İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin işə qəbulu üzrə müsabiqəsindən REPORTAJ - FOTOLAR

1699 17.08.2018 18:59 Təhsil A A

Avqustun 13-də start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Bu gün keçirilən müsahibədə coğrafiya və ingilis dili müəllimi olmaq istəyən namizədlər iştirak ediblər.

Musavat.com-un reportyor qrupu olaraq müsahibə mərhələsinin keçirildiyi zalda olub, ümumi vəziyyətlə maraqlandıq. Öyrəndik ki, bu mərhələ başa çatdıqdan sonra nəticələr barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə mərhələsi barəsində geniş məlumat verən Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə söylədi ki, bu mərhələ zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır: “Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim edirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Müsahibə komissiyası 3 nəfərdən ibarətdir. Hər bir üzv müəyyən məsələləri qiymətləndirir. Komissiyanın tərkibində məktəb direktoru, fənn müəllimi və Təhsil Nazirliyinin əməkdaşı iştirak edir. Artıq bu, yekun mərhələdir ki, bu mərhələdən uğurla keçənlər müddətsiz işə qəbul ediləcəklər. Onlar barədə məlumat yerli təhsil idarəetmə orqanlarına, eləcə də Bakı şəhəri üzrə təhsil idarəsinə göndəriləcək. Gün ərzində 770-790 nəfərin müsahibə verməsi üçün şərait yaradılıb və namizədlərə məlumat göndərilib. Ümumilikdə isə 4337 nəfər bu mərhələyə keçib.

Bütövlükdə isə 21 mindən artıq namizəd vakant seçimi mərhələsinə buraxılmışdı. Sadəcə olaraq onlardan 13 min nəfəri vakant yer seçərək ərizələrini təsdiq ediblər. 7300 nəfər isə ümumiyyətlə, vakansiya seçməyiblər. Ümumilikdə bu il 7100-dən artıq vakansiya elan edilib. Namizədlər öz elektron ərizələrində 8 vakant yer seçə bilərdilər. Yerləşdirmə də proqram təminatı əsasında, namizədlərin seçim ardıcıllığı uyğun olaraq həyata keçirilir. Mövcud qaydalara əsasən namizədlərin müsabiqədə topladıqları bal 2 tədris ili ərzində qüvvədə qalır. Kimlər ki, bu il vakansiya seçməyib, onlar növbəti tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqədə imtahan mərhələsində iştirak etmədən birbaşa vakant seçimi mərhələsinə qatıla bilərlər”.

Müsahibə komissiyasının tərkibində təmsil olunan 76 saylı məktəbin direktoru Nəsimi Quliyev musavat.com-a bildirdi ki, müsahibə mərhələsi tam şəffaf şəkildə aparılır:“Burada biz hər bir namizədin müsahibəsini videoya da çəkirik. Bəzən olur ki, kimsə müsahibədən keçmir və apelyasiyaya verir. O zaman bu videolara baxılıb, bir daha qərar verilir. Əsasən namizədlərin psixoloji hazırlığı, metodiki bilikləri, ümumi dünya görüşü yoxlanılır. İngilis dili üzrə imtahan verən namizədlərin Müsahibəsini də çalışırıq ki, ingiliscə aparaq. Namizədlərin əksəriyyəti rayonlara qəbul olanlardır”.
Müəlimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən namizədlərlə də söhbət edib, onların da fikirlərini aldıq.

Coğrafiya müəllimi Pərviz Həsənli bildirdi ki, 3 illik pedaqoji təcrübəsi var: “Beyləqan rayonunda öz kəndimizdə müəllim işləmişəm. Sosial şəbəkələrdən valideynlərin narazılığını oxudum ki, ucqar dağ kəndlərində müəllim çatışmır. Buna görə birbaşa dağ kəndlərinə olan vakansiyaları seçdim. Şəmkirin Çənlibel 1 saylı tam orta məktəbinə qəbul oldum. Öz yaşadığım ərazidən imtina edib, orada yaşayan şagirdlərə bilik vermək üçün dağ kəndinə gedirəm. Müsahibə mərhələsi də çox gözəl keçdi. Hər tərəfli suallar verildi. Müsahibə mərhələsini çox yüksək qiymətləndirirəm”.

Vüsalə Cahangirova da bildirdi ki, Gəncə Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib: “İmtahandan 51 bal yığmışam. Müsahibə mərhələsindən də keçərsəm, İsmayıllı rayonunda dərs deyəcəyəm. Özüm isə Göyçay rayonundanam. Müsahibə mərhələsində hazırladığımız 5 mövzu ilə bağlı suallar verdilər. Dərsin mərhələləri haqqında soruşdular. Eyni zamanda özüm haqqında danışıb, niyə müəllimə olmaq istədiyimi izah etdim. Bütövlükdə müsahibə mərhələsi çox gözəl keçdi. Yaradılan şəraitdən razı qaldım”.

Həmsöhbət olduğumuz digər namizəd Ceyran Pirabdiyeva isə musavat.com-a bildirdi ki, ailələrində yeganə ali təhsili o alıb və həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Ağstafa rayonunda müəllimə kimi işləmək arzusundadır: “Universiteti ingilis dili ixtisası üzrə bitirmişəm. Müsahibə mərhələsi də düşünürəm ki, uğurlu keçdi. Özüm Qazax rayonundanam, ancaq Ağstafa rayonunda müəllimə kimi çalışacağam. Ümid edirəm ki, müsahibə mərhələsindən uğurla keçərəm”.

Qeyd edək ki, müsahibə mərhələsi avqustun 18-dək davam edəcək.

Əli Rais,
Fotolar: Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR