Mühacir biznesi sərvət qazandırır: Bir gəmidən 800 min dollar... - FOTOLAR
800 mühaciri aparan gəminin kapitanı gəmini tərk edərək, mühacirləri ölümlə baş-başa buraxıb.
Musavat.com-un məlumatına görə, su və yemək bitəndən sonra gəmidə qarşıdurma baş verib.
Myanmar və Banqladeşdən qaçan mühacirlər dəyənək və bıçaqla bir-birilərinə hücum ediblər. Qarşıdurmada onlarla insan ölüb. Mühacirlərdən bəziləri isə dənizə atılıb.
Xəbər verildiyinə görə, mühacirləri qəbul etmək istəməyən Malayziya, Tailand və İndoneziya qaçaq daşıyan gəmiləri sahilə yaxınlaşmağa qoymur. Bir neçə gün əvvəl bir gəmi Tailand sahillərinə yaxınlaşıb, lakin geri göndərilib.
İndoneziya və Malayziya tərəfindən də rədd edilən mühacirlər iki gün sonra yenidən Tailand sahillərinə gəliblər.
Ancaq sonradan mühacirlər yenidən okeanın naməlum istiqamətinə yola salınıblar.
Tailand rəsmisi isə açıqlama verərək bildiriblər ki, mühacirlər Malayziyaya getmək istəyiblər, lakin gəminin mühərrikində problem olub. Tailand rəsmisi mühərrikin təmir edildiyini və mühacirlərin Malayziyaya yola salındığını qeyd edib.
İndoneziya isə dünən iki gəmini öz dəniz ərazisindən çıxarıb. Hazırda 150 min mühacirə yer verən Malayziya bundan artıq mühacir qəbul etməyəcəyini vurğulayıb və ölkə sahillərinə yaxınlaşan gəmiləri rədd edir.
Şərqi Asiyada isə insan qaçaqçılığı artıq şəbəkə halına gəlib. Qaçaqçılar adambaşına təxminən 1100 dollar pul alırlar.
400 nəfərlik mühacir gəmisi təxminən 800 min dollar qazanc gətirir. İnsan hüquqları təşkilatları şəbəkənin Tailandda mərkəzləşdiyini bildirirlər.
İnsan hüquqları təşkilatları onu da qeyd edirlər ki, qaçaqçılar 2012-ci ildən bəri bu yolla 250 milyon dollar qazanc əldə ediblər.
Gülnar






