Murov dağında yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Ramazan Hudulov donvurmadan ölüb. R. Hudulovun xalası Zərnişan Bağbanova əməkdaşımızla telefon əlaqəsi zamanı bildirib ki, əsgər həftələrlə yüksək dağlıq ərazidə yerləşən mövqedə keşik çəkib. Ə. Hudulov növbədən dəyişdirilməyib: “Ramazanın dağda posta qalması barədə bizə məlumat verildi. Ramazanın anası Ayişə , bacıları və qardaşları Murova gedib. Telefonla Ramazanla danışıblar. Ramazan deyib ki, donur. Amma hərbi hissə onu postdan aşağı salmayıb. 12 saatdan sonra yanvarın 9-da Ramazanın anası, qardaşları dağa çıxıb. Dağda donmuş Ramazanı tapıb aşağı düşürüblər. Anasının təkidindən sonra yanvarın 11-da Ramazanı Bakıya hospitala apardılar. Lakin onu xilas etmək olmadı. Ramazan düz 3 ay dağda posta olub onu dəyişməyiblər”.
Z. Bağbanovanın bildirdiyinə görə, R. Hudulov ötən ilin oktyabrın 1-də Balakən Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb: “Təzə əsgərə gedən uşağı hansı əsasla yüksək dağın başına çıxarıb 3 ay dəyişmədən posta saxlayıblar? Nəyə görə onun növbəsini dəyişməyiblər. Biz Ramazanın tələsik dəfn edilməsinin əleyhinəyik. Televiziya və qəzetlərdən xahiş edirik ki, rayona gəlsinlər. Ramazanın cəsədi hələ rayona gəlib çıxmayıb. Deyirlər yoldadır”.
Balakən rayonundan aldığımız məlumata görə, R. Hudulov Balakən rayonunun Qabaqçöl qəsəbəsindəndir. Onun ata evi hazırda polis mühasirəsindədir. Polislər rayonda etiraz aksiyasının keçirilməsindən ehtiyatlanır. Qeyd edək ki, Qabaqçöl qəsəbəsində etnik avarlar yaşayır və rayonun ən böyük yaşayış məntəqəsidir.
Müdafiə Nazirliyi səhər saatlarında faktla bağlı açıqlama verib. Nazirliyin bildirdiyinə görə, Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsindən hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Xudulov Ramazan İsmayıl oğlu yanvarın 18-də saat 21.45-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.
Bu ilin yanvar ayının 11-də səhhətində problemlər yaranan əsgər yerli hərbi hospitala köçürülüb və üç gün sonra vəziyyəti ağırlaşdığına görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.
Səhiyyə Nazirliyi və Baş Klinik Hospitalın mütəxəssislərinin gərgin səylərinə baxmayaraq, əsgəri həyata qaytarmaq mümkün olmayıb.
Əsgər Xudulov virus+bakterial mənşəli, kəskin meninqoensefalit - ağır gedişli, serebral koma, beyin ödəmi, pərçim sindromu və digər ağır diaqnozlu xəstəlik səbəblərinə görə dünyasını dəyişib.
Qeyd edək ki, Murov dağında yerləşən hərbi hissələr Şəmkir Ordu Birləşməsinin tərkibindədir. Bu Ordu Birləşməsi əsgər ölümləri ilə tanınır. Bir müddət əvvəl Ordu Birləşməsinin Daşkəsən rayonunda yerləşən hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü paytaxtda etiraz aksiyasına səbəb olmuşdu.
Mövzunu davam etdirəcəyik.
Leyla İLQAR






