MTN 42 dindarı yaxalamaq üçün burada əməliyyat keçirib - FOTOLAR
Dünən Milli Təhlükəsizlik Nazirliyi və polis əməkdaşları Yasamal rayonu ərazisində dindarlara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 42 dindar saxlanılıb.
Musavat.com xəbər verir ki, əməliyyat Yasamal rayonunda Mirəli Seydiov 22 ünvanında yerləşən “Farklı Lahmacun” çay evində həyata keçirilib. Hadisə yerində olan əməkdaşımız ətrafda olanlardan hadisənin təfərrüatlarını öyrənməyə çalışıb.
Əvəlcə onu qeyd edək ki, çay evi hazırda bağlıdır. Çay evinin ətrafında olan bir neçə mağaza da işləmir. Səbəb isə həmin mağazaların sahiblərinin də dünən keçirilən əməliyyat zamanı saxlanılmasıdır.
Hadisə şahidlərinin dediklərinə görə, dünən axşam namazdan sonra bir qrup şəxs çay evinə gəliblər. Şahidlərin sözlərinə görə, belə görüşlər çay evində demək olar ki, hər gün olur.
Çay evinin yerləşdiyi ərazidə yaşayan gənc bunları deyir: “Hər gün axşam namazlarından sonra çay evində müştəri olur. Biz də görürdük. Elə yığışıb normal şəkildə çay içib, söhbət edirdilər. Dünən də burada olanların əksəriyyəti hər gün gələnlər idi. Əməliyyat olmamışdan əvvəl buradan keçdim. Həmişə olduğu kimi sakitlçilik idi. Sonra səhər eşitdim ki, axşam burda olanların hamısını aparıblar”.
Mağazların yanında işləyən “moyka”da çalışan şəxsdən hadisə barədə soruşuruq. Əvvəlcə bu haqda danışmaq istəsə də, sonra fikrini dəyişərək hadisədən xəbərsiz olduğunu, çay evi və digər mağazaların niyə bağlanmasından xəbərsiz olduğunu dedi.
Xatırladaq ki, əməliyyatın keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda da saat 21 radələri olaraq göstərilib. Yəni axşam namazdan sonra dindarlara buraya tolaşdıqdan sonra əməliyyat keçirilib. Əməliyyatın keçirildiyi çay evi Yavər Fərzəliyevə məxsusdur.
Qeyd edək ki, çay evi “İlahiyyat” məscidinin yaxınlığındadır. Bu ərazidə dindarlara məxsus xeyli sayda mağazalar var. Bu mağazalarda dini geyimlər, ətirlər, qida məhsulları satılır.
DİN-in yaydığı rəsmi məlumatda bildirilir ki, Yasamal Prokurorluğu, MTN-in Rayon İdarəsi və Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində çay evinin zirzəmisində qanunvericiliklə müəyyən edilməmiş qaydada təşkil olunan dini yığıncaqda iştirak edən, aralarında azyaşlılar da olmaqla 42 nəfər saxlanılıb.
Məlumata görə, həmin ünvana baxış zamanı dini nifrət aşılayan və dözümsüzlüyü təbliğ edən müxtəlif məzmunlu kitablar və digər növ ədəbiyyat aşkar edilərək götürülüb.
Qanunsuz yığıncağın təşkilatçıları - Zaqatala rayon sakinləri Kamran Mustafayev, Adil Rəcəbov və Bakı şəhər sakini Zaur Şabanov şübhəli şəxs qismində saxlanılıb və barələrində Cinayət Məcəlləsinin 168-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını qəsb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Digər iştirakçılar haqqında isə inzibati qaydada protokol tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
İlkin Muradov
Musavat.com
Fotolar müəllifindir.






