Qulu Məhərrəmli: “BDU-da ermənişünaslıq mərkəzində yüksək səviyyəli mütəxəssislər işləyir, amma...”
Düşmənlə mübarizə aparmaq üçün əvvəlcə onun dilini bilmək lazımdır. Tovuz hadisələri də təsdiqlədi ki, erməni dilini bilən mütəxəssislərə ciddi ehtiyacımız var. Nədən ki, informasiya müharibəsində, sosial medianın “ikinci silah” olduğu dönəmdə düşmən dilini mənimsəmək onu öz əli ilə vurmaqdır.
Özəlliklə cəbhə xəttində baş verən hadisələrdə erməni sosial şəbəkə fəallarının Azərbaycan dilində bizə hücumlarını qeyd etməliyik.
Erməniləri öz dillərində tədqiq etmək, onlara öz dillərində zərbə endirmək, erməni yalanlarını ifşa etmək baxımından cəmiyyətimizin üzərinə çox böyük yük düşür.
Erməni araşdırmaları mərkəzinin elmi işçisi Tanrıverdi İsmayılov bldirmişdi ki, Ermənistanda Azərbaycan dilini və Osmanlı türkçəsini öyrədən 10 mərkəz fəaliyyət göstərir:
“Ermənistanda Azərbaycan dilində çox səlis və təmiz danışan ermənilər var. Əhalinin 70-80 faizi Azərbaycan dilində və türk dilində danışa bilir. Dilimizi təmiz bilənlər isə əsasən Qarabağ bölgəsində məskunlaşan ermənilərdir”.
Bu faktın özü bizi tətikləməlidir ki, erməni dilini bilənlərin sayı artsın, erməni mətbuatını izləmək imkanı versin, sosial şəbəkələrdə ermənilərlə polemikada potensialımızı ortaya qoya bilək.
Hələ 2012-ci ildə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türkologiya kafedrası tərəfindən Azərbaycan dilində ilk tədris vəsaitinin təqdimatı keçirilib. Vəsaitlə erməni jurnalistlərini İDU-nun şərqşünaslıq fakültəsinin dekan müavini Ruben Melkonyan tanış edib.
Melkonyan onların nəzərinə çatdırıb ki, “Azərbaycan bizim qonşumuzdur, düşmənimizdir və onun dilinin öyrənilməsi bizim üçün həm elmi, həm də siyasi cəhətdən lazımlıdır”.
Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda da erməni dili üzrə mütəxəssislər var.

Qulu Məhərrəmli
Professor BDU-da ermənişünaslıq mərkəzinin fəaliyyət göstərdiyini xatırlatdı: “Bu mərkəzdə kifayət qədər yüksək səviyyəli mütəxəssislər işləyirlər. Azərbaycan Dillər Universitetində də belə bir mərkəzin, ən azı laboratoriyanın yaranması müzakirə olunurdu. Amma dəqiq məlumatım yoxdur ki, orada ermənişünaslıq mərkəzi açılıb, ya yox...”
Tənqidçi hesab edir ki, erməni dilini öyrənmək ciddi məsələdir: “Ermənişünaslıq mərkəzlərinin olması, onların dilinin öyrənilməi vacibdir. Müharibə apardığın ölkənin dilini bilməlisən.
Ən başlıcası Ermənistanın daxilindəki prosesləri erməni mənbələrindən oxumaq imkanı yaranır. Sonra cərəyan edən hadisələrin təhlili və erməni dilində yayılması üçün əhəmiyyətlidir.
30 ildən çox münaqişənin yaşı var, amma Qarabağla bağlı ciddi elmi və ya araşdırma mərkəzi yoxdur. Belə olan halda informasiya müharibəsinin hansı effektliyindən danışmaq olar?"
Q.Məhərrəmlinin fikrincə, Tovuz istiqamətində baş verən son proseslər cəmiyyəti silkələyib:
“Bir çox sahələrdə, o cümlədən informasiya sahəsində ciddi islahatlar aparmalıyıq. Bir millət torpaqlarını azad etmək üçün düşmənini yaxşı tanımalıdır.
Atatürkün gözəl bir sözü var - müharibə aparan ölkələrdə təkcə ordular döyüşmür, dil, mədəniyyət, iqtisadiyyat da döyüşür.
Ona görə toxunduğunuz mövzu ciddi məsələdir və hökumət qurumları bununla məşğul olmalıdır".
Emil SALAMOĞLU
“Yeni Müsavat”






