İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübahisə etdiyi uşaqlıq dostunu ürəyindən vuran şəxsin cinayətinin TƏFƏRRÜATLARI

788 21.05.2018 18:45 Kriminal A A

Dostunu avtoyumada maşın saxlamaq üstündə baş verən mübahisəyə görə ürəyindən vuran şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, hadisə ötən il Xızı rayonu ərazisində - Giləzi-Xızı yolunda baş verib. 38 yaşlı Vamiq Cəfərov avtoyumada maşınını saxlayıb. 41 yaşlı Qabil Məmmədov da həmin yerə gəlib və maşını orada saxlayıb. Vamiq Cəfərov həmkəndlisinə irad bildirib ki, maşını onun maşınından kənarda saxlasın. Qabil isə bununla razılaşmayıb. Aralarında mübahisə yaranıb.

V.Cəfərov əsəbləşərək maşını ilə Məmmədovun maşınına zərbə endirib və oradan uzaqlaşıb. Q.Məmmədov maşını ilə Cəfərovun arxasınca gedib. Yolda onlar maşınlarını yenə bir-birinə vurublar. Q.Məmmədov maşından düşərək Cəfərovun maşınına tərəf gedib. Qapını açaraq Cəfərova bıçaqla zərbə endirib və oradan qaçıb. Bıçaq zərbəsi Cəfərovun ürək nahiyyəsinə dəyib. İttihamda qeyd edilir ki, Q.Məmmədov hadisədən sonra Bakıya qaçıb. İki gün sonra isə saxlanılıb.

Qabil Məmmədov ilkin ifadəsində deyib ki, həmkəndlisi Vamiq Cəfərovu ona ana-bacı söyüşü söydüyü üçün bıçaqlayıb. Q.Məmmədov ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, Cəfərovun xətrini çox istəyib, hadisə zamanı da onu öldürmək istəməyib. Məhkəmədə məlum olub ki, Məmmədovla mərhum uşaqlıq dostu olublar. Eyni hərbi hissədə çalışırmışlar.

Q.Məmmədov sərbəst ifadəsində hadisənin necə baş verdiyini danışıb: "Maşını moykada saxlayanda dedi ki, aralı saxla. O, maşını moykadan yeni çıxarmışdı. Mən də dedim ki, bu qədər məsafə var, niyə maşını çəkim? Yenə dedi ki, çəkməlisən. Mübahisə elədik. Öz maşını ilə mənim maşınımı vurub getdi. Mən də maşını onun arxasınca sürdüm. Yolda ona çatdım. Dairədən dönəndə yenə maşını fırladıb məni vurdu. Maşınlar dayananda düşüb ona tərəf getdim. Söyüş söydü. Maşında tutaşdıq. Bıçağın ona necə dəydiyini bilmirəm. Öldürmək niyyətim olmayıb. Bıçaq Vamiqin üstündə idi. Onun əlindən almışam".

Mərhumun xanımı, hüquqi varis kimi tanınan Yeganə Cəfərova buna etiraz edib. Deyib ki, həyat yoldaşının üzərində bıçaq olmayıb.

Təqsirləndirilən Məmmədov yalan danışmadığını deyib: "Yeganə, sən də mənim bacım. Bilirsən ki, onunla necə münasibətimiz olub. Onu öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam".

Yeganə Cəfərova isə Q.Məmmədova sual verib ki, öldürmək niyyəti olmayıbsa, niyə ürəyindən vururdu. Təqsirləndirilən şəxs yaranan mübahisə və tutaşma zamanı bıçağın təsadüfən mərhumun ürəyinə dəydiyini deyib.

Q.Məmmədov hadisədən sonra qaçmasının səbəbini isə belə izah edib: "Şokda idim. Qorxduğum üçün qaçmışdım. Sonra özüm təslim olmuşam".

Məhkəmədə mərhumun qardaşı Qəhrəman Cəfərov da ifadə verib. O, hadisəni görmədiyini deyib. Məlum olub ki, Qəhrəman Cəfərov istintaqda Məmmədovun düşmənlərinin olduğunu və buna görə də bıçaq gəzdirdiyini deyib.

Şahid bunu belə izah edib: "Qardaşımda bıçaq olmayıb. Mən Qabilin bıçağın qardaşımda olduğunu dediyini öyrəndiyim üçün elə söyləmişəm. Adam üzərində niyə bıçaq gəzdirsin?"

Digər şahid mərhumun atası Süleyman Cəfərov olub. O da hadisənin birbaşa şahidi olmayıb. Suallara cavab verən Süleyman Cəfərov onlarla barışığa bircə dəfə cəhd edildiyini, amma razılaşmadığını deyib: "Əmisi uşaqları bir ay sonra zəng elədi ki, gəlmək isrəyirik. Mən də dedim ki, lazım deyil. Bu qədər vaxta niyə gəlmirdilər? Ağsaqqalları, ailəsi bir dəfə də gəlməyiblər".

Məhkəmədə digər şahidlər də dindirilib. Q.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (soyuq silah saxlama) maddələri ilə ittiham edilir.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR