Müəyyənləşmək vaxtı deyilmi?
O şey ki, onun Ukraynada baş verə biləcəyindən hamı ehtiyat edirdi, o, sovuşdu. Hamı güman edirdi ki, Krım qovğası Ukraynanı çökdürəcək və bu ölkə Avropaya inteqrasiya prosesini dayandıracaq.
Amma belə olmadı. Budur, ölkə Avropa Birliyi ilə assosiasiya sazişinin siyasi blokunu imzaladı. Düşünürük ki, Ukraynanın Rusiyanın digər təzyiqlərinə də cavabı elə belə olacaq.
İndi ən çox narahatlıq doğuran budur ki, Qərb çox götür-qoy edir, Rusiyaya qarşı hansı sanksiyaların tətbiq olunacağını hələ indi nəzərdən keçirir. Halbuki bunu tez və qəti etmək lazımdır.
Təbii ki, böyük savaş olmayacaq. Ötən dəfə də yazmışdıq ki, indi Qərbin ən Rusiyaya ən böyük zərbəsi üç GUAM ölkəsinin- Gürcüstanın, Moldovanın və bir də Ukraynanın NATO-ya qəbul edilməsi olardı.
Prinsipcə, bu ilin sentyabr ayında NATO-nun Uelsdə keçiriləcək sammitində bunu etmək olardı. Görək, nə olur? Sentyabra hələ çox var...
Maraq doğuran məsələlərdən biri də Azərbaycanın baş verən proseslərə münasibətidir. Əminik ki, Ukraynadakı hadisələr onlara bir siqnaldı.
İndi hamı düşünür ki, rəsmi Bakının sükutu ölkənin təhlükəsizliyilə bağlıdır. Amma böyük ehtimalla bu, hakimiyyətin öz taleyi elə əlaqədardır. Əvvəllər o, çox məharətlə Rusiya ilə Qərb arasında manevr edirdi. Artıq bu manevr heç kimə lazım deyil.
İndi Qərb də, Rusiya da birmənalı münasibət istəyir. Hətta Ermənistanın Rusiyanın son hərəkətlərini dəstəkləməsi ABŞ-ın ciddi etirazına səbəb oldu. Eyni münasibəti Rusiya umur.
Rəsmi Bakı nəyi itirmək ərəfəsindədir? O, Rusiyanın timsalında avtoritarizmin böyük dayağını itirə bilər. Və böyük ehtimalla itirəcək də. Di gəl, bu hakimiyyət daxildə özünü elə aparır ki, sanki heç nə baş verməyib.
Amma böyük proseslər baş verir. Dünya yeni bölgü ərəfəsindədir. Böyük ehtimalla İ.Əliyev də NATO-nun Uelsdə keçiriləcək sammitində iştirak etmək fikrindədir. Amma o, bu toplantıya hansı təkliflərlə gedəcək?
Bax, bu məsələdə heç bir yəqinlik yoxdur. Hətta təxminlər etmək də çətindir.
İndi Bakı Rusiyadakı diasporun tövsiyyələri əsasında siyasətini qurmağa cəhd edir. Amma biznesi və həyatı Rusiya ilə bağlı olan adamlar Bakıya nə təklif edəcək?
Təbii ki, onlar “Moskva ilə ehtiyatlı olun!” deyəcəklər. Biz də ehtiyatsızlığa, ağılsızlığa çağırmırıq. Hətta hesab edirik ki, bir az gözləmək də olar. Amma fizikada deyildiyi kimi, mütləq hərəkət və mütləq sükunət yoxdur.
Düzdür, soyuq münasibətlərin (hələ soyuq müharibə deyə bilmirik!) bir cəhəti də var. Hamı öz ətrafında “geosiyasi klub” müəyyənləşdirir. Bəzən daha önəmli hansı klubda təmsil olunmaq olur. Soyuq müharibə dövrlərini bir daha yada salın. O vaxt ABŞ tərəfdə də çoxlu qeyri-demokratik, anti-kommunist diktaturalar vardı, hər şey bir prinsiplə müəyyən edilirdi. Mən buna çox vaxt “Somosa prinsipi” deyirəm. Amerikalılar deyirdi ki, Somosa köpəkoğludur, amma bizim köpəkoğludur...
Geosiyasət üstün ton təşkil edəndə dövlətlərin daxili spesifikası bir qədər arxa plana keçir. Demək istədiyimiz budur. Bəlkə də Bakıda düşünürlər ki, Qərbin ətrafında formalaşan klubda bizə yer verəcəklərmi? Əgər soyuq savaşa bənzər bir şey olsa verəcəklər!
Təbii ki, azacıq da olsa, dəyişmək lazım gələcək, çünki heç dəyişməmək də ciddi bir yol deyil. Məsəl var, deyirlər ki, yalnız ölülərin fikri dəyişmir. Elə bu səbəbdən də gələcək haqqında ciddi düşünmək lazımdır.
Ukraynada baş verən proseslər zamanı düşündük ki, Vilnüs sammitindəki möqeyini bizim hakimiyyət də dəyişməli olacaq. Hələ də bu ümiddəyik. Bəlkə də ümid üçün heç bir əsas yoxdur. Amma indi də əminik ki, Bakının assosiasiya sazişini imzalamasını yasaq edən hansısa xarici amil yoxdur. Bu, daha çox hakimiyyətin öz məqsədlərilə bağlıdır. Elə geosiyasi meyarların üstünlük təşkil etməsinin nəticəsidir ki, Qərb də israr etmir. Açığı Ukraynada onlar daha çox təkid etdilər.
Əvvəldə qeyd etdik ki, indi iki düşərgə var. Rəsmi Bakı da bu düşərgələrdən birində olmalıdır. Hansında? Çox qalmayıb. Bu məsələyə də aydınlıq gələcək. Özü də tezliklə...






