Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının bununla bağlı “proqram” xarakterli çıxışından belə qənaət hasil olur. Separatçıbaşı deyib ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək əhalinin imkanları genişləndiriləcək”. Bununla bağlı qondarma “qanun layihəsi” də hazırlanıb. Əsas hədəf əlbəttə ki, bütövlükdə oradakı əhalini qanunsuz şəkildə silahlandırmaq, anklavın Azərbaycanın yurisdiksiyasına qayıdışını daha da əngəlləməkdir.
Göründüyü kimi, kapitulyasiya aktından 1 il ötsə də Qarabağda gizlənən erməni quldur dəstələri tərksilah edilmək əvəzinə, sayları daha da artıb. Təbii ki, Rusiya sülhməramləlarının ən azından göz yumması nəticəsində. Tutaq ki, onlar Laçın dəhlizindən keçirilən silah-sursatı görmürlər, bəs 2 gün öncə Xankəndində olan Ermənistan müdafiə naziri Arşak Karapetyanı necə, onu da görmədilər, tanımadılar? Bu Ermənistanın hansısa maliyyə naziri, XİN başçısı-zad deyil, müdafiə naziridir. Onun Qarabağda nə ölümü? Demək, hərbi xarakterli məqsədlər olub.
Beləcə, Azərbaycanın xoş məram göstərib razılıq və icazə verdiyi Laçın dəhlizindən ermənilər revanşist planlar qurmaq və separatizmi qızışdırmaq üçün, sui-istifadə edirlər. Bu təhdidlər fonunda Bakının önləyici tədbirləri nə(lər) olmalıdır? Bu tədbirlər Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmalıdırmı, yoxsa antiterror əməliyyatı qəfil və lokal şəkildə aparılmalıdır?
Sülh sazişi məsələsi niyə ləngiyir? Tərəflər niyə anlaşa bilmir?
Ermənilər İrəvan küçələrinə tökülüb, Paşinyandan açıqlama tələb edirlər. Nədən narahatdılar və əgər onlar narahatdılarsa, gözlənilən sülh sazişi onların ziyanınadırmı?
Ölkədə bahalaşma seli gedir. "Dünyada qiymətlərin dəyişməsinə heç kim zəmanət verə bilməz". Bunu maliyyə naziri Samir Şərifov deyib. “Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycanda kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”,- S.Şərifov əlavə edib.
Nazir dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda Azərbaycandakı bahalaşmanın səbəblərini də izah edib:
“İlkin mərhələdə büdcə proqnozlarında neftin qiyməti aşağı səviyyədə nəzərdə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”, - nazir bildirib.
Bəzi peşə sahiblərinin maaşı artırıldı. Problem kökündən həll olundumu?
Bu və gündəmdəki bir çox məsələləri AĞ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






