İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moody’s”un iqtisadi vəziyyətə sıfır qiyməti: qərəz, yoxsa...

1237 27.07.2016 08:30 İqtisadiyyat A A
Beynəlxalq "Moody’s" agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozu pisləşdirib. Agentlik iyunda verdiyi proqnoza yenidən baxaraq, real ÜDM-in artımını 1%-dən 2017-ci ildə 0%-ə qədər endirib. Məlumata görə, 2016-cı ildə agentlik ÜDM-in 0,7%-ə qədər azalacağını proqnozlaşdırır.

Moody’s  maliyyə sektorunda vəziyyətin pisləşməsini, devalvasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsirini və ikirəqəmli inflyasiyanın artmasını nəzərə alaraq, ölkə iqtisadiyyatının inkişaf sürətinin azalmasına gətirib çıxara biləcək risklərin olduğunu qeyd edirdi. Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi energetika bazarlarının qiymətləndirmələri və neft qiymətləri ilə bağlı ümidlərin azalması ilə əlaqədardır. Bundan başqa, "Moody’s" Azərbaycanın maliyyə sisteminə təzyiqin artmasını, ödəmə balansının vəziyyətini, habelə milli valyutaya etibarın azalmasını və bank sisteminin dollarlaşmasını qeyd edib.

ÜDM-ə nisbətdə xarici borcun 2014-cü ildə 11,2%-dən ilin sonuna qədər 29,6%-ə qədər artacağı proqnozlaşdırılır.

"Moody’s"un proqnozlarına nəzər salsaq, Azərbaycan hökumət rəsmilərinin açıqlamaları ilə ziddiyyət təşkil etdiyinin şahidi olarıq. Belə ki, rəsmilər inflyasiya olsa belə, bu il azərbaycanda iqtisad artım olacağını istisna etmir, beynəlxalq təşkilat isə qəti şəkildə neqativ proqnoz verməkdən çəkinmir. Bəs görəsən, hansı tərəf daha çox reallığa söykənir? Gerçəkdə ölkə iqtisadiyyatı ilə bağlı statistik göstəricilər necədir? 

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, rəsmi statistikada da Azərbaycanda iqtisadi artım deyil, iqtisadi azalma olacağı qeyd olunur: “2016-cı ilin 6 ayının yekunları da ümumdaxili məhsulda azalmanın olduğunu deyir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və birinci rübdə qeyri-neft sektorundakı azalmalar nəticə etibarilə 2016-cı ilin birinci yarısında Azərbaycanda ÜDM-də azalma ilə nəticələndi. Statistika Komitəsinin rəsmi məlumatına əsasən, Azərbaycanda iqtisadi artım 3,4 faiz azalıb, qeyri-neft sektorunda 6,1 faiz azalıb, inflyasiya səviyyəsi isə 10, 5 faiz müəyyənləşib. Diqqət yetirsək, rəsmi statistika heç də beynəlxalq təşkilatların təqdim etdiyi statistikadan fərqli deyil. 


Statistikanın özündə də azalmalar var və bu azalmalar da rəsmi rəqəmlərdə öz əksini tapır. 2016-cı ilin iqtisadi göstəricilərində azalmaların olacağı gözlənilən idi. Çünki neftin qiymətinin aşağı olduğu dövrdə qeyri-neft sektoru da yaxşı inkişaf etmir, alıcılıq qabiliyyəti aşağı düşür. İnşaat sektoru qeyri-neft sektorunun aparıcı sahələrindən biri idi. Lakin bu sektorda da 2016-cı ilin birinci yarısında kəskin azalmalar müşahidə olundu. İnşaat sektorundakı azalma nəticə etibarilə ÜDM-də azalmalara səbəb oldu. Bir sektorda kəskin azalma nəticə etibarilə digər sektorlara da təsir edir. Rəsmi statistikaya əsasən inşaat sektorunda bu il 33,6 faiz azalma qeydə alınıb. Bu da ÜDM-də azalma deməkdir”. 

