formaya tamam fərqli, münasibətim yanaşmam var”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”






