MTN sabiq nazirin həbsi ilə bağlı açıqlama yaydı
Nazirlik rəsmisinin sözlərinə görə, o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə tutulub və təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Nicat Quliyevin kimliyi ilə bağlı ötən sayımızda manşetdən dərc etdiyimiz “Sabiq nazirin həbsinin şok səbəbləri üzə çıxır” sərlövhəli yazıda bəzi məlumatları paylaşmışdıq. Qeyd etmişdik ki, N.Quliyev Azərbaycan tarixinin ən məşhur simalarından olan, himnimizin müəllifi Əhməd Cavadın nəsli ilə qohumdur. O, Əhməd Cavadın oğlu, bir neçə il əvvəl dünyasını dəyişən Yılmaz Axundzadənin qızının həyat yoldaşıdır. Əslən Şəmkirdən olduğu deyilən Nicat Quliyev heç vaxt rəsmi olaraq xarici iqtisadi əlaqələr naziri deyil, nazir əvəzi olub. 1999-cu ildə nazirlik ləğv edilib İqtisadi İnkişaf Nazirliyinə birləşdiriləndən sonra onun da karyerasında enmə başlayıb. 2005-ci il seçki ərəfəsi yaradılan “Müstəqil qəzet”in maliyyə bossu da Nicat Quliyev olub. Belə məlumatlar var ki, onun 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbsinə səbəb Fərhad Əliyevlə bağlılığı olub. Belə ki, onların şərikli biznesi varmış. Onun eks-spiker Rəsul Quliyevlə biznes əlaqələrinin olması xəbəri də var.
Aldığımız son məlumat isə belədir: “Nicat Quliyev 2005-ci ildə Azərbaycana gəlməzdən əvvəl Gürcüstanın Acarıstan Muxtar Respublikasında çalışıb. Muxtar Respublikanın o vaxtki rəhbəri Aslan Abaşidzenin ən yaxın adamlarından olmaqla Acarıstanda nüfuzlu simalardan biri olub. Gürcüstanda ”narıncı inqilab"la hakimiyyətə gələn Saakaşvili Rusiyameyilli Aslan Abaşidzeni bir gecənin içində ölkədən qovub əmlakını dövlət nəfinə keçirəndə onun yaxın silahdaşı Nicat Quliyev də Muxtar Respublikanı tərk etmək məcburiyyətində qalıb. Abaşidze ilə Moskvaya üz tutan Nicat Quliyev az sonra Azərbaycana gəlib və burada siyasi proseslərə qoşulmağa çalışıb. Onu Abaşidze ilə qohumluq telləri də bağlayır".
Qaynağımız deyib ki, N.Quliyevin həyat yoldaşı ana xətti ilə A.Abaşidze ilə qohumdurlar: “Dahi şairimizin həyat yoldaşı Şükriyyə xanım türk-acar əsillidir və Abaşidze nəslindəndir. Bu cür qohumluq əlaqələri o dövrdə Aslan Abaşidze ilə Nicat Quliyevin yaxın münasibətlərinə gətirib çıxarıb. Türkiyədə böyük hörmət və ehtiramla anılan Əhməd Cavadın nəvəsi ilə izdivacda olması N.Quliyevə qonşu dövlətdə siyasi qüvvələrlə yaxın münasibətlər qurmasına yol açıb. Acarıstandan qovulandan sonra Azərbaycanda məskunlaşdığı dövrlərdə N.Quliyev CHP-nin o dövrdəki başqanı Dəniz Baykalla yaxın münasibətləri ilə öyünüb. Bakıda ”Müstəqil qəzet" çıxardığı dövrlərdə özünün Türkiyəyə səfərləri haqda maliyyələşdirdiyi qəzetdə tez-tez yazılar dərc olunub".
Qaynağımızın “çox zəngin biri” kimi barəsində danışdığı N.Quliyevin “Müstəqil qəzet”ə xeyli maliyyə ayırdığını və qəzetdə Rusiyameylli xəttə üstünlük verilməsi ilə bağlı direktivlərinin olduğunu bildirib.
N.Quliyevin həbsinə toxunan qaynağımız deyib ki, 2005-ci ildə həbs olunandan sonra azadlığa buraxılması üçün xeyli çabalar göstərib: “Onun xahişini bir çox tanınmış simalar etsə də, Nicat Quliyev azadlığa Naxçıvan Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun xahişindən sonra qovuşa bilib. Hər halda 2005-ci ildə N.Quliyev azadlığa buraxılarkən yayılan bu xəbər hələ də təkzib olunmayıb”.
Xatırladaq ki, xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyev Ramazan bayramının ilk günü - avqustun 8-də həbs olunub. Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə onun öz bağ evində tutulub. MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb.






