"Muğanbank"ın kredit üzrə mütəxəssisinə cəza kəsilib. O dələduzluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin külli miqdarda dələduzluqda təqsirləndirilən Nəsimi filialının kredit üzrə mütəxəssisi Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
N.Vəliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, zərərçəkmiş şəxslərə vurulan ziyanın bir qismini ödədiyini söyləyib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, N.Vəliyev tanışları - Kənan Nağıyev və Cavad Cavadov etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda, bu yolla hər həmin şəxslərdən ümumilikdə 332 min 200 manat məbləğində vəsaitini ələ keçirməkdə ittiham olunur.
Bu iş üzrə zərərçəkmiş şəxs qismində "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da tanınıb.
N.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
İ.Muradov
Musavat.com






