MKİ-nin işgəncələrinə yardım edən Avropa ölkələrinin adları açıqlandı
ABŞ -ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) işgəncələrinə kömək edən Avropa ölkələrinin adları açıqlanıb.
Avropa.info xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı, MKİ-nin Avropanın müxtəlif ölkələrində qurduğu gizli həbsxanalarına dair hesabat dərc edib.
Hesabatda gizli həbsxanalarının olduğu ölkələrin arasında, Polşa, Rumıniya, Litva, Makedoniya və İngiltərənin adları açıqlanıb.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatında eyni zamanda, Avropanın köməyi olmadan ABŞ -ın uzun illər boyu insanları gizli təcridxanalarda saxlanmasının mümkün olmadığına diqqət çəkilib. Hesabatda MKİ-ya işgəncələrdə kömək edən Avropalılar haqqında da istintaqa başlanması tələb olunub.
Hesabatda Almaniya da tənqid edilib. Alman vətəndaşı Xalid əl Masri 2004-cü ildə MKİ tərəfindən qaçırıldıqdan sonra işgəncəli istintaqa cəlb olunub . Əl Masriyə işgəncə verilməsi faktına ABŞ Konqresində hazırlanan işgəncə hesabatında da yer verilib .
Beynəlxalq Amnistiya Təşkilatı, Alman Federal Məclisində 2009-cu ildən yaradılan Araşdırma Komissiyasını işgəncə faktını ört basdır etməkdə ittiham edib.
Komissiya, MKİ-nin işgəncə proqramına Almaniyanın xüsusi xidmət orqanlarının qoşulub-qoşulmamasını öyrənmək üçün yaradılmışdı. Lakin Almaniyanın xüsusi xidmət orqanları məxfilik bəhanəsi ilə bu komissiyaya sənədləri təqdim etməkdən imtina edib.






