İyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda yanğın baş verib. İlkin olaraq musavat.com-a daxil olan məlumatda deyilirdi ki, güclü partlayış səsləri eşidilib, sonra isə yanğın başlayıb. Bir neçə saat sonra məlum olub ki, partlayış zavodun mərmi saxlanc anbarında baş verib. Məhz bu səbəbdən partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib. Mərmi qəlpələrinin düşdüyü 2-3 kilometrlik radiusda lokal yanğınlar meydana gəlib.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb ediliblər. Səhiyyə Nazirliyi də Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayışla bağlı səhiyyə müəssisələrini səfərbər edib, o cümlədən Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib. Yaralanan şəxslərin daşınması üçün ətraf 4 rayonun mərkəzi xəstəxanalarının təcili tibbi yardım maşınları da cəlb olunub. Xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb. Bildirilib ki, partlayışdan sonra Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yalnız 18 xəsarət almış şəxs (başqa mənbələr yaralıların sayının çox olduğunu bildirib) çatdırılıb. Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilib, iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Yaralananlar əsasən kişilərdir. Sosial şəbəkələrdə isə rayon sakinləri 1 nəfərin öldüyünü yazıblar.
Zavod yaşayış evlərindən aralıda yerləşdiyindən xüsusi panika yaranmayıb və bu səbəbdən də insanların evakuasiyasına ehtiyac olmayıb. FHN və hüquq-mühafizə orqanları yalnız əraziyə toplaşmaq istəyən mülki əhali və jurnalistləri təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırıblar. Müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir.
Musavat.com-un Şirvana ezam olunmuş reportyoru saat 18:30 radələrində xəbər verib ki, arabir mərmilər partlamaqda davam edir, bu isə yanğınsöndürmə işlərinin həyata keçirilməsinə maneçilik törədir. Əməkdaşımız bildirib ki, zavod təpələrin arasında yerləşir və hazırda burada partlayaraq ətrafa səpələnmiş mərmi qəlpələri təpələrdəki ot örtüyündə yanğın törədib.
Saat 19 radələrində Müdafiə Sənayesi Nazirliyi yeni məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər. “Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır. Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir. Hadisənin başvermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək” deyə, nazirlikdən bildirilib.
Musavat.com-un əməkdaşı Yavər Camalova yaxınlaşaraq baş vermiş hadisə barədə məlumat almaq istəyib, ancaq o, məlumat verməkdən imtina edib. Reportyorumuz başqa səlahiyyətli şəxslərdən öyrənib ki, hadisə ilə bağlı istintaq-araşdırma qrupu yaradılıb. Müxbirimiz deyib ki, yerli sakinlər yaralıların sayının elan edildiyindən qat-qat çox olduğunu bildirirlər. Partlayış zonasına yaxın olan evlərin sakinlərinin bir xeylisi şəhərin içərilərinə doğru çəkilib.
İş günün sonunda prezidenti İlham Əliyev “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Hüquq-mühafizə orqanları rəhbərlərinin də daxil olduğu komissiyaya baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək.
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.
Qeyd edək ki, “Araz” zavodu 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən “Uzaq rabitə” Elmi-İstehsalat Birliyinin filialı kimi “Uzaq rabitə” adı altında fəaliyyət göstərib.
1993-cü ildə zavod “Ulduz” EİB-in tərkibində Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib. 1995-ci ildə zavod “Ulduz” EİB-in tərkibindən çıxarılıb və müstəqil müəssisə olaraq Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilib.
2006-cı ildən “Araz” zavodu kimi Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
“Yeni Müsavat”