İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başlayıb-YENİLƏNİB FOTO

689 19.05.2023 18:49 Gündəm A A

Mayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Bu barədə Musavat.com-a Azərbaycan XİN-dən məlumat verilib.  

Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.

C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.

Eyni zamanda Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Msuavat.com TASS-a istinadən xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”nə gəliblər.

Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Əlavə məlumat veriləcək.

Msuavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR