İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə nə vaxt bitə bilər?

4971 03.10.2020 14:18 Yazarlar A A

Müharibənin 1 həftəsi geridə qaldı. Hamı cəbhə xəbərləri ilə nəfəs alır, yaşayır. Azərbaycanda 27 sentyabrdan bəri baş vermiş dəyişiklilkəri görməmək mümkün deyil. Torpaqlar qarış-qarış, kəndbəkənd azad olunduqca, xalq da yavaş-yavaş özünə qayıdır. 1988-ci ilin noyabrından xalqın içindəyik, izləyirik, təhlil edirik və o baxımdan istənilən dəyişikliyi də yaxşı hiss edirik. Xalq dirçəlir, belini dik tutur, dövlətə, bayrağına və ordusuna daha möhkəm əllərlə sarılır. 

Biz işğalda təkcə torpaqlarımızı yox, millət olaraq şaxlığımızı və şuxluğumuzu itirmişdik. Azərbaycan Qarabağsız necə yarımcan idisə, xalq da o cür idi. Torpaqlarımız işğaldan azad olunduqca, illərdir bizi boğan o buxovlardan, komplekslərdən azad olunuruq. Bu, həm də geridönüşü olmayan prosesdir. Müharibəni müəyyən mərhələdə saxlamaq da, ermənilərlə bir daha oturub danışmaq da olar. Amma beynəlxalq ictimaiyyət, “sülh göyərçini” olan dövlətlər birdəfəlik bilməlidirlər ki, xalqı daha bir neçə il də işğalla barışmağa razı salmaq, mənasız danışıqlarla başını qatmaq mümkün olmayacaq. Xalq ordusunun qüdrətinə, dövlətinin gücünə və Ali Baş Komandanına qətiyyətinə inanaraq daha heç bir yalançı atəşkəslə razılaşmaq istəmir. Bu, heç də eyforiya deyil, reallıqdır...

11.jpg (36 KB)

Hələ 27 sentyabrdan əvvəl də xalq Qarabağ məsələsində “ya o yanlıq, bu yanlıq” əhvalında idi, indi isə gücünə güvənərək işğalçını “o yanlıq” etməkdə israrlıdır. Kimsə oğlunu müxtəlif bəhanələrlə gizlətmir, ən qiymətli varlıqlarını- gənc övladlarını müharibəyə göndərirlər, həm də sevinc göz yaşları ilə...

Deyirlər, Hitler Almaniyası SSRİ-yə hücum edəndə Stalinin ordu komandanı Jukova ilk sualı belə olub: “Xalqın əhval-ruhiyyəsi necədir?”. Jukov “xalq hazırdır!” deməklə cavab verib.

2.jpg (64 KB)

Son bir həftədə inanmıram ki, kimsə müharibə haqda nəsə pessimist danışsın, “çağırsınlar, gedək” deməsin. Bu təkcə vətənpərvərlik nümunəsi deyil, bu həm də nizamlı orduya inamdır. Yeri gəlmişkən, Azərbaycanın indiki savaşını I Qarabağ savaşı ilə müqayisə etmək çox qüsurludur, üstəlik, indiki əhval-ruhiyyəyə zidd yanaşmadır. Azərbaycan o müharibədə çox qeyrətli oğullarını itirib, onların əksəriyyəti dillərə əzbər olan qəhrəmanlıqlar ediblər. Azərbaycan əsgəri də indi onların bir çoxunun düşmən tapdağında qalan əsir məzarlarının azadlığı üçün vuruşur. O əsir ruhun sonuncu məkanı isə Şuşadadır- Ramiz Qənbərovun Cıdırdüzünə yaxın qəbiristanlıqdakı məzarını deyirəm... Bizim müharibənin bitəcəyəni təsdiqləyəcək “Berlin”imiz Şuşadır, bayrağımızı o şəhərin üzərində, adını o şəhərin qala divarları üzərinə yazanlara nə xoş...

Без названия (1).jpg (12 KB)

27 sentyabrda başlayan əməliyyatlara Türkiyədə olduğu kimi ad verilməsi haqda təklifləri oxudum. Müxtəlif təkliflər var: “Qarabağa sülh”, İşğala son!”, “Şuşayadək zəfər...” Hamısı keçərlidir. Son günlər tez-tez soruşurlar: “Şuşanın alınması gününü necə təsəvvür edirsən?”. “Yenidən doğulmaq kimi” deyirəm. Azərbaycanın bu müharibədəki zəfərinin sonunda yenidən doğulmaq var, həm də bir fərd kimi yox, bir millət kimi yenidən doğulmaq!

22.jpg (9 KB)

Ermənistanın baş naziri hərbi əməliyyatlar başlayandan bəri üçüncü dəfə Rusiya prezidentinə zəng etdi. Artıq bu zənglərlə bağlı xeyli lətifələr yaranıb. Onun Putindən nə istədiyini təxmin etmək çətin deyil: Azərbaycana təsir edib müharibəni dayandırmaq. Azərbaycan Prezidentinin tutduğu aydın xətt isə hamıya məlumdur: işğalçılar torpaqlarımızdan rədd olub getsinlər. İndi Putin niyə özünü bir ağılsız baş nazirə görə pis kişi etsin ki...Azərbaycana(eləcə də Ermənistana) edilən atəşkəs çağırışlarını Bakı cavabsız buraxmır. Şərtlər ortadadır: daha mənasız danışqlar olmayacaq. Müharibənin dayandırılması o halda mümkündür ki, Ermənistan torpaqların könüllü boşaldılmasına razılıq verir. Həm də atəşkəsi istəyən dövlətlərin imzalı təsdiqi ilə...

Başqa yol yenə müharibədir...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR