Mobil telefon bazarında da bahalaşma müşahidə edilir - FOTOREPORTAJ
Dolların manata nisbətdə bahalaşması təkcə ərzaq məhsullarına deyil, mobil telefon bazarına da kəskin təsir göstərib. Əksər telefon markalarının qiyməti 25-30 faiz artıb. Vəziyyəti daha ətraflı öyrənmək üçün paytaxtdakı bir neçə telefon mağazasına baş çəkdik.
Telefon satışı mərkəzlərində demək olar ki, alıcı gözə dəymirdi. Əksər telefon piştaxtaları boşaldılıb, qiymətlər yığışdırılıb.
Telefon satışı ilə məşğul olan Natiq Əliyevin sözlərinə görə, 3 gündür ki, topdansatış mərkəzləri telefon satışını dayandırıb: “Topdansatışdan telefon almaq mümkün deyil. Əvvəllər 500 manata satılan telefonlar indi 800 manata qalxıb. Təsəvvür edin ki, əvvəl 700 dollara gətirdiyimiz telefon manatla 550 manat edirdisə, indi 735 manata başa gəlir. Təxminən 200 manat bahalaşmadan söhbət gedir. Qiyməti 200 manat civarında olan telefonlar 270-300 manata satılır. 50-60 manatlıq ucuz telefonlar 20 manat bahalaşıb. Ancaq qiymət artdığı üçün alıcı yoxdur. Biz özümüz də satmaqda maraqlı deyilik. Çünki baha alırıq və qazancımız olmur. Gözləyirik ki, bəlkə vəziyyət dəyişə...”
Başqa bir telefon mağazasının işçisi isə satışı dayandırdıqlarını bildirdi: “Müvəqqəti olaraq satışı dayandırmışıq. Gördüyünüz kimi, qiymətləri yığmışıq. Rəhbərlikdən yeni qiymətlərlə bağlı tapşırıq gözləyirik. Ancaq bahalaşmanın olacağı dəqiqdir. “Samsung Galaxy S5” markalı telefonun satışı əvvəl 499 manata idisə, indi 849 manata qalxıb. 600 manata satılan “iPhone” markalı telefonlar indi 900 manat olub. Təbii ki, heç kim bu qiymətə telefon almaq istəmir. Demək olar ki, işimiz dayanıb”.
Söhbətləşdiyimiz digər telefon satıcıları da dollar bahalaşdıqdan sonra topdansatış məntəqələrindən mal ala bilmədiklərini vurğuladılar. Müşahidə apardığımız zaman çoxları piştaxtaları boşaltmaqla, köhnə qiymətləri yığışdırmaqla məşğul idi. Telefon almaq istəyənlər isə sadəcə, qiyməti soruşub, geri qayıdırdı.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.






