İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Azərbaycanlıları Konqresi yeniləndi: sədr və şura üzvləri dəyişdi – REPORTAJ

3538 14.12.2019 20:23 Reportaj A A

Səfir Qüdsi Osmanovdan sensasion iddia: "Burada 6 il səfir işləmiş İsfəndiyar Vahabzadə öz şəxsi işləri, kefi ilə məşğul olub"

Dekabrın 13-də Kişinyov şəhərində Moldova Azərbaycanlıları Konqresinin (MAK) növbədənkənar konfransı keçirildi. Kişinyov şəhər Filarmoniyasında baş tutan tədbir Azərbaycan və Moldovanın dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

                                                 *
Öncə bir xatırlatma edək: Moldovaya gələrkən Kişinyovdakı aktiv soydaşlarımızla söhbət zamanı bəlli oldu ki, diaspor təşkilatının fəaliyyəti ilə bağlı narazılıqlar var. Hansı ki, 2017-ci ildə Moldovada olarkən MAK-da durum ürəkaçan idi. Əlbəttə, çatışmazlıqlar, narazı müəyyən adamlar vardı. Lakin ümumi mənzərə qənaətbəxş idi. Hətta digər ölkələrdəki diasporlarla müqayisədə MAK-ı nümunə göstərmişdik. O zaman sədr Vüqar Novruzovdan da geniş müsahibə almışdıq. Obyektivlik naminə, şahidi olmuşduq ki, o, bir çox faydalı işlər görür, Konqres təbliğat işində aktivdir və s.

Bu dəfə isə diaspor fəallarının bir çoxunu narazı, gileyli gördük. Təbii, burada subyektiv meyarlar da var və narazı soydaşlarımızı da dinləməyi ümumi maraqlar naminə borc bildik: Bəlkə bilmədiyimiz nələrsə var?

Narazılar - onların sayı heç də az deyil - əsas problem kimi isə bu göstərirdi ki, 10 ildir MAK-ın konfransı keçirilmir, konfliktlər mövcuddur və qurumun fəaliyyəti zəiflyib. Ötən illər ərzində bir sıra soydaşlarımız səfirliyə mütəmadi olaraq  diasporla bağlı şikayətlər ediblər. Son aylarda isə bu şikayətlər kütləvi hal alıb. Azərbaycanlılar kütləvi müraciətlə səfirlikdən kömək istəyiblər, MAK-ın növbədənkənar iclasının çağırılmasını, diasporun güclənməsi üçün yeni Şura və sədr seçkiləri keçirilməsinin vacibliyini bildiriblər.

Nəhayət, səfirlik vəziyyətin gərginliyini nəzərə alaraq, məsələyə reaksiya verib, prosesi tənzimləmək üçün müvafiq addımlar atıb, Moldovadakı Azərbaycan diasporunun güclənməsi naminə gərəkən köməkliyi göstərəcəyini bildirib. Nəticədə diaspor fəallarının kollegial qərarı ilə MAK-ın növbədənkənar iclasını çağırıb, sədri və Şuranın tərkibini tamamilə dəyişmək qərarına gəlinib.

                                         *
Növbədənkənar toplantıda elan edildi ki, iclasın gündəliyinə MAK-ın yeni Şura üzvlərinin, Təftiş Komissiyasının və sədrinin seçilməsi daxildir.

Öncə iclasın sədarəti müəyyən edildi. İclasa Moldovadakı nüfuzlu soydaşımız, “LUKoil Moldova”nın prezidenti Firuz İsayevin sədrlik etməsi təklifi səsə qoyuldu və yekdilliklə təsdiqləndi. Həmçinin, Heybət Məcidov iclasın katibi seçildi.

Firuz İsayev qısa çıxış edərək, soydaşlarımızın diaspor fəaliyyətini gücləndirməsinin vacibliyindən danışdı. O, ötən illər ərzində görülən işlərə görə Konqresin sabiq sədri Vüqar Novruzova təşəkkür etdi, habelə çatışmazlıqları vurğuladı. Həmçinin bildirdi ki, Moldovadakı Azərbaycan diasporunun təmsilçiləri, xüsusi ilə gənclər dövlət qurumlarında, bələdiyyələrdə, hüquq-mühafizə orqanlarında, parlamentdə təmsil olunmağı qarşılarına məqsəd qoymalıdır: “Bu gün artıq dünyanın o mərhələsidir ki, milliyyətindən asılı olmayaraq hər hansı şəxs yaşadığı ölkədə prezident də seçilir. Buna dair bir neçə ölkəni nümunə göstərmək olar, məsələn Rumıniya, Ukrayna. Gənclər dövlət strukturlarında çalışmaq üçün mütləq yaşadığı ölkənin ana dilini öyrənməlidir ki, onları işə götürsünlər, bunsuz mümkün olmayacaq”.

Firuz İsayev ilk dəfədir ki, bu qədər azərbaycanlını bir yerdə gördüyünü və hazırkı mənzərədən çox məmnunluq hissi keçirdiyini bildirdi: “Biz daha da güclənməliyik, bunun üçün yeniliklər etməliyik”.

Firuz İsayev konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, bu konfransda seçilən Şura və sədrin səlahiyyət müddətinin 3 ay olması təklif edilib: “Təklif belədir ki, yeni Şura və sədr aprel ayınadək MAK-ı idarə edəcək. Biz belə bir fikrə gəlik ki, apreldə yenə növbədənkənar konfrans çağırıb, həm nizamnamədə dəyişiklik edək, həm də ən uyğun şəxsi yeni sədr seçək. İndi seçilən Şura və sədr təşkilatı 3 ay ərzində idarə edəcək və növbəti konfransa dair hazırlıqlı işlərini görəcək”.

Yeni Şura üzvləri

Bu təklif yekdilliklə qəbul olundu.

Daha sonra MAK-ın sabiq sədri Vüqar Novruzov hesabat xarakterli çıxış etdi, sədr olduğu 15 il ərzində görülən işlərdən danışdı, həmçinin çatışmazlıqları qeyd etdi. Bildirdi ki, sədr olduğu müddətdə bacardıqlarını əsirgəməyib. Daha sonra o, istefasını açıqladı, MAK-ın yeni Şura və sədrinə uğurlar arzuladı. Daha sonra Moldova Prezidenitin etnik məsələlər üzrə müşaviri Sergey Mişin və Moldova Etnik Məsələlər Agentliyinin baş direktoru Nikolaye Reditse çıxış etdilər, Azərbaycan diasporunun daha da güclənməsinin vacibliyindən, görülən və görülməli olan işlərdən danışdılar. Onlar həmçinin, Vüqar Novruzova, Müharib Allahverdiyevə uzun müddət diaspor fəaliyyəti göstərdiklərinə görə  təşəkkürnamə təqdim etdilər.

Bu zaman maraqlı bir hal yaşandı: Zaldakı soydaşlarımızın bəziləri adları qeyd edilən şəxslərə diplomlar verilməsinə etirazlarını bildirdilər.  

Bundan sonra Şura üzvlüyünə namizədlər elan edildi.

Ramiz Ansarov, Coşğun Quliyev,  Heybət Məcidov, Ruslan İsmayılov, Elçin Bayramov, Səfər Məmmədov, Rafiq Abdulrəhimov, Teymur Bayramov, Rəşad Abbasov, Sultan Əliyev, Zamir Qubadov yeni Şuraya üzv təklif olundular.

Daha sonra aşağıdakı 3 nəfərin Təftiş Komissiyasına namizədliyi verildi:

-         Ramil Mustafayev

-         Orxan Qarakiiyev

-         Ramil Rzayev
 
Bundan sonra Moldovanın müxtəlif bölgələrindən gələn diaspor təmsilçilərinin çıxışları dinlənildi.

Sonda çıxış edən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov “bu gün sizin üçün tarixi gündür, çünki çoxdandır bu qədər azərbaycanlı bir yerə toplanmırdı” deyə, sözə başladı: “Bu, çox yaxşı haldır. Aktivləşmək bütün ölkələrdə olduğu kimi, sizin vətəndaşı olduğunuz ölkədə də vacibdir. Diaspor daxilində durğunluq qətiyyən yaxşı hal deyildi. Sədriniz olmuş Vüqar Novruzov öz çıxışında görülən işlər haqqında danışdı. Təbii ki, yaxşı halları söylədi, amma çatışmazlıqlar da çoxdur. Bu da təbiidir, bundan küsməyə, inciklik olsa da dərinləşdirməyə ehtiyac yoxdur və bu, lazım da deyil. Neçə illərdir ki, Azərbaycanın səfirliyi sizin ölkənizdə fəaliyyət göstərir, mən burada üçüncü səfirəm. Hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq soydaşımızdır və onun arxasında Azərbaycan dövləti dayanır. Azərbaycan dövləti çalışır ki, sizin yaşadığınız ölkədə, yaratdığınız kiçik yurdda hüquqlarınız qorunsun, vəziyyətiniz yaxşı olsun. Azərbaycan Prezidenti Cənab İlham Əliyev xarici ölkələrə səfirlər təyin edərkən, birinci tapşırığı bu olur: “Mənim soydaşlarımın hüququnu qoruyun. Onların şəraitinin yaxşılaşması, təşkilatlanması üçün səylər göstərin”. Təşkilatlanma üçün isə normal fəaliyyət göstərən diaspor  təşkilatınız olmasa, sizlər güc sahibi ola bilməzsiniz”.

Qüdsi Osmanov Azərbaycan dövləti ərazisində özünə dövlət quran ermənilərin 1988-ci ildə növbəti dəfə torpaq iddiasına düşdüklərini və 20 faiz ərazimizin işğal olunduğunu qeyd etdi: “Biz yalnız 1993-cü ildə xalqımızın dəvəti ilə mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun iradəsi sayəsində və onun ətrafında yumruq kimi birləşərək, ermənilərə qarşı mübarizə aparmağa nail ola bildik. Bu mübarizədə qələbə çalmaq üçün xalqımızın övladlarının həmçinin savadlı, təhsilli olması, doğru tərbiyəsi və gələcəyə düzgün istiqamətlənməsi lazımdır”.

Səfir Qüdsi Osmanov

Qüdsi Osmanov dedi ki, 80-ci illərin ortalarından xaricə üz tutan azərbaycanlıların bir qismi Moldovaya gəliblər: “Bura indi həm də sizindir. İndi 50-60 yaşında olan soydaşlarımız yataqxanalarda bir çarpayıda yatardılar, işləyib çörək qazanırdılar, həmçinin diaspor təşkilatı qurub mübarizə aparmağa çalışardılar. Onda bütün azərbaycanlıların bir düşməni vardı, erməni separatizmi. İllər keçdi, zaman keçdi, soydaşlarımız daxilimizdə düşmənlər axtarmağa başladılar. İndi şikayətləri dinləyərkən aydın olur ki, diaspor təşkilatımızı az qala klub səviyyəsinə endiriblər, bir qrup adamın maraqlarına xidmət göstəriblər, öz maraqlarını önə çəkiblər. Digər soydaşlarımıza isə ogey münasibət bəslənilib. Ən təhlükəli amil və yaranmış konfliktin də səbəbi elə budur. Bir çox ölkələrdəki diaspor qurumlarında bu xoşagəlməz hal var. Bunun səbəblərindən biri də bizim səfirliyimizin o zamankı rəhbərliyinin yarıtmaz fəaliyyəti olub.  Burada ilk səfirimiz olan İsfəndiyar Vahabzadə 6 il öz şəxsi işləri, kefi ilə məşğul olub. Maksimum 5-6 azərbaycanlı tanıyıb burada, bütün günü onlarla yeyib-içib, əylənib. Konqresin fəaliyyətinin güclənməsinə, dedi-qoduların aradan qalaxmasına maraq göstərməyib, bəzən bu konfliktləri özü yaradıb və nəticə etibarı ilə mövcud vəziyyət yaranıb...