İqtisadçı ekspert beynəlxalq agentliyin proqnozunun doğrulmasının neftin qiymətindən və ölkədə qeyri-neft sektorunda aparılan iqtisadi islahatların effektivliyindən asılı olduğunu bildirdi: “Güman olunur ki, neftin dünya bazarındakı qiymətinin artmayacağı halda 2016-cı ilin ikinci yarısında da azalmalar olacaq. Çünki ixracatın 80 faizi neft sektorunun payına düşür və bu baxımdan neftin qiyməti əsas rol oynayır. "Moody’s"un hesabatında göstərilən rəqəm birbaşa dünya bazarında neftin qiyməti ilə bağlı proqnozlara əsaslanıb. Neftin qiyməti indiki səviyyədə qalsa, Azərbaycan iqtisadiyyatında artım olmayacaq, lakin yüksələrsə ölkənin gəlirləri yüksələcək. Qeyri-neft sektorunda aparılan islahatların nəticəsini qısamüddətli dövrdə əldə etmək mümkün deyil. Bu sahədə aparılan islahatlar bir neçə ildən sonra öz nəticəsini göstərə bilər. Qısamüddətli dövrdə neftin qiyməti əsasdır, uzunmüddətli strateji dövr üçün isə islahatlar həyata keçirilməli və onların nəticələri hesablanmalıdır”.


Milli Məclisin iqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da “Yeni Müsavat”a açıqlamasında hesabatda qeyd edilən rəqəmlərin müəyyən qədər doğru olduğunu, lakin iqtisadi artımın sıfıra düşməyəcəyini qeyd etdi: “Beynəlxalq təşkilatlar tez-tez belə bəyanatlarla çıxış edirlər və bəzən də qərəzli mövqe tuturlar. Məlumdur ki, Azərbaycan iqtisadiyyatında müəyyən problemlər var. İqtisadi artımın yüksək səviyyədə olmasını gözləmək də düzgün olmazdı. Amma mən təxminən 1-2 faiz səviyyəsində iqtisadi artım gözləyirəm. Çünki kənd təsərrüfatı ilə əlaqədar müəyyən irəliləyişlər var. Digər sahələrdə də müəyyən işlər görülür. İlin axırında müəyyən artım ola bilər. İnflyasiya təbii ki, var. Çünki manatın devalvasiyası bu prosesin hələ müəyyən qədər davam edəcəyini göstərir. Ancaq ümumilikdə hökumət tərəfindən müəyyən işlər görülür. "Moody’s" agentliyinin açıqlamasına gəlincə, onlar da müəyyən araşdırmalar aparır, proqnozlar verirlər. Həmin proqnozların heç  də hamısı düz olmur, yanlış informasiyalar da olur. Lakin ümumi götürsək, Azərbaycan iqtisadiyyatında müəyyən problemlər var. O problemlərin həlli üçün islahatlar həyata keçirilməlidir, bir də bank sektoru sağlamlaşdırılmalıdır. Banklar normal kredit verməyə və sahibkarlığın inkişafında rol oynamağa başlamalıdırlar”. 

Xarici borcun artmasına gəlincə, V. Əhmədov bildirdi ki, belə bir tendensiya var və hökumət bu artımın sürətlənməsinin qarşısını almalıdır: “Belə bir problem var. Lakin biz xarici borcu çox ciddi problem hesab edirik. Elə ölkələr var ki, xarici borcu elə ümumdaxili məhsulunun həcminə bərabərdir. Çalışmaq lazımdır ki, borcun həcmi çox artmasın. Son illərdə Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti 8 faizdən artıq olmayıb. Lakin hazırda xarici borcun həcmi artıb, ilin sonuna qədər yenidən arta bilər”. 

Vahid Əhmədov onu da diqqətə çatdırdı ki, beynəlxalq agentliklərin bu cür hesabatları Azərbaycanın kredit reytinqinə mənfi təsir  edir: “Bu agentliklərin hesabatları ciddi şəkildə izlənir və nəzərə alınır. Bu baxımdan, Azərbaycanın kredit reytinqinin düşməsinə müəyyən qədər səbəb olacaq. Çünki istənilə maliyyə qurumları dövlətə kredit verəndə o reytinqləri nəzərə alırlar ki, o dövlətin maliyyə vəziyyəti necədir. Bunlar nəzərə alınır. Son vaxtlara qədər elə bir ciddi problem olmamışdı. Lakin ümumi dünyada gedən proseslər fonunda Azərbaycan iqtisadiyyatında da problemlər yaşanır. Bu proses MDB məkanında daha sürətlə gedir”. 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR