İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müharibə o zaman bitəcək ki, Ermənistan dövləti olmayacaq”

3806 14.08.2014 08:30 Siyasət A A

Prezidentlərin Soçi görüşü və onun mümkün nəticələri Rusiyanın ictimai-siyasi və ekspert dairələrində də davamlı şəkildə müzakirə edilməkdədir. Soçidə konkret bir ortaq sənəd və ya birgə bəyanat qəbul edilməsə də tərəflər arasında hansısa gizli anlaşma əldə olunduğu barədə də söz-söhbətlər dolaşır. Hətta Dağlıq Qarabağın 5 milyard dolların qarşılığında 2019-cu ilədək qaytarılacağı barədə fikirlər səslənib.   

Soçi görüşünə və onun fonunda mümkün müharibə ehtimalları, müharibədə hansı qlobal güc mərkəzinin maraqlı olması, habelə Dağlıq Qarabağ konfliktinin həll perspektivləri ən müxtəlif rakurslardan şərh və təqdim edilməkdədir. Yanaşmalar bəzən diametral zidd olsa da, bir şeyi dəqiqidir: uzun müddət dondurulmuş hesab edilən Dağlıq Qarabağ konfliktinin “donu” artıq açılıb və həm regiona, həm də qlobal təhlükəsizliyə təhdidi olan bu köhnə münaqişə bir an öncə həllini tapmalıdır.  
 
Bu xüsusda Rusiya İslam Komitəsinin sədri, Azərbaycan əsilli ictimai-siyasi xadim Heydər Camalın fikirləri də kifayət qədər maraq doğurur. “Kavkazskaya politika”ya (“Qafqaz siyasəti”) nəşrinə müsahibəsində Heydər Camal öncə cəbhə xəttində bu ayın əvvəllərində situasiyanın qəfil kəskinləşməsinin səbəblərinə aydınlıq gətirib. 

Onun qənaətincə, əsas səbəb Ukraynadakı situasiya ilə bağlıdır: “Krımın ilhaqı, Ukraynanın cənub-şərqindəki döyüş əməliyyatları Rusiyanın xarici siyasət situasiyasının qəfil pisləşməsinə gətirib. Nəticədə Rusiyanın arbitrliyindən ehtiyat eləmədən Qarabağ uğrunda mübarizəni sərtləşdirmək üçün əsaslar yaranıb. Tam məntiqli və proqnoz ediləndir ki, Ukrayna böhranı Qarabağ məsələsinin həlli səylərini doğurub”. 

“Azərbaycan-Ermənistan münasibətlərinin tarixi göstərir ki, Qarabağ ixtilafını yalnız hərbi güclə yoluna qoymaq lazımdır” 



Ekspertə görə, hazırda Rusiya bütünlüklə Ukrayna problemi ilə yüklənib və bu üzdən o, başqa mövzulara diqqət ayırmaq imkanları kəskin azalıb: “Rusiya həmişə Qarabağ probleminin həlli yolunda əsas maneə olub. Azərbaycanla Ermənistanın münasibətlər tarixi göstərir ki, Qarabağ ixtilafını hərbi güclə yoluna qoymaq lazımdır... Ancaq belə məsələləri ildırım sürəti ilə, blitskriqlə, 2-3 gün ərzində həll etmək çərəkdir. Sadəcə, öhdəndəki bütün güc-imkanlar işə salınmalıdır. 

Düşünürəm ki, vuruşmaqdısa, vuruşmaqdır. Nə danışıqlar ola bilər ki? Moskvanın arbitr qismində rolu MDB çərçivəsində suveren tərəfdaşların sərhədlərinin təzədən dəyişdirilməsi ilə artıq gözdən salınıb. Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı, Ukraynadan Krımı qoparıblar. Nə ”böyük qardaş" söhbəti ola bilər indi? Bu konyukturadan çıxış edərək Bakı sərt və qətiyyətli hərəkət eləməli idi. Bakı isə belə eləmir. İstənilən ləngimə və istənilən temp itirilməsi - siyasi kapitalın xərclənməsidir, hansı ki, konfliktin əvvəlində Azərbaycanda olub".

H.Camala görə, Azərbaycanın düşdüyü vəziyyət ondan qəti addımlar atmağı tələb edir. Qərbin məsələdə axıradək Bakının yanında olub-olmamasına münasibət bildirən ekspert deyib: “Azərbaycan neft deməkdir. Londonla əlaqə deməkdir, İsraillə sıx əlaqə deməkdir. Hərgah, Rusiyanın da İsraillə yaxşı əlaqələri var, Netanyahu Putinin şəxsi dostudur. Ancaq geosiyasi yanaşma baxımından düşünürəm ki, sərt seçim edilərkən İsrail Qərbdə yəqin ki, Bakının maraqları üçün lobbiçilik edəcək, nəinki Moskvanın. Zəifləmiş Rusiya, yeri gəlmişkən, sionist isteblişmentini müəyyən dərəcədə qane edir. Güney Qafqazdakı siyasi kapitalın əsas hissəsi rəsmi Bakının əlində cəmləşib. Ancaq indiki kimi ləng və zəif hərəkət edəcəyi təqdirdə kapital axıb gedəcək...”

Bəs, Azərbaycan öz torpaqlarını azad eləmək üçün, Dağlıq Qarabağı geri almaq üçün döyüşməyə hazırdımı, daim müharibəni gözləməyə vərdiş eləmiş xalqla nə baş verəcək və nə vaxt bu müharibə qurtaracaq? Suala soydaşımız orijinal cavab verib: “Niyə qurtaracaq ki? Müharibə o zaman qurtaracaq ki, Ermənistan dövləti daha mövcud olmayacaq”.

Teymur HƏSƏNLİ


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR