Sintizator çalanı bıçaqlayan müğənninin məhkəməsi başlayıb. Hadisəyə səbəb sintizator ifaçısının müğənnini düzgün müşayət etməməsi olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Ə.İsmayılov ittiham aktını almadığını deyərək məhkəmənin təxirə salınmasını istəyib.
Məhkəmənin hazırlıq iclası iyunun 21-də davam etdiriləcək.
Hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yanında baş verib. İsmayılov tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub. Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.
Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb. Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra Ə.İsmayılov ölkəndən qaçmaq istəyərəkən Hava Limanında saxlanılıb.
İlkin Muradov
Musavat.com






