İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müəyyən məqamlarda Azərbaycanın prinsipial mövqeyi münaqişə vəziyyətində olan dövlətlərin də işinə yarayır” - Akif Nağı

302 17.01.2022 15:15 Son xəbər A A

“Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə məxsus prinsiplərlə yer alır. Bunu tərəfsiz və obyektiv mövqe kimi də dəyərləndirmək olar. Bu mövqe ilk baxışdan bəzi böyük dövlətlərin xoşuna gəlməyə bilər. Amma Azərbaycanın istənilən hadisəyə öz baxışı var”.

QAT sədri Akif Nağı bu fikirləri Azərbaycan-Ukrayna münaisbətləri, xüsusilə də dövlət başçımızın Kiyevə son səfərini Musavat.com-a şərh edərkən söyləyib. Ukrayna səfəri və imzalanan sənədlərin üçüncü dövlətlər tərəfindən necə qarşılanmasına gəldikdə, A.Nağı qeyd etdi ki, artıq hər bir dövlət bu mövqe ilə hesablaşmaq zorundadır: “Çünki müəyyən məqamlarda Azərbaycanın prinsipial mövqeyi münaqişə vəziyyətində olan dövlətlərin də işinə yarayır”.

QAT sədri bildirib ki, vaxtilə Türkiyə- Rusiya arasınakı gərginlik zamanı da Azərbaycanın vasitəçilik missiyası müsbət rol oynayıb: “Hazırda Ukrayna ilə bağlı qlobal gərginlik yaranıb, bu vəziyyətdən Rusiya da, Qərb də çıxış yolu axtarır. Belə vəziyyətdə Azərbaycan həlledici rol oynaya bilər”. A.Nağı məmnunluqla qeyd edib ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe tutur, eyni zamanda Rusiya ilə isti münasibətlərini saxlayır: “Digər dövlətlər ya Rusiyanın, ya da Ukrayna ilə birlikdə Qərbin tərəfindədir. Ona görə də vasitəçilik edə bilmirlər. Azərbaycan prezidentinin bu gərgin və mürəkkəb şəraitdə Ukraynaya səfəri çoxvektorlu xarakter daşıyır. Burada iki ölkə arasındakı münasibətlərin inkişafı məsələsi ön planda dayanır. Eyni zamanda Rusiya - Ukrayna münasibətlərinin nisbətən yumşaldilması, çıxış yollarının axtarılması baxımından da əhəmiyyətlidir. Rysiya çətin durumdadır, ABŞ ən sərt sanksiyalar tətbiq edəcəyini dilə gətirib. Bu sanksiyalar Rusiya rəhbərliyini , hətta prezident Putinin də əhatə edə bilər. Elə olarsa, siyasi və iqtisadi zərərlərlə yanaşı, Rusiya prezidentinin beynəlxalq imicinə də ağır zərbə vurula bilər. Ona görə də Putinin Ukrayna ilə dil tapmaq cəhdləri müşahidə olunur”.

QAT rəhbərinin fikrincə, Azərbaycan prezidentinin bu məsələ ilə bağlı xüsusi missiyası da istisna edilmir: “İstənilən halda, görünən odur ki, Azərbaycan prezidenti regionda ciddi siyasi çəki əldə etməkdədir və ən ağır problemlərin həllində onun iştirakı zərurətə çevrilir”.

Elşad,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR