İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübarək Ramazan ayı başlayır, bu ayda düzgün necə qidalanmalı?

3935 06.06.2016 08:40 Mənəviyyat A A
Sabah müsəlman dünyası üçün müqəddəs Ramazan ayı başlayır. Bu səbəbdən oruc tutarkən qida rejimi ilə bağlı daha diqqətli olmağa ehtiyac var. Yay aylarında gün uzun olduğu üçün oruc müddəti də uzanır. 

Bu baxımdan Ramazanda susuzluq və onunla bərabər halsızlıq hissinə qarşı müqavimətli olmaq üçün diqqət etməyimiz lazım olan məqamlar var. Aclıq, susuzluq və halsızlıqla mübarizənin başında qidalanma durur. “Yeni Müsavat” dietoloq məsləhətlərini təqdim edir. 

Gün boyu heç bir qida qəbul etmədiyiniz üçün iftarda yeyəcəyiniz yeməyin miqdarını azaltmaq, mədəni və həzmi rahatlaşdırmaq üçün çox əhəmiyyətlidir. Məsələn, bir yeməyimizin miqdarını  azaldıb, əvvəlində bir kasa şorba içmək daha yaxşı olar. Beləcə həm bədənin maye ehtiyacını ödəmək, həm də yemək payımızı kiçiltmiş olarıq. İftardan imsaka qədər tez-tez, az-az qidalanmaq daha faydalıdır. 

Yaya təsadüf edən Ramazan ayında ən çox ehtiyac suya olacaq. Ramazan ayında iftarla imsak arasında ən az 8-10 stəkan su içməyə diqqət etmək lazımdır. Su içmək üçün susamanızı gözləməyin.

Ramazan ayında çəki artımının əsas səbəblərindən biri də yüksək yağlılığı olan yeməklərin süfrələrimizdə iştirak etməsidir. Halbuki həm bu  ayda, bizə əlavə enerji verməyən və fayda təmin etməyən yağlı və ağır qidalardan uzaq durmaq lazımdır. Mədəmizi və həzm sistemimizi rahatlaşdıraraq bir aylıq müddətdə orqanizmimizi  hazırlamaq daha əhəmiyyətlidir.
Duzlu qidalar iftar və sahurda imtina edilməsi vacib olan qidalar qrupuna daxildir. Bu səbəbdən turşu, duzlu fıstıq, duzlu kraker kimi qidalarla bəslənmənizə son verməlisiniz. Ayrıca, qəbul etdiyiniz pendir və zeytunun də duz miqdarına diqqət etməniz lazımdır. 
Bu günə qədər qidalanmanızda salatlara kifayət qədər yer verməmisinizsə, salatları süfrənizdən əskik etməyin. Pomidor və xiyar həzmi asan olan tərəvəzlərdir. Qara çörək, yumurta və az yağlı olan pendir də bu ərəfədə əvəzolunmaz qidadır. Meyvə, tərəvəz və taxıllı qidalara da laqeyd yanaşmayın. Bu yeməklər, bağırsaqları işlədir və həzmi rahatlaşdırır. Vitamin və mineral cəhətdən də sağlamlığımız üçün  əhəmiyyətli rol oynayır. Ancaq həddindən artıq meyvə yeyib, onun tərkibindəki şəkəri də unutmaq olmaz. Məsələn, bu isti yay günlərində sərinlədici təsiri ilə sevdiyimiz qarpızı həddindən çox yemək fayda yerinə zərər verə bilər. Təxminən 200 qram qarpız yemək kifayətdir. 

“Sahura qalxmadan oruc tuta bilərəm” düşüncəsi son dərəcə səhvdir. Sahura qalxmamaq həm gün boyu daha halsız olmağınıza səbəb olacaq, həm də maddələr mübadiləsinin daha da yavaşlamasına səbəb olacaq. 

Digər tərəfdən xüsusilə mədə problemi olanlar onsuz da yayda uzun olan aclıq müddətini sahura qalxmamaqla bir az da uzatmamalıdırlar. Əks halda mədədə turşu ifraz edilər,  mədə yanması kimi problemlər yaşana bilər. 

Bəs, Ramazan ayının ilk sahurunda hansı yeməklər daha sağlam olacaq? Ən keyfiyyətli zülal olan yumurta, buğda çörəyi, pendir kimi tox tutan qidaları qəbul edin. Ayrıca, qoz, badam kimi keyfiyyətli yağ ehtiva edən və tox tutan quru meyvələri də sahur süfrələrinizdən əksik etməyin. Bundan başqa, sahurda bir stəkan süd içmək və ya bir kasa qatıq yemək də tox qalmanıza kömək edəcək.  


Tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, uzun yay günlərində oruc tutan şəxs ilk növbədə orqanizmin mayeyə olan tələbatını ödəməlidir: “İlk növbədə, yalnız sağlam insanlar oruc tutmalıdırlar. Əgər insanda hansısa problem varsa, ilk növbədə həkimlə məsləhətləşməlidir. Zorla oruc tutmaq, səhhətinə ziyan vurmaq düzgün deyil. Oruc tutan şəxs fiziki baxımdan buna tam hazır olmalıdır. Şəkərli diabeti olan şəxslər, qan təzyiqi olan şəxslər, anemiyası olanlar, hamilə qadınlar və başqa bəzi kateqoriyadan olan insanlar var ki, onların gün ərzində qidalanmağa və maye qəbul etməyə ehtiyacları var. Bu baxımdan onların oruc tutması məsləhət deyil. Orucluq təkcə qidalanma deyil, həm də bir nəfs məsələsidir. İnsan öz  nəfsinə nəzarət etmək qabiliyyətinə malik olmalıdır. Digər tərəfdən də oruc tutan şəxs yayın isti vaxtlarında müəyyən şərtlərə əməl etməlidir. Belə ki, səhər imsak vaxtına qədər çoxlu maye qəbul olunmalıdır. Bədəndə müəyyən maye resursu yaradılmalıdır. Gün  ərzində maye qəbul olunmadığı halda, gün ərzində isti havada dəri vasitəsilə suyun buxarlanmasına, qanun qatılaşmasına səbəb olur ki, bu da orqanizmi ekstremal vəziyyətə salmış olur. Çalışmaq lazımdır ki, yay vaxtı çox qida qəbuluna yol verilməsin. İnsanlar mümkün qədər az qidalansınlar. Xüsusilə də oruc açan vaxtı çox yemək olmaz. Bəzi insanlar buna riayət etmir, gün ərzində ac qaldıqları üçün birdən birə çoxlu qida qəbul edirlər. Bu doğru deyil. Çox yağlı qidalardan da qaçmaq lazımdır”. 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR