İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mühacir alveri ilə Avropada bir şəbəkə məşğul olur” - İsveçdə yaşayan rejissor

955 22.08.2019 09:50 Müsahibə A A

Rahim Sadıqbəyli: “Mühacirləri ölkəyə qaytarmaq üçün nüfuzlu şəxslərdən ibarət heyət Avropaya göndərilməli, onlarla danışıqlar aparılmalıdır”

Hazırda İsveçdə yaşayan, vətəndaşlıq statusu alan azərbaycanlı kinorejissor Rahim Sadıqbəyli “Yeni Müsavat”ın facebook və youtube platformalarında həyata keçirdiyi “Canlı debat” verilişinin qonağı olub. Müsahibə zamanı Avropada və Azərbaycanda baş verən proseslər müzakirə mövzusu olub.

R.Sadıqbəyli öncə Avropaya miqrasiya səbəblərinə toxunub:

- 2003-cü ildə burada “Bəyaz Həyat” adlı serial çəkdim. Səs-küy yaradan serial idi. Sənədli filmlər də çəkirdim. Almaniyaya dəvətim vardı. Ora getdim və orada sənədli filmlər çəkdim. Bu filmərdən biri Brlin Festivalında oynanıldı və mən “ən yaxşı rejissor” nominasiyasına layiq görüldüm. Sonra vətənə qayıtdım və yenidən serialın davamını çəkmək istədim. Amma sponsor tapa bilmədik. Marketinq təcrübəm ona yol vermirdi ki, daha çox sponsorlar cəlb edim. Ona görə də Berlinə getdim, orada fəaliyyət göstərdim. Ardınca ailəm də yanıma gəldi və artıq 15 ildir ki, İsveçdəyəm. Artıq vətəndaşlıq almışam.

- Xaricdə yaşayan mühacirləri daha çox kateqoriyalara bölürlər. Xüsusən də məskunlaşdıqları ölkələrə görə. Almaniyadakı mühacirləri bir kateqoriya, İsveçdə, İsveçrədəkiləri tamam fərqli kateqoriya altında ümumiləşdirirlər. Burada onların siyasi aktivliyi, Azərbaycandakı proseslərdə tutduğu mövqe və digər məsələlər önəm daşıyır.

- Kateqoriyalaşdırmaq doğru deyil. Amma indi sosial şəbəkələlərin bizə verdiyi imkanları nəzərə alaraq, Azərbaycandan gedən insanların çoxu şirin həyatdan getməyiblər. Heç kim məcbur qalmasa, ölkəsini tərk etməz. İnsanların içində bir inciklik vardı. Bu inciklik onları ölkədən ayrı saldı. Amma təbii ki, söyüş, hədyan ritorikasını qəbul etmirəm. Siyasi debatlar, proqramlar olmalıdır və bu, demokratiyanın əsasını təşkil edir...

“Budəfəki gəlişimdə hiss etdim ki, Azərbaycanda bir qədər pozitivlik, nələrisə düzəltmək meyli var”

Nazim İbrahimovun vaxtında diaspora komitəsi ayrımçılıqla məşğul idi. İnsanları siyasi düşüncəsinə görə kateqoriyalara bölürdülər. Təəssüflər olsun ki, son zamanlar diaspor fəaliyyəti burada arxa plana keçib. Yəni biz burada çoxala-çoxala bəzən fikirlərimiz üst-üstə gəlmir. Siyasi çəkişmələr buna səbəb olur... Məncə, siyasi məsələlərlə işimizi qabağa apara bilmərik. Biz mədəniyyətlə bir araya gələ bilərik. Ümid edirəm ki, indi yeni rəhbərlik gəlib və yeniliklər etməyə çalışırlar.

- Necə düşünürsünüz, indiki halda xaricdə yaşayan mühacirlərin Azərbaycana qayıtması üçün dövlət hansısa proqramlar həyata keçirə bilərmi? Hansı halda “Vətənə qayıdış” dalğası baş tuta bilər?

- Azərbaycanlıların toplum halda yaşadığı ölkə Rusiya, ABŞ, Almaniyadır. Dövlət ilk növbədə bu addımı atmalıdır. Mühacirlərin ölkəyə qaytarılması üçün buradan bir qrup ayrı-ayrı ölkələrə getməlidir. Diaspor komitəsi bunu təşkil etməlidir. Bu qrupa Çingiz Abdullayev kimi yazıçı, Rasim Balayev, Rauf Arifoğlu kimi nüfuzlu şəxslər daxil edilməlidir. Onlar mühacirlərlə söhbət etməli, onların istəkləri ilə maraqlanmalı və ölkəyə qayıdacaqları halda hər şeyə təminat verməlidilər. Mən ölkəmə pozitiv yanaşıram. Budəfəki gəlişimdə hiss etdim ki, Azərbaycanda bir qədər pozitivlik, nələrisə düzəltmək meyli hiss olunur. Bunu təkcə mən yox, burada görüşdüyüm ziyalı, jurnalist təbəqəsi də etiraf etdi.

- Bugünlərdə saxta mühacir vəsiqəsi ilə bağlı yeni bir polemika yarandı və bu məsələdə xüsusən Müsavat Partiyasının adı hallandı. Sizin ətrafınızda saxta mühacir adı ilə status, oturum almağa çalışan azərbaycanlılar çoxdurmu?

- Açıq deyəcəm, Avropaya gələn insanların çoxu burada müxalifət nağıllarını danışan adamlardır. Ay mən müxalifətçiyəm, atamı tutdular, özümə zülm etdilər. Ya da saxta jurnalist vəsiqəsi ilə ora gedənlər də çox olub. Amma mən Müsavat Partiyasına inanıram. Düşünmürəm ki, Müsavat Partiyası rəhbərliyində belə qanunsuzluqla məşğul olan insanlar var. Bunu edənlər yerlərdədir, məsələn, Almaniyada belə bir şəbəkə var. Şəxsən adlarını da bilirəm. İsveçdə, Hollandiyada da onların nümayəndələri var. Onlar nəinki partiya bileti, eyni zamanda jurnalist vəsiqələri düzəldirlər ki, filankəs filan qəzetdə çalışır. Keçən ilə qədər İsveçdə mühacirət açıq idi. Yenə də deyirəm: evinizi satıb, o dəllalların sözü ilə İsveçə gəlməyin. İsveçə keçən il 160 min suriyalı gələndən sonra İsveçdə mühacir məsələsi bağlanıb, azərbaycanlılara oturum vermirlər. Buna səbəbi həm də Azərbaycanın yarıdemokrat ölkə olması ilə bağlıdır. İndi Böyük Avropa ölkələrində oturum almaq çox çətinləşib. Ərəblərin axınından sonra Avropada faşizmin, rasizmin də faizi artıb. Amma azərbaycanlı mühacirlərə qarşı neqativ münasibət yoxdur. Çünki biz çox istedadlı xalqıq və dərhal yeni situasiyadan baş çıxarırıq. Azərbaycanlılar avropalı kateqoriyasındadılar. Ukraynalılara qarşı münasibət yüksəkdir. Ərəblərə qarşı da münasibət pisdir. Kürdlər orada öz sözlərini deyiblər. Ermənilər özlərindəndir - bu, dəyişməz qaydadır.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR