Son günlər cəbhədə baş verən aktivlik, atəşkəsin pozulması media cameyəsində də ciddi “atışma” ilə müşayiət olundu. Xüsusən tanınmış köşə yazarları, şair-yazıçılar arasında bir-birindən kəskin fərqlənən mövqelər nümayiş olundu. Öz fərqli mövqeyi və sərt fikirləri ilə fərqlənənlərdən biri də şair Aqşin Yenisey idi.
Musavat.com-a kiçik müsahibəsində şair son günlər bu sferada baş verənləri təhlil etdi, sərt açıqlamalar verdi.
- Şair, döyüş bölgəsində baş verənlər sanki qələm adamlarımızı, şair-yazıçı qismini də oxucuya növbəti dəfə tanıtdı. Sizcə, son günlər cəbhədə baş verənlər bu sferada kimin kim olduğunu ortaya qoya bildimi?
- Müharibə həm də millətin psixoloji-mənəvi dezinfeksiyasıdır. Xalqın tarixi yaddaşının bərpasıdır. Müharibə tarixin təmiri prosesidir. Müharibə tarixi ədaləti, ədalətsizliyi unudulmağa qoymayan unikal hadisədir. Texnoloji dillə desək, xalqlar özlərini müharibələrlə format edirlər. Yəni demək istəyirəm ki, müharibələr də xalqların, millətlərin təkamül prosesidir, güclülərin yaşamaq haqqı, zəiflərin məhv olmaq aqibətidir. Bizim ədəbi mühitə gəldikdə isə burada müharibəsiz də hamı bir-birini çox yaxşı tanıyır. O adamlar ki, indi sülhdən, humanizmdən dəm vururlar, onlar adi münasibətlərdə də ipinin üstünə odun yığılası adamlar deyillər. Onlar üçün hər şey və hər kəs həmişə şəxsi və müvəqqətidir.
|
“Əgər onlar saxta yollarla özlərini öz ölkələrinin incidilmişi kimi tanıtmasaydılar, heç bir keyfiyyətlərinə görə onları Avropaya buraxan olmayacaqdı” |
- Sizin sosial şəbəkədəki sərt statuslarınızla tanış oldum. Erməniyə humanizm tələb edənlər, eləcə də müharibənin olmadığı, sadəcə görüntü xatirinə bəzi addımlar atıldığını deyənlərə qarşı sərt mövqeyiniz vardı... Açığı, çoxları üçün bu, o qədər də gözlənilən deyildi. Aqşinin bu münasibətinə təəccüblənənləri hardasa haqlı hesab edirsizmi?
- Heç vaxt indiki kimi şəxsi münasibətimi bu qədər açıq-aşkar bildirməmişəm. Çünki buna ehtiyacım olmayıb. Həmişə düşünmüşəm ki, yazı adamının beyninin məhsulu müzakirə olunmalıdır, şəxsi münasibətləri yox. Yalnız dinin Azərbaycanda siyasi hakimiyyətə can atması məsələsini çıxmaq şərtilə. Mənim üçün Azərbaycanın gələcək taleyi üçün iki təhlükəli məsələ var; birincisi, Azərbaycanda dini şüurun hakimiyyətə gəlməsi, ikincisi, Azərbaycan xalqının Qarabağ itkisi ilə barışması. Birinci təhlükə bizim milli, ikinci təhlükə isə tarixi kimliyimizə son qoyacaq. Ona görə bu məsələlərdə doğma qardaşıma da yazığım gəlmir.
|
“O adamlar ki, indi sülhdən, humanizmdən dəm vurur, onlar adi münasibətlərdə də ipinin üstünə odun yığılası adamlar deyillər” |
- Bəlkə “Əsgər ölümlərinə son” şüarı ilə vaxtilə paytaxtda keçirilən aksiyalardakı istehzalı reaksiyanız çoxlarının yadından çıxmayıb? Necə düşünək, sizin bu məsələlərlə bağlı mövqeyiniz dəyişib, yoxsa...?
- Mən sadəlöhv adam deyiləm. O vaxt aksiyaya çıxan gənclərin səmimiyyətinə indi də heyranam. Amma mən bilirdim ki, bu aksiyalar Azərbaycana göndərilən qrantları bölüşmək üçün təşkil olunan küçə hərraclarından başqa bir şey deyildi. Kimlərsə milyoner olmaqdan ötrü təcrübəsiz gəncləri gündə bir aksiyaya çağırırdı. Mən o gəncləri oyatmaq üçün o vaxt havaya bir xəbərdarlıq atəşi açmışdım. O vaxt mənə gələn lənətləri də başa düşürdüm, o vaxt o gənclərin çoxu ilk dəfə idi ki, qız istəyirdi.
|
““Əsgər ölümlərinə son” aksiyaları Azərbaycana göndərilən qrantları bölüşmək üçün təşkil olunan küçə hərraclarından başqa bir şey deyildi” |
- Sanki Avropada yaşayan, mühacirət edən insanlarla bağlı daha çox qəzəbli idiz. Nə idi onların mövqeyində sizi narahat edən? Ümuiyyətlə, kimləri nəzərdə tuturduz?
- Avropaya mühacirət adıyla, sadəcə, daha rahat yaşamağa gedənlərin bəziləri mənim şəxsi dostlarımdır və bilirəm ki, əgər saxta yollarla onlar özlərini ölkələrinin incidilmişi kimi tanıtmasaydılar, heç bir keyfiyyətlərinə görə onları Avropaya buraxan olmayacaqdı. Əksəriyyəti nəinki xarici, heç öz dilimizi bilmir. Amma Avropaya çatan kimi burada qalıb öz ölkəsinin taleyinə şərik olan dostları haqqında yuxarıdan-aşağı danışırlar. Bu, əxlaqsızlıqdır. Mən əvvəllər onların gedişinə tez-tez heyfislənirdim, düşünürdüm ki, cəmiyyətimiz itirir, amma indi məlum olur ki, əksinə, mühacirət həyatı Azərbaycan cəmiyyətini zir-zibildən təmizləyir. Daha dəhşətlisi budur ki, bizim mühacirlər mənim Avropa haqqındakı təsəvvürlərimi dəyişdi. Biz Avropanın insana daha böyük azadlıqlar verdiyini düşünmüşük həmişə, ancaq öz avropoidlərimizin düşüncəsinə baxanda getdikcə daha da kölələşən, daha çox himayə axtaran bir insan növü ilə tanış oluruq. Hamısını tanıyırsınız deyə bir-bir ad çəkmək istəmirəm.
Sevinc TELMANQIZI