Vüqar Novruzovun gördüyü işlər əlbəttə var, nəyi bacarıb edibsə, buna görə təşəkkür etmək lazımdır. Ancaq görülməyən işlər də çoxdur və buna görə günahın 15 faizi Vüqar Novruzovundursa, 85 faizi də məhz həmin səfirlərin olub. Vüqar müəllimin ətrafına yığışanların da öz maraqları olub, onların da günahı az deyil. Mən bu haqda çox danışmaq istəmirəm, bu tarixdə qaldı artıq. Lakin biz indi nəyin şahidi olduq? Birlikdə apardığımız işlərin nəticəsində hamımız bir yerdəyik və sanki heç nə olmayıb. Biz azərbaycanlılar buna qadirik! 3 ay ərzində biz yaranmış vəziyyətdən çıxmaq üçün birlikdə çalışdıq və uğurlu bir sonluğa nail olduq. Yenilənmiş Moldova Azərbaycanlıları Konqresi bütün azərbaycanlıların tələbinə cavab verəcək, buna şübhəniz olmasın! Belə qərarlaşdırdıq ki, bu gün seçilən Şura 3 ay müddətində bir işçi qrup funskiyasını da yerinə yetirəcək, 3 aydan sonra keçiriləcək növbəti konfransdan sonra da MAK hər birinizin maraqlarını təmin edəcək qurum olacaq. Siz birlikdə elə çalışacaqsınız ki, yalnız Vüqar Novruzov, Müharib Allahverdiyev  yox, bütün azərbaycanlılar mükafatlandırılacaqlar. İnanıram ki, gələcəkdə hər birinizin övladları burada yüksək vəzifələr tutacaqlar, əslində, sizin üçün ən böyük mükafat, fəxri fərman bu olacaq və olmalıdır. Orden-medallarınız yüksək kürsülərdən səsləri gələn balalarınız olacaq! Məhz bunun üçün çalışmaq lazımdır, onda siz güclü olacaqsınız. Bu olmasa, siz Azərbaycançılıqdan da uzaqlaşacaqsınız. Bu, baş verməməlidr. Gənclər bu işləri görsün, biz də onların nailiyyətlərinən ləzzət alaq. Unutmayın, Moldovada yaşayan azərbaycanlılar burada səfirliyin əsas dayağı, əsas qollarından biri olmalıdır”.

Qüdsi Osmanov bütün azərbaycanlıları səfirliyin nüfuzunun yüksəldilməsi üçün çalışmalı olduğunu dedi: “Çünki bura sizin evinizdir və daim qapıları üzünüzə açıqdır, ora gedin gəlin, daim sıx əlaqəniz olsun. Sonda sizə uğurlar arzulayıram və əlimizdən nə kömək gələrsə onu edəcəyimizi bəyan edirəm”.

İclasın yekununda yekdilliklə təklif edilən Şura və Təftiş Komissiyasının üzvləri təsdiqləndi. Həmçinin, Heybət Məcidovun 3 aylıq müddətdə Konqresə sədrlik etməsi təklifi də qəbul olundu.

İclas bitdikdən sonra soydaşlarımızın bir çoxu bir-birini təbrik edirdilər. Onların davranışları belə təəssürat yaradırdı ki, indi hər kəs diaspor təşkilatını özününkü hesab edir və baş verən yenilikdən sevinirdilər. 

Soydaşlarımızın iclas zamanı fasilələrdə etdikləri söhbətlərdə daha çox diqqəti çəkən isə keçmiş səfir İsfəndiyar Vahabzadənin yarıtmaz fəaliyyəti ilə bağlı idi. Səfir Qüdsi Osmanovun da çıxışında İ.Vahabzadə ilə bağlı toxunduğu məsələləri soydaşlarımız öz aralarında daha detallı şəkildə danışır, onun hansı anormal davranışlar sərgilədiyini açıqlayırdılar. Əlbəttə, bu faktlar diqqətimizdən yayına bilməzdi. Çünki Moldovaya əsasən İsfəndiyar Vahabzadənin anormal fəaliyyətini araşdırmağa gəlmişik. Əldə etdiyimiz ilginc faktları növbəti yazıda təqdim edəcəyik. 

Elşad MƏMMƏDLİ,
Musavat.com,
Kişinyov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR