Bu qəbil yazıları, yəni fərdlərə və müəssisələrə bağlı olanları az yazaram, bəlkə heç yazmaram, çünki ağzıgöyçəklərimiz çoxdur, yüz yerə yozurlar. Heç ağıllarına da gəlmir ki, bunu həm də səmimiyyətindən edə bilərsən. Onda düşünürsən ki, kim nə deyir, desin, sən də öz bildiyini, daha dəqiqi, düz bildiyini deməlisən, vəssalam.
Milli Onkoloji Mərkəzin həkimlərindən, rəhbərliyindən yazılanlar. Öncə deyim ki, yazıda Azərbaycan səhiyyəsinin mövcud problemlərinə toxunmaq istəmirəm. Çünki anam da səhiyyə işçisidir. Yəni, nə var, nə yox, necə deyərlər, düz “mətbəxin içərisində” olduğum üçün dəqiq bilirəm. Hətta dəfələrlə tənqidlərim də olub. Səhiyyə Nazirliyi, ayrı-ayrı xəstəxanalar və həkimlərə, özü də ünvanlı. Demək istədiyim odur ki, problemlər var, amma hər yer, hamı qara rəngdə deyil axı...
Milli Onkoloji Mərkəz və ətrafında baş verənlərdə dərinliklərə getmək istəmirəm. Çünki görünən dağ bələdçi istəməz. Aydın mənzərə var, danışılanların əksəriyyəti komanda marağına, kimisə şantaja yönəlikdir. Baş verənlərin kökündə əsla və əsla vətənpərvərlik, canıyananlıq dayanmır. Bu, həm də məmləkətin nəfəsini kəsən məsələdir. Şəxsi maraqlar, intriqalar, şantajlar və insanların yaxşısını yox, ancaq pisini güdmək, ağbirçəklər demiş, püçürünü axtarmaq...
...Milli Onkoloji Mərkəzə gəlincə, ərtaf ölkələrlə müqayisədə ən böyükdür, ən ucuzdur, ən səviyyəli təşkil olunub. Xəstələrə münasibətdə kimsənin yox, özümün qarşılaşdığım bir məqamı danışmaqda fayda görürəm.
Atama uzun müddətdir mədə xərçəngi diaqnozu qoyulubmuş. Bakıda yaşadığım üçün bura gəlmək istəməyib. Ölümcül bir xəstəliyin müalicəsindən imtina edib, sırf mənə əziyyət olacaq deyə. Ailənin illərdir həm də “oğlan” cocuğu funksiyasının icraçısıyam. Atam xərçəng yükünü çiynimə qoymaqdan utanıb, sonu ölümdür axı. Xəstəxanada çalışan həkim dostlardan birinin təsadüfi məlumatı çaşdırdı məni. Zəng vurub dedi ki, bəs ananla atan müayinə üçün gəlir hər gün, sən hardasan? Ağlıma ilk gələn bu oldu ki, yəqin sənə deyilməyib. Uzun mübahisədən sonra müayinəyə xərəkdə gətirilən adamın atam olduğuna inana bilmirdim. İlk dəfə o gün getdim Milli Onkoloji Mərkəzə -MOM-a...
İlk yoxlanışın nəticəsi: Atanız xərçəng deyil, müalicə düz getmir, təcili dayandırılmalıdır.
Qulağıma inana bilmirdim. Hətta atama deməyə belə qorxdum ki, birdən bu da düz diaqnoz olmaz. Əlqərəz, MOM həkimləri yeni gətirilmiş avadanlıqla hər cür müayinədən keçirdilər onu. Dəqiq qərar verildi: xərçəng deyil. Bəs nə baş verib? Sadəcə qaraciyərə soyuqdəymə nəticəsində hansısa funksional pozğunluq yaranıb, o da başqa bir orqanda fəsad törədib. Beləcə, adını dəqiqləşdirmədən mədə xərçəngi diaqnozu qoyublar. Əgər orada hər kəs gerçəkdən də qazanmaq, böyük pul və sair niyyətində olsaydı, dəqiq mənim atam da, onlarca digərləri də həyatda deyildi artıq. Və ən vacib məqam onlar mənim jurnalist olduğumu bilmirdilər. Bəlkə heç bu yazıdan da xəbərləri olmayacaq. Amma vicdan və hər qaranlıqda bir işıq var niyyəti ilə mütləq yazılmalı idi bu yazı...
...Hər hansı komanda oyunlarına qatılan adam deyiləm. Heç bir komanda işində işim olmaz. Sadəcə, demək istədiyim odur ki, adamları söyəndə də, sevəndə də ədalətli, vicdanlı olmaqda fayda var. Məkr, kin və mənfəət güdmək heç vaxt uğur gətirmir.
Atamın bu gün həyatda olmasına görə o mərkəzə, həkimlərə bir minnətdarlıq borcum var idi. Ətraflarında oynanılan bu oyunu görüb susa bilmədim o üzdən. Yazdım ki, həm də belə işlər görə bilir MOM rəhbərliyi və həkimləri. Bir də lap qatı qaranlıq olsa belə, çox vacib bir məqam var. Qaranlıqlara işıq salmaq üçün bir az sayğı, bir az sevgi və diqqət gərəkdir. Onu da təkcə ittiham elədiyimiz adamlar deyil, həm də biz bacarmalıyıq...
Qaldı ona ki, bizdə bahalıqdır. Burda həm həqiqət var, həm də yoxdur. Var o mənada ki, ölkədə insanların maddi durumu son dərəcə bərbaddır. Ağır xəstəliyə düçar olanlar ən xırda ödənişlərin öhdəsindən gələ bilmir. Yoxdur ona görə ki, məsələn, İsraildə əlli beş min dollara keçirilən qırtlaq xərçəngi əməliyyatını Azərbaycanda səkkiz yüz manata edirlər. Bu xəstəliyin əməliyyatı üzrə ixtisaslaşmış azərbaycanlı mütəxəssislərin öncüllərindən biri professor Əziz Əliyevdir. Heç nə demirəm, sadəcə iki rəqəm, bir cuhud həkimin əməliyyatına verilən əlli beş min dollarla, bir azərbaycanlı həkimin səkkiz yüz manata keçirdiyi əməliyyatı GÖRƏK. Əgər görə bilsək onda bizim gələcəyimizə bəlkə də ümid var... Yoxsa elə bu oyuna getmək də MOM-un özünün “xərçəng”ə yoluxmasına gətirəcək. Yəni illərdir əziyyət çəkilib qurulan bir işi bezib sonlandıracaqlar. Bu, Bakıda müalicə üçün beş-on manata zorla gücü çatan biçarə azərbaycanlı xəstəyə böyük zərbə olacaq, kimlərəsə mənfəət...